Ərazi bütövlüyü vurğulanmayan bəyannamə - Azərbaycan beynəlxalq səviyyədə təklənir
Ölçü:


Brüsseldə “Şərq Tərəfdaşlıq Proqramının” 10 illiyi ilə bağlı yubiley toplantısı keçirildi. İlk başda proqramın təşəbbüskarı olan Polşa və İsveç keçmiş SSRİ respublikalarının Avropa ilə daha sıx inteqrasiyasını və Rusiyanın təsirindən uzaq durmasını qarşılarına məqsəd qoymuşdular”.

Koordinat.az xəbər verir ki, bunu “Atlas” araşdırmalar mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu bildirib. O qeyd edib ki, ötən 10 ildə “Şərq Tərəfdaşlıq Proqramı” fərqli formatlara keçib: "Avropa İttifaqı bəzi dövlətlərlə assosiativ sazişlər imzaladı və Bu saziş Ukraynada “Maydan” hadisələrinə səbəb oldu ki, nəticədə Rusiya Krımı ilhaq etdi, Donbasda separatçı bölgə yarandı. Digərləri, o cümlədən Azərbaycanla fərqli saziş üzərində çalışmalar başladı. Çünki, Azərbaycan o biri dəvlətlərdən fərqli olaraq həm də Avopanın enerji təhlükəsizliyində mühüm rol oynamağa başlamışdı".

Elxan Şahinoğlu deyib ki, “Avropa İttifaqı ölkələrinin və “Şərq tərəfdaşlığı” təşəbbüsünə qoşulan ölkələrin xarici işlər nazirləri tərəfdaşlığın 10 illiyinə həsr edilmiş yekun bəyannamədə tərəfdaş ölkələrin ərazi bütövlüklərinin vurğulanmaması Azərbaycanın maraqlarına uyğun deyil.

Birincisi, ərazi bütövlüyü prinsipi Avropa dövlətləri üçün başlıca prinsiplərdən sayılır. Məsələn Avropa Parlamenti bu illər ərzində tərəfdaş ölkələrin, o cümlədən Azərbaycanın ərazi bütövlüyünü vurğulayan qətnamələr qəbul edib. Demək Avropa Komissarlığı ən azı Avropa Parlamentinin qətnamələrinə uyğun bəyannamə hazırlamalı idi. Bunun nəticəsində Azərbaycan nümayəndə heyəti sənədi imzalamaqdan imtina etdi. Etiraza baxmayaraq, bəyannamənin mətni dəyişdirilməyib və əvəzində statusunu aşağı salmağa qərar veriblər. Belə ki, bəyannaməni nazirlər yox, təkcə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federiko Mogerini imzalayıb.

İkincisi, Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker deyib ki, dondurulmuş münaqişələrin həlli Avropa üçün prioritet məsələlərdəndir. Demək, əvvəlcədən bəyannamə ilə tanış olan Jan-Klod Yunkerin öz prinsiplərini əsas tutaraq ərazi bütövlüyü bəndinə lazımınca diqqət yetirməli idi. Ərazi bütövlüyü prinsipi vurğulanmadan Jan-Klod Yunkerin dediyi kimi “Avropanın sülh içində olması mühümdür” yanaşmasının reallaşması mümkün deyil.

Üçüncüsü, Gürcüstan və Ukraynanın mövqeyi maraq doğurur. Gələn xəbərlərə görə, bu iki ölkənin nümayəndə heyəti ərazi bütövlüyünün bəyannaməyə salınmasında Azərbaycan nümayəndə heyəti qədər israrlı olmayıb. Ukrayna və Gürcüstan bəyannamədə “Şərq tərəfdaşlığı”nın əvvəlki sənədlərinə istinad göndərilməsini kafi hesab ediblər. Onları əsas narahat edən məsələ sənəddə Brüssel tərəfindən “Şərq tərəfaşlığı”ına daxil olan “ayrı-ayrı ölkələrin” Avropa İttifaqına üzvlük səylərinin tanınmmaması olub.

Açıq demək lazımdır ki, bu bənd də Azərbaycanı az narahat edir. Çünki, Gürcüstan və Ukraynadan fərqli olaraq Azərbaycan Avropa İttifaqına üzvlüyü qarşısına məqsəd qoymayıb.

Dördüncüsü, Rumıniya hazırda Avropa İttifaqına rəhbərliyi həyata keçirir. Azərbaycanın Avropa ölkələri arasında stateji tərəfdaşlıq qurduğu ölkələrdən biri də Rumıniyadır. İki ölkə arasında strateji saziş imzalanıb. Bu baxımdan Rumıniyanın bəyannamənin mətninə təsir imkanı olduğu halda ərazi bütövlüyü məsələsinə həssas yanaşmaması sual doğurur. Ancaq məsələnin başqa tərəfi də var. Belə bir bəyannamənin hazırlanacağı əvvəlcədən bəlli idisə, sənəddə ərazi bütövlüyü ilə bağlı bəndin salınması üçün Azərbaycan XİN-nin diplomatik çalışmaları olubmu, yoxsa nazir Elmar Məmmədyarov qəbul etmədiyi bəyyannaməni yalnız son gün – mayın 13-də görüb? Əlbəttə ərazi bütövlüyü ilə bağlı bəyannamələrin, bəndlərin qəbulu bizim üçün vacibdir, ancaq həmin bəndi vurğulayan qətnamələr belə Dağlıq Qarabağ münaqişəsinin həllini sürətləndirmir. Yəni bu məsələni faciəyə də çerivməyə ehtiyac yoxdur”.

Ekspert bildirib ki, Brüsseldəki xoşagəlməz hadisəyə baxmayaraq, Azərbaycanla Avropa İttifaqı arasındakı münasibətlərdə gərginlik gözlənilmir: “Azərbaycan rəsmilərinin də söylədikləri kimi Avropa İttifaqı ölkələri Azərbaycanın əsas tərəfdaşları arasında yer alıb. Azərbaycanın ticarət apardığı ölkələr sırasında da Avropa dövlətləri ilk sıralarda qərar tutublar. Tikintisi başa çatmaqda olan TAP boru xətti ilə daşınacaq qazımızın da son ünvanı Avropadır. Brüssel görüşü ilə bağlı ərazi bütövlüyü bəndi müzakirə predmetinə çevrilsə də, aylardır əsas mövzu Avropa İttifaqı ilə Azərbaycan arasında strateji sazişin imzalanmasıdır. Bu mövzu bu gün də aktualdır. Prezident İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarov eyni gündə Brüsseldə olsalar da, saziş hələ imzalanmayıb. Ancaq narahat olmağa dəyməz. Saziş üzərində son tamamlama çalışmaları gedir. Və “Şərq Tərəfdaşlıq Proqramının” bəyannaməsindən fərqli olaraq sazişdə Azərbaycanın ərazi bütövlüyü vurğulanacaq”.
 
14.05.2019 15:54:00
Oxuma sayı: 127