Politoloq: "Qarabağ danışıqları Rusiyanın inhisarındadır" - 15 ildir
Ölçü:


Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyan Nikol Paşinyanla İlham Əliyevin növbətinin görüşünün yeri barədə məlumat verib. O, Brüsseldə keçirdiyi brifinq zamanı liderlərin növbəti görüşünün Vaşinqtonda keçiriləcəyinin anonsunu verib.

Koordinat.az xəbər verir ki, politoloq Elxan Şahinoğlu bunu Vaşinqtonun Qarabağ məsələsində təşəbbüsü ələ almaq cəhdi kimi qiymətləndirib. O qeyd edib ki, ABŞ növbəti görüşün  məhz Vaşinqtonda keçirilməsinə çalışır: “Çünki açıq etiraf etmək lazımdır ki, son 15 il içində danışıqlar Rusiyanın inhisarı altına düşüb. Əsas danışıqlar Rusiyada keçirilib.Bu baxımdan  Amerika da fəallıq göstərməyə çalışır.  ABŞ çalışır ki, bölgədə söz sahibi olduğunu göstərsin. Vaşinqtonda görüş olsa belə, mən bu görüşdən real nəticə gözləmirəm”.

Elxan Şahinoğlu bildiribki, Ermənistan münaqişənin birfəfəlik həllində maraqlı deyil və yenə ultimativ dildə danışır: “Məsələnin digər tərəfi odur ki, Rusiya Vaşinqtonda keçirilən görüşlərə çox qısqanclıqla yanaşacaq. Ona görə də çalışacaq ki, danışıqlarda nəticə əldə olunmasın. Bunu Ermənistanın əli ilə edəcək. Bu gün Ermənistan tamamən Rusiyadan asılıdır. Baxmayaraq ki, Nikol Paşinyan hakimiyyətə gələndə balanslı siyasət yeridəcəyini deyirdi. Amerika və Avropadan gözləntiləri doğrulmadığına görə Robert Koçaryan və Serj Sarkisyan kimi Moskvaya əyilir. Bu baxımdan da Moskvanın əmrlərini yerinə yetirir. Moskva da istəməz ki, Azərbaycanın Prezidenti ilə Ermənistanın baş nazirinin görüşündə real bir nəticə əldə olunsun”.

Politoloq deyib ki, münaqişənin həllində danışıqlar nəticə vermir, alternativ yol torpaqların güc yolu ilə işğaldan azad olunmasıdır: “Başqa alternativimiz qarşı tərəfi güc yolu ilə masada mərhələli həll planını imzalamağa məcbur etməkdir. Hələ ki, o proses də başlamır. Ara-sıra toqquşmalar olur, müharibə isə böyük dövlətlərin maraqlarına cavab vermir. Açıq demək lazımdır ki, 2016-cı il aprel döyüşlərində Rusiya bizə 4 gündən artıq müharibə etməyə imkan vermədi, böyük təzyiq etdi. Bu baxımdan böyük savaşın başlaması da sual altındadır. Amma yenə də mən başqa alternativ görmürəm, İkincisi çox təəssüf ki, böyük dövlətlər də razılıq vermirlər. Belə bir şəraitdə Azərbaycan özü Ermənistanı sülhə məcbur etməlidir”.

Elxan Şahinoğlu onu da deyib ki, Qarabağ məsələsində Azərbaycanın 3 böyük dəstəkçisi var – Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan. Onun fikrincə, bu 3 dövlətin Qarabağ münaqişəsinə, Azərbaycan torpaqlarının işğalına görə Ermənistanla heç bir diplomatik münasibətləri yoxdur: "Birmənalı şəkildə Azərbaycanı dəstəkləyirlər. Mümkün müharibə şəraitində biz real olaraq bu 3 dövlətdən dəstək alacağıq. Amma yenə də müharibə şəraiti olarsa bilməliyik ki, biz tək Ermənistanla savaşmayacağıq. Ermənistanın arxasında Rusiya var. Rusiya onlara hərtərəfli dəstək verəcək. Biz də tək qalmamaq üçün ən azı Türkiyə ilə hərbi-siyasi, strateji müttəfiqliyi daha üst səviyyəyə qaldırmağa çalışmalıyıq. Bu mənim şəxsi fikrimdir, bunu dəfələrə demişəm, çalışmalıyıq Türkiyənin heç olmasa, ən azı iki hərbi bazası Azərbaycanda yerləşdirilsin”.
16.05.2019 13:28:00
Oxuma sayı: 17