Əli Əhmədov: "Əhalinin ehtiyacları daha dərindən araşdırmalı və həll olunmalıdır"
Ölçü:


Bakıda Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Avropa Regional Sosial Təminat Forumu keçirilir. Üç gün davam edəcək Forumda BSTA-dan, digər beynəlxalq qurumlardan və 35 ölkədən nümayəndələr iştirak edir.

Koordinat.az
xəbər verir ki, forumun açılışında çıxış edən Baş nazirin müavini Əli Əhmədov beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınan Azərbaycanın Avropa qurumları ilə əməkdaşlığının daim inkişaf etdiyini vurğulayıb. O, ölkədə aparılan islahatların sosial təminat sahəsində də uğurlu nəticələr verdiyini deyib: “Azərbaycan islahatlar keçirilməsi sahəsində dünya miqyasında önəmli yer tutur. İslahatların əhəmiyyətli hissəsini sosial sahədə həyata keçirilən işlər tutur. Azərbaycan ərazisinin əhəmiyyətli hissəsi Ermənistan tərəfdən işğal olunub və 1 milyona yaxın insan məcburi köçkün düşüb. Onlar evlərini, iş yerlərini itiriblər. Uzun illər bu vəziyyətin davam etməsinə baxmayaraq, əhalinin 10 faiz hissəsinin hər cəhətdən təmin edilməsi, yaşayış şəraitinin yaşılaşdırılması hökumətin üzərinə düşür. Onlar üçün mənzillərin tikilməsi, müavinətlərin verilməsi, iş yerlərinin yaradılması böyük vəsait tələb edir”.

Əli Əhmədov qeyd edib ki, müharibə nəticəsində əlilliyi yaranan azərbaycan vətəndaşları sosial təminatla təmin olunub: “Təqaüdlərin, pensiyaların verilməsi, bütün bunların hamısı Azərbaycanın sosial təminat rejiminin işlədiyi gərgin rejimlərdən biridir. Azərbaycan əhalisi yüksək templə artır. Çoxuşaqlı ailələrin sayı əhəmiyyətli dərəcədədir. Bu ailələrin sosial müdafiəsinin təşkili mühüm əhəmiyyət kəsb edir”.

Baş nazirin müavini qeyd edib ki, Azərbaycan vətəndaşlarının maraqları və ehtiyacları daha dərindən araşdırmalı və həll olunmalıdır.
14.05.2019 10:49:00
Oxuma sayı: 271