Televiziyalardan görünən eybəcərlik
Ölçü:


Mahir Hacib

Bu yazı, bəlkə də 3 həftə bundan qabaq yazılmalı idi. Lakin yaxşı bir şeyin olacağını düşünərkən həmişə olduğu kimi teleməkanımızda növbəti biabırçılığa yol verildi...

Bizim teleməkanı öz şit davranışı ilə zəbt etmiş birisi bütün sərhədləri keçərək efirdə heç nə ilə müqayisə olunmayacaq dərəcədə biabırçılığa yol verdi. Burada xatırlatmaq istəyirəm ki, bu yaxinlarda Misirdə banan ilə klip çəkdirən müsiqiçiyə 3 il iş kəsildi.                                                                                                                  

Digər bir telekanalda "Köklə sazı" adı altında səviyyəsiz kliplər nümayiş etdirməklə yarımçılpaq qadınların əhatəsində gənclər arasında aşıq sənətinin təbliği pərdəsi arxasında olduqca səviyyəsiz müsabiqə keçirilir. Doğrudanmı, teleməkan elə bir gündədir ki, reklam xatirinə, pul qarşılığında hər cür ucuzluğa gedib çıxmaq olar?!

Zövqümüzü iki Zaurun, bir Mikayılın öhdəsinə buraxmaq...

Sadəcə çox utandırıcıdır!

Bir yanda da, ARB kanalında hamıdan fərqli məhşur jurnalist Mübariz Əsgərov "Xalqın şairi " telelahiyəsinə başladı...

Yeri gəlmişkən, bu müsabiqəyə müraciət edənlərin yarısından çoxu ya qoltuğuna bir dəstə kitab vurub gəlir, ya da çox hörmətli Anar müəllimin rəhbərlik etdiyi AYB-nin üzvü olduğunu israrla bildirir. Adəti üzrə Mübariz müəllim köhnə peşəsi olan "qulp qoymaq" adətindən əl çəkmir.

Xatırlayırsınızsa, Mübariz müəllim Azərbaycanın televiziya məkanına artıq tarixə çevrilmiş ANS-də "Qulp" verilişi ilə daxil olmuşdu. Yəqin çoxlarının yadındadır ki, həmin verilişlərin birində vaxtilə Azərbaycanın ən varlı şəxsi olmuş iş adamının hazırlatdırdığı 4 metr uzunluğunda nəfəs aləti olan zurna nümayiş etdirilmişdi. Ədalət naminə, həmişə fərqliliyi ilə seçilən Mübariz müəllimin "Rezonans" lahiyəsi də çox sanballı və uğurlu lahiyədir.

İndi isə Mübariz Əsgərov "Xalqın şairi" adı altında keçirdiyi müsabiqəyə yeniliklər gətirməklə fəqli münsiflər heyəti seçir. Bu dəfə münsiflər heyətində Seyidcahan xanım Elzanı əvəz edən BDU-nun dosenti Məti Osmanoğlu uğursuz müqayisə apardı. O, Dədə Şəmşiri Səməd Vurğunla, Bəhmən Vətənoğlunu isə Əli Kərimlə bir tərəziyə qoyaraq birincilərin çəkisini azaltmağa cəhd etdi.

Əlbəttə, Dədə Şəmşir Səməd Vurğunla müqayisə oluna bilməz.  Çünki qanlı repressiya illərində 2 dəfə "Stalin " mükafatı almış, sovet hakimiyyətinin bütün imtiyazlarından yararlanmış xalq şairi sadə bir el aşığı - Dədə Şəmşirlə müqayisə oluna bilməz.

Tarixdə çox mükafatlar, medallar, ordenlər almaq olar. Amma "Dədə" tituluna malik olmaq hər sənətkara qismət ola bilməz. Mən onsuz da Səməd Vurğunu bağışlamışam. Vaqif Səmədoğluna görə.

Yəqin ki, Mübariz müəllim növbəti müsabiqəni xalqın mollaları arasında aparmaq fikrinə düşəcək. Münsiflər heyətində kimlər oturacaq, demək çətindir. Yaxın keçmişimizdə ruhani dərslərindən yararlanan 12 yaşlı yeniyetmənin intiharı ürək parçalayır.

Yeri gəlmişkən, bu gün şəhərimizdə baş verən bir olayı sizinlə bölüşmək istəyirəm. Bakının 8-ci kilometr qəsəbəsindəki "Maşın bazarı"na yolu düşənlər bilirlər ki, körpünün yanında qarışıq bir qəbiristanlıq var. Həmin qəbiristanlıqda müxtəllif dinlərə mənsub şəxslərin qəbirləri var. Qəbiristanlıqdan yola açılan çıxış qapısının önündə, kətilin üstündə gündüzlər yalançı mollalar, axşamlar isə cinsi azlığa məxsus  biriləri peyda olur. Sual olunur: Görəsən cəmiyyətə bunların hansının daha çox xeyri və ziyanı vardır?

Qəribə deyilmi?

Bİizim məhlədə meyvə-tərəvəz satılan bir balaca mağaza var. Cavan uşaqlar işləyirlər. Səliqəli və mehribandırlar. Mağazanın giriş qapısında bir elan var: Şəhid balalarına meyvə-tərəvəz pulsuzdur. Hesabı ataları tərəfindən verilib".

Qurur doğuracaq haldır! Bəli, şəhidlərimiz vaxtında balalarına öz paylarıni dopdolu səbətlə göndərib. Lakin bu səbətlər ünvanına gəlib çatana qədər müxtəlif qurumlar tərəfindən talanır. Hələ də şəhid ailələrimiz elementar qan pulu deyilən paylarını sıgorta deyilən qurumdan ala bilmir...

Hamının ANS-dəki "Qulp"dan tanıdığı Mübariz Əsgərovun fərqliliyi xoşladığına əminəm. Elə ona görə də bu şeiri Koordinat.az vasitəsilə "Xalqın şairi" müsabiqəsinə təqdim edirəm:

Mən səni sevirəm, Vətən! Lap elə
Yetim yuxuda anasın sevən kimi.
Mən səni sevirəm, Vətən! Lap elə
Yetim yuxuda sevilən kimi.

Mən səni sevə bilmədim, Vətən! Elə beləcə
Şuşasız, Laçınsız, Kəlbəcərsiz...
Əlində zəfər bayrağı dalğalandırmayan
Oğulsuz, uşaqsız, arvadsız, ərsiz.

Qoy səni vəsf etsin AYB-nin
Gül şairləri
Hər şeyindən keçən, hər şeyə hazır
Hər şeyə nazir
Qul şairləri.

Təqaüd yeyənlər, "Medal!" geyənlər
Biri-birinin ardınca düz yol gedənlər
Qəlibdən çıxanlar, üzə baxanlar
Şikəstə oxuyan xalq şairləri

Mən səni oxşaya bilmirəm, şəhid balası
Üstdən oğurlanmış yarı səbətlə.
Mən səni ovuda bilmirəm, şəhid balası
Yavan təqaüdlə, yalançı vədlə.

Başını dik saxla, anam balası
Dərisi soyulmuş ilan balası
Yavan təqaüdlə dolan, balası

Qoy yağlı təqaüd şikəstə oxuyan şairin olsun
Artistin, məmurun və sairin olsun.

Mən səni ovuda bilmirəm, şikəst qardaşım
Əlil arabasının daim sakini
Fiziki qüsurlar şikəstlik deyil,
Şikəstə oxumaq nə sənlik, nə mənlik deyil
Şikəstə oxumaq hər kişilik deyil.

Sən də məni bağışla, qazi qardaşım
Saxlaya bilmədim kəsilmiş qolunu
Qoruya bilmədim ayaqlarını
Mənim ayaqlarım yerin üstündə
Gedir haqlı-haqsız yolunu
Kim bilir nə qədər yol gedib,iz açıb
Səninsə ayaqların bu yerə çatmır.

Daha bu torpağın yuxusu qaçıb
Kipriyi yumulmur, gecəni yatmır
Başımı soxmağa yer də tapılmır
Hər yan kəsilmiş ayaqla dolu
Ya da minalar pusquda,
Gözləyir ayaqların gəldiyi yolu

Mən sənin kəsilmiş əlini sıxıram
Yerə çatmayan ayaqlarını qucaqlayıram
Heç nə söndürə bilməz içimdə yanan şamı
Kişilər ağlamaz, anam balası
Mənsə için-için, hönkür-hönkür boğuluram
Hanı sahildən uzanan saman çöpü,hanı?

16.12.2017

25.12.2017 21:52:43
Oxuma sayı: 5186