Mətbuat Şurası və Neft Fondu qalib jurnalistləri mükafatlandırdı - siyahı
Ölçü:


Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) Mətbuat Şurası ilə birgə təşkil etdiyi müsabiqənin nəticələrini açıqlayıb. Dövlət müstəqilliyimizin 25 illiyinə həsr olunmuş “Azərbaycanın müstəqilliyinin iqtisadi bünovrəsində milli neft strategiyasının rolu: Azərbaycan Respublikası Dövlət Neft Fondu milli neft strategiyasının tərkib hissəsi kimi” mövzusundakı analitik yazı müsabiqəsi üzrə qaliblərin mükafatlandıılması mərasimi keçirilib.

Koordinat.az xəbər verir ki, ARDNF-nin icraçı direktorunun müavini İsrafil Məmmədov  Mətbuat Şurası ilə birgə müsabiqənin məqsədlərindən danışıb. O, bildirib ki, bu müsabiqənin məqsədi ARDNF-nin Azərbaycan iqtisadiyyatındakı rolu, investisiya fəaliyyəti, ölkənin sosial infrastruktur quruculuğunda həyata keçirdiyi layihələr haqqında KİV nümayəndələri tərəfindən ətraflı araşdırmalar aparılmasına təkan verməkdən, bunun nəticəsində iqtisadi sahədə yazan peşəkar jurnalistlərin yaradıcılığını daha da stimullaşdırmaqdan ibarətdir. Həmçinin iqtisadi araşdırma qabilliyyəti olan peşəkar jurnalist qrupunun formalaşmasına dəstək göstərmək və ictimaiyyətin Fond barədə dəqiq məlumatlandırılmasında KİV nümayəndələri ilə birgə əməkdaşlığa nail olmaq da nəzərdə tutulur. İ.Məmmədov həmçinin bildirib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan milli neft strategiyasının uğurlu nəticəsi olan ARDNF hazırda öl­kə da­xi­lin­də və elə­cə­ də bey­nəl­xalq sə­viyyə­də tanınmış, və­sa­it­lə­rin ida­rə edil­mə­si, şəf­faf­lı­ğın tə­min edil­mə­si ba­xı­mın­dan di­gər döv­lət­lə­rə öz təc­rü­bə­si­ni bö­lüş­dür­mə­yə qa­dir, müasir standartlara cavab verən beynəlxalq səviyyəli maliyyə təşkilatına çev­ril­ib. Fond KİV-lə peşəkar və pozitiv prinsiplər əsasında çox sıx əməkdaşlıq edən və mediaya daim açıq olan qurumdur.

MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, ARDNF ölkənin neft strategiyasının həyata keçirilməsində, bu siyasətin perspektivlərinin müəyyənləşdirilməsində aparıcı dövlət qurumu kimi hər zaman medianın diqqət mərkəzindədir. Qurumun iqtisadi, sosial həyatın müxtəlif istiqamətlərinə yönələn layihələri, humanitar sahədəki təşəbbüsləri hər zaman yüksək qiymətləndirilir. Ə.Amaşov onu da bildirib ki, Şura müxtəlif dövlət orqanları ilə birgə müsabiqələr keçirir və bu, jurnalistikanın həmin təşkilatlara məxsus sahələr üzrə ixtisaslaşmalarında başlıca rol oynayır. Fondun rəhbərlik etdiyi qurumla birgə müsabiqəsinin əhəmiyyətinə bu baxımdan toxunan MŞ sədri oxşar təşəbbüslərin gələcəkdə də davam etdirilməsinin zəruriliyini əsaslandırıb.

MŞ İdarə Heyətinin üzvü, «Şərq» qəzetinin baş redaktoru Akif Aşırlı çıxışında neft amilinin Azərbaycan üçün önəmini isbatlayan tarixi məqamlara toxunub. Bu sahədəki ənənələrin qorunub saxlanmasının vacibliyindən söz açan baş redaktor Şuranın ARDNF ilə birgə keçirdiyi müsabiqənin belə nəcib missiyaya xidmət etməsindən məmnunluğunu bildirib.

MŞ İdarə Heyətinin üzvü, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli də çıxışında Şuranın müxtəlif qurumlarla birgə təşkil etdiyi yaradıcılıq müsabiqələrinin jurnalistlərin ixtisaslaşmalarına dəstək baxımından vacibliyindən söz açıb.

«Xalq qəzeti»nin baş redaktor müavini Tahir Aydınoğlu çıxışında bildirib ki, ARDNF  ölkəmizin şəffaflıq göstəricilərinə görə dünyada fərqlənən dövlət qurumlarındandır. Bu iş keyfiyyəti həm də ona görə vacibdir ki, Fond Azərbaycan xalqının mühüm sərvətini gələcək nəsillər üçün miras kimi saxlayan təşkilatdır. Jurnalistlərin isə neft sanayesi barədə daha çox məlumatlı olmaları şərtdir və belə müsabiqələr prosesi stimullaşdırır.

ARDNF-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəmalə Əliyeva məlumat verib ki, “Azərbaycanın müstəqilliyinin iqtisadi bünovrəsində milli neft strategiyasının rolu: Azərbaycan Respublikası Dövlət Neft Fondu milli neft strategiyasının tərkib hissəsi kimi” mövzusundakı müsabiqəyə sənəd qəbulu 2016-cı il sentyabr ayının 21-dən noyabr ayının 22-dək aparılıb. Bu müddətdə qəzet, TV və internet xəbər portalı daxil olmaqla 21 KİV-dən 29 jurnalist yazı təqdim edib. Yazılar MŞ-nin və ARDNF-nin birgə münsiflər heyəti tərəfindən qiymətləndirilib.

Bundan sonra müsabiqə üzrə mükafatlandırma başlayıb. İlk olaraq həvəsləndirici mükafatlar təqdim olunub. Münsiflər heyətinin qərarı ilə müsabiqənin qalibləri aşağıdakılar olub:

I yer – Hüquq Salmanov, “Kaspiy” qəzeti.
II yer – Vüqar Əliyev, “Mədəniyyət” qəzeti;
III yer – Elxan Salahov, “İki sahil” qəzeti;

Həvəsləndirici mükafatlar:
Fərəh Əliyeva, CBC telekanalı;
Seymur Əliyev, “Moderator.az” saytı;
Rüfət Sültanov, “Mövqe” qəzeti.

Toplantıdan sonra MŞ İdarə Heyətinin üzvləri və media təmsilçiləri ARDNF-nin muzeyi ilə tanış olublar. Onlara həmçinin Fondun gündəlik iş rejiminin müxtəlif xüsusiyyətləri barədə geniş məlumat verilib. 



15.12.2016 19:22:00
Oxuma sayı: 1052