Qüdrət Həsənquliyev: "Sülh danışıqlarını Rusiya ilə aparmalıyıq"
Ölçü:


"Fakt budur ki, müharibəni xalq olaraq uduzmuşuq. Bizi XIX-cu əsrdə Rusiya imperiyasının tərkibinə könüllü, yaxud zorla qatanda kiçik xanlıqlar şəklində yaşayırdıq. O zaman mərkəzləşmiş dövlətimiz və vahid milli şüur olmayıb. Ona görə də rəhmətlik Elçibəy deyirdi ki, güclü dövlət quruculuğu MİLLƏTLƏŞMƏKdən keçir. Sovet hakimiyyəti illərində repressiya mühiti ali dəyərlərə yiyələnmiş millət kimi formalaşmağımıza imkan vermədi. Onun nəticəsi idi ki, qorxu mühitində yaşamış xalqımız ermənilərin qarşısına yaxşı dövlət adamları, diplomatlar, siyasətçilər, hərbçilər, jurnalistlər çıxara bilmədi. Nəticədə, güclü siyasətçilərimiz və diplomatlarımız olmadığı üçün özümüzə müttəfiq tapa bilmədik".

Koordinat.az xəbər verir ki, bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev son günlər medianın diqqətində olan əsas hadisələrlə bağlı müsahibəsində bildirib. O qeyd edib ki, xalqımızın ruhunu, gen yaddaşını oyadıb onu savaşa səfərbər edəcək şeirlər, əsərlər yazılmadı: "Hazırlıqlı jurnalistlərimiz və düzgün informasiya siyasətimiz olmadığı üçün informasiya müharibəsini uduzduq. İşğala məruz qaldığımız halda, bizə sanksiyalar tətbiq olundu. Peşəkar hərbçilərimiz yetərincə olmadığı üçün döyüş meydanında uduzduq. Siyasi şüurun zəifliyi xalqımızı təxribatlar qarşısında midafiəsiz qoymuşdu. Repressiya mühiti insanlara qorxu və satqınlıq hissləri aşıladığından, aramızdan çoxlu xainlər çıxsa da, həmin xainlərə və güclü düşmənlərimizə qarşı dayana biləcək yetərli sayda qəhrəmanlar ortaya qoya bilmədik".

Qüdrət Həsənquliyev təəssüflə bildirib ki, uzun illərin müstəqillik və “atəşkəs” dövründə də Azərbaycan bu nöqsanları tam aradan qaldıra bilməyib: "Sovet dövrü qonşularımız dünya elminə və mədəniyyətinə çıxış imkanı verən rus dilini əsasən mənimsədiyi halda, biz bunu bacarmadıq. SSRİ Ali Sovetində olan deputatlarımız rəqiblərə cavab vermək imkanı olmayanda çarəni sap düyünləyib, cadu edib onların dillərini bağlamaqda görürdü. İndi onlar dünya dili olan ingilis dilini mənimsəyir, biz isə rus dilində təhsil verən məktəblər açırıq. Hətta bu misalla da müharibəni niyə uduzduq sualına cavab tapmaq olar: bu gün də yüksək ballar toplayan istedadlı gənclərimizi ali hərbi məktəblərə cəlb edə bilməmişik. Hər il 5 yeni tank almaqdansa, yaxud İTV kimi 5 telekanalı saxlamaqdansa, informasiya müharibəsində rəqabətə davamlı olmaq üçün avropalıların 35 faizinin etibarlı informasiya mənbəyi kimi qəbul etdiyi “Əl Cəzirə” (Al Jazeera) kimi ingilisdilli bir kanalın açılmasının vacibliyini qəbul edə bilməmişik. Ona görə də təxribatçı agentlər bilərəkdən insanları mənən sındırmaq üçün “Şuşaya turist kimi gedəcəyik” kimi fikirlər səsləndirirlər. Amma etiraf edək ki, real vəziyyəti təhlil edib ümidsizliyə qapılaraq artıq “Qarabağ gedib” deyə düşünənlər, hətta bu barədə açıq danışanlar da var".

Deputat bildirib ki, vəziyyətdən çıxış yolu daxildə islahatları dərinləşdirməkdən, Rusiya ilə danışıqlar aparıb anlaşmağa cəhd etməkdən və bu alınmasa, xarici siyasətdə qərbyönümlü, avroatlantik məkana inteqrasiya xətti götürüb torpaqlarımızın azadlığı üçün böyük qəhrəmanlıqlara və itkilərə hazır olmağımızdan keçir: "Bunun alternativi heç bir qərar qəbul etmək gücündə olmayan ermənilərlə danışıqlar üçün hətta vaxt qoymaq belə imkanımızın olmadığı mənasız yüzillik danışıqlar aparmaq olacaq. Ermənilər isə torpaqlarımızı məskunlaşdıracaq, təbii sərvətlərimizi talayacaq. Biz isə güclü dövlətimizin olmasından ağızdolusu danışacaq, hərbi paradlarda Ordumuza baxıb qürur hissi keçirəcək, Qarabağın işğaldan azad olunması üçün möcüzə gözləyəcəyik. Əsl həqiqət bundan ibarətdir".
10.05.2019 11:41:00
Oxuma sayı: 295