Prezident və xanımı rusiyalı gimnastla görüşdü –FOTO
Ölçü:


Bu gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümumrusiya Bədii Gimnastika Federasiyasının prezidenti İrina Viner-Usmanova ilə görüşüblər.

Koordinat.az
xəbər verir ki, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında idman sahəsində əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə İrina Aleksandrovna Viner-Usmanova Prezident İlham Əliyevin Sərəncamına əsasən “Dostluq” ordeni ilə təltif edilib.

Dövlət başçısı ordeni İrina Viner-Usmanovaya təqdim edib.

Prezident İlham Əliyev Ümumrusiya Bədii Gimnastika Federasiyasının prezidenti İrina Viner-Usmanovanı Azərbaycanın yüksək mükafatlarından olan “Dostluq” ordeni ilə təltif olunması münasibətilə təbrik etdi və onun ölkələrimiz arasında idman və ümumilikdə dostluq əlaqələrinin inkişafındakı rolunu xüsusi vurğulayıb.

Prezident İlham Əliyev İrina Viner-Usmanovaya Azərbaycanda gimnastika məktəbinin yaradılması işinə verdiyi böyük töhfəyə görə də minnətdarlığını bildirdi. Dövlətimizin başçısı İrina Viner-Usmanovanın təkcə Azərbaycanda deyil, dünya idman ailəsində böyük nüfuza malik olduğunu qeyd edərək məhz onun səyləri nəticəsində Rusiya gimnastlarının da uzun illərdir yüksək nəticələr göstərdiyini vurğulayıb. Prezident İlham Əliyev İrina Viner-Usmanovaya gələcək fəaliyyətində yeni-yeni uğurlar arzulayıb.

Xoş sözlərə görə minnətdarlığını bildirən İrina Viner-Usmanova Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən ona göstərilən diqqətdən böyük məmnunluq hissi keçirdiyini qeyd edib.

O, birinci xanım Mehriban Əliyevanın Azərbaycanda bədii gimnastika növünün əsasının qoyulmasında və inkişafında xüsusi rolunu yüksək qiymətləndirdi. İrina Viner-Usmanova Azərbaycanda bədii gimnastika növünə göstərilən qayğıdan danışaraq Bakıda çox möhtəşəm gimnastika arenasının inşa edildiyini qeyd edib.

Azərbaycana səfərlərindən məmnunluq hissini ifadə edən İrina Viner-Usmanova ölkəmizə hər gəlişi zamanı böyük inkişaf proseslərinin, yeni-yeni memarlıq nümunələrinin şahidi olduğunu vurğulayıb.

Sonda xatirə şəkli çəkdirilib.
17.05.2019 16:27:00
Oxuma sayı: 63