Qarabağ tarixinin elektron xronoqrafı - Rusiyanın arxivində nələr var? - MÜSAHİBƏ
Ölçü:


Azərbaycanda ilk dəfə rus dilində Qarabağ tarixinin elektron xronoqrafı hazırlanıb. “Azerbaycanli.org” saytında yerləşdirilmiş xronoqrafda Qafqaz Albaniyası dövründə, Orta əsrlərdə, Səfəvilər zamanında və sonrakı əsrlərdə baş vermiş tarixi hadisələrdən ətraflı söz açılır.

Koordinat.az xəbər verir ki, salnamədə Qarabağ xanlığının yaradılması,1805-ci ildə çar Rusiyasının tərkibinə daxil olması, bölgəyə ermənilərin köçürülməsi xronoloji qaydada verilib. Bütün tarixi faktlar Qarabağın ta əzəldən Azərbaycan torpağı olmasını bir daha təsdiqləyən sənədli mənbələrə əsaslanır.

Effektiv Təşəbbüslər Mərkəzinin direktoru Xanlar Məmmədov və layihə rəhbəri Vüqar Əliyev “Moskva-Bakı” portalına tarixi xronoqrafın necə yaradıldığı barədə danışıblar. Həmin müsahibənin Azərbaycan dilinə tərcümə edilmiş variantını Koordinat.az-ın oxcucularına təqdim edirik:

- “Azerbaycanli.org” saytı nə üçün yaradılıb?

Xanlar Məmmədov:

-Suallarınıza cavab verməzdən əvvəl oxucularını bizim təşkilatın faəliyyəti ilə tanış etmək təşəbbüsü göstərdiyinə görə “Moskva-Bakı”nın redaksiyasına təşəkkürümüzü bildirmək istərdik. “Azerbaycanli.org” saytı 2005-ci ildə jurnalistlərdən, tarixçilərdən, politoloqlardan, hüquqşünaslardan və digər ictimai xadimlərdən ibarət həmfikirlilər qrupunun azərbaycanlıların tarixi-mədəni irsini təbliğ etmək məqsədilə yaratdığı “Effektiv Təşəbbüslər Mərkəzi” (ETM) ictimai birliyinin yetirməsidir. Ötən illər ərzində bizim tərəfimizdən aktual geosiyasi və daxili siyasi məsələlər üzrə çoxsaylı analitik materiallar hazırlanıb, 2008-ci ildə isə ETM Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət DəstəyiŞurasının maliyyə yardımı ilə “Milli eyniyyətdən qlobal dünyaya: tədqiqat və təbliğat platforması” adlı kiçik bir layihəyə başlayıb. Layihə çərçivəsində “Azərbaycan tarixi: günbəgün” kitab-təqvimi hazırlanıb nəşr edilib, “azerbaycanli.org” saytı, Azərbaycanın tarixinə və mədəniyyətinə dair elektron toplular yaradılıb. Bütün xronoqraflar saytımızda yerləşdirilib və buraya giriş sərbəstdir. Biz saytımıza girişlərin statistikasını izləyirik və deyə bilərik ki, “azerbaycanli.org”a hər gün - Braziliyadan Rusiyayadək - müxtəlif ölkələrdən internet istifadəçiləri daxil olur. “Azerbaycanli.org”a işləmək üçün kitabxanaya gəlirmişlər kimi daxil olurlar. Öz növbəsində, bizim resursumuzun internet-auditoriyasında rusdilli istifadəçilər azərbaycanlılardan sonra ikinci yeri tuturlar.

Vüqar Əliyev:
-
Xronoqraflar həmişə populyar olublar. Salnaməçilərin tarixi xronikaları qələmə aldıqları qədim dövrdlərdən ta bizim günlərədək... Tarixi hadisələr haqqında sanballı məlumatlar konkret faktlara söykənib öz elmi-tədqiqi qənaətlərini formalaşdıran bir çox mütəxəssislərin, tarixçilərin düşüncələrini qidalandırıb. Biz isə qədim dövrlərdən bu günədək Qarabağın tarixi, mədəniyyəti ilə bağlı hadisələri sistəmləşdirmək istəmişik.

Xanlar Məmmədov:
 
- Ermənistanın ölkəmizə ərazi iddiaları zəminində başlanmış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi 25 ildir davam edir. Heç bir tarixi əsası olmayan bu iddiaların kökü ötən əsrin əvvəllərinə gedib çıxır, Qarabağda münaqişənin başlanğıcı isə, əslində, XIX əsrin əvvəllərində qoyulub. O zaman Rusya-İran müharibələri nəticəsində Azərbaycan iki hissəyə bölünüb və Rusiya imperiyasının tərkibinə daxil olmuş Şimali Azərbaycana (o cümlədən, Qarabağa) İrandan on minlərlə erməni köçürülüb. Qarabağın tarixindən xronoqraf formasında söz açarkən biz geniş auditoriyaya regionda baş vermiş proseslər haqqında həqiqətləri çatdırmaq istəyirik ki, gələcək nəsillər tarixi hadisələr barədə özləri bir nəticəyə gələ bilsinlər.
“Qarabağın tarixi” xronoqrafı üzərində işləyərkən biz ölkəmizdə və onun hüdudlarından kənarda məşhur olan tarixçilərin, etnoqrafların əsərlərinə müraciət etmiş, elmi ədəbiyyatdan, məqalələrdən, həmçinin Qarabağ xanlığı haqqında tarixi salnamələrdən (müxtəlif müəlliflərin “Qarabağnamə”lərindən) geniş şəkildə yararlanmışıq. Bu xronoqrafın özünəməxsus unikallığı vardır, çünki böyük bir tarixi dövrü və konkret mövzunu əhatə edir. Bu, Qarabağ tarixinin ilk xronoqrafıdır və onun üzərində iş davam edir.

- Xronoqraf hansı tarixi mərhələləri əhatə edir?

Vüqar Əliyev:

- Qarabağ tarixinin ilk elektron xronoqrafını biz 2010-cu ildə hazırlamışıq. Ötən illər ərzində ona müntəzəm şəkildə Qarabağ tarixinin ən mühüm mərhələləri haqqında yeni məlumatlar əlavə edilib, sonra isə xronoqrafı rus dilinə çevirmişik. Xronoqrafdakı tarixi faktlar təsdiqləyir ki, Qafqaz Albaniyası dövründə, Orta əsrlərdə, Səfəvilər dövləti zamanında (XVI-XVII əsrlər) və sonrakı tarixi dövrlərdə  Qarabağ həmişə Azərbaycan torpağı olub. Qarabağ xanlığının yaradılması, onun 1805-ci ildə çar Rusiyasının tərkibinə daxil edilməsi, ermənilərin Qarabağ ərazisinə köçürülməsi və bununla bağlı proseslər, həmçinin, Azərbaycan Demokratik Respublikası (1918-1920) dövründə Qarabağda baş vermiş hadisələr, sonrakı sovet dövrü haqqında  məlumatlar xronoloji ardıcıllıqla yerləşdirilib. Elektron topluda  1988-ci ildə ermənilərin Dağlıq Qarabağda başlatığı münaqişənin, Azərbaycan ərazilərinin işğalının və 1994-cü ildən bu günə kimi davam edən sülh prosesinin tam xronikası verilib.

- Xronoqrafın yaradılmasında Rusiya mənbələrindən də istifadə edilibmi? Həmin mənbələrdə Qarabağın Azərbaycana məxsus olması barədə məlumatlar qalırmı?


Xanlar Məmmədov:
-Təbii ki, xronoqrafı tərtib edərkən biz Rusiya ardxivlərindəki ilkin mənbələrə, rusiyalı tarixçilərin, o cümlədən V.L.Veliçkonun, N.İ.Şavrovun və başqalarının  kitablarına, məqalələrinə müraciət etmişik. Qarabağın Azərbaycana məxsus olması barədə məlumatlar Rusiya mənbələrində kifayət qədərdir. Götürək elə Qarabağ xanlığının Rusiya imperiyasının tərkibinə daxil olması haqqında 14 may 1805-ci ildə bağlanmış Kürəkçay müqaviləsinin mətnini. Bu müqaviləni kimlər imzalayıb? Azərbaycan xanı, Qarabağ hökmdarı İbrahim xan və “əlahəzrət imperator I Aleksandrın adından” çarın Qafqazdakı canişini,  rus qoşunlarının komandanı general Pavel Sisianov. Müqavilənin birinci maddəsində “Şuşalı və Qarabağlı İbrahim xanın özünün, varislərinin və vəliəhdlərinin əbədi olaraq Ümumrusiya imperiyasının təbəəliyinə daxil olması” bəyan edilir.   
Müqavilənin 2-ci maddəsi isə belədir: “İmperator əlahəzrətləri zati-aliləri (xan) həzrətlərinin belə səmimi söz verməsini qəbul edərək, özünün və vəliəhdlərinin adından İmperator sözü ilə vəd edir və söz verir ki, onlar zati-aliləri Şuşalı və Qarabağlı İbrahim xandan və onun varislərindən öz sadiq təbəələri kimi mərhəmət və nəcib havadarlığını heç vaxt əsirgəməyəcəklər, buna sübut olaraq İmperator əlahəzrətləri zati-alilərinin (xanın) və onun varislərinin ölkəsinin bütövlüyünün saxlanılmasına öz imperator zəmanətini verir”.
Bu iki maddə, mahiyyətcə, Qarabağın onlara məxsus olması barədə erməni tərəfinin iddia və uydurmalarını təkzib edir.

Vüqar Əliyev:
-Qarabağın Azərbaycan torpağı olduğunu aşkar şəkildə təsdiq edən tarixi sənədlər və mənbələr çoxdur, sadəcə, onlara nəzər salmaq lazımdır. Şimali Azərbaycan Rusiyaya birləşdirildikdən sonra rus mütəxəssislər tərəfindən tərtib edilmiş tarixi xəritələrdə hazırda Ermənistan Respublikasının tərkibinə daxil olan böyük ərazilərdə azərbaycanlıların yüzlərlə yaşayış məntəqəsinin adları göstərilib. Bu kəndləri, daha doğrusu, onların adlarını Ermənistanın xəritəsində tapmaq artıq mümkün deyildir. Qarabağdakı onlarla azərbaycanlı kəndi barədə də eyni sözü demək olar, onların adları artıq sovet dövründə, yuxarı (dağlıq) Qarabağda Azərbaycan SSR-in tərkibində erməni muxtariyyəti yaradıldıqdan sonra erməniləşdirilmişdir.

- Demoqrafik məlumatlar necədir? Axı onlara istinad etməklə tarixi gerçəkliyi əsaslandırmaq mümkündür.


Vüqar Əliyev:
-
1897-ci ildə əhalinin ilk ümumrusiya siyahıyaalınması keçirilmişdir. Bu statistik məlumatlar Cənubi Qafqazda o vaxtkı demoqrafik vəziyyəti açıq-aşkar əks etdirir. Aydın olur ki, XIX əsrin sonunda nəinki Qarabağda, hətta İrəvan qəzasında (indiki Yerevan), Zəngəzurda (Ermənistanın indiki Meğri və Gorus rayonları)  azərbaycanlı əhalinin sayı ermənilərin sayından xeyli çox olub. Baxmayaraq ki, XIX əsrin 20-30-cu illərində çar Rusiyası İranla müharibədə qalib gələrək, bu ölkədən on minlərlə ermənini Azərbaycan ərazilərinə köçürüb. Bu faktlar bir çox rus mənbələrində öz əksini tapıb. Məsələn, götürək, Rusiyanın İrandakı səfiri A.S.Qriboyedovun imperiyanın Cənubi Qafqazdakı çanişini B.A.Paskeviçlə yazışmalarını. Bu yazışmalarda azərbaycanlıların öz torpaqlarından kütləvi şəkildə qovulmasından, bunun yerli əhali arasında etiraz dalğası doğurmasından bəhs edilir. Köçürülmmələr çar ordusunda xidmət edən etnik ermənilər – polkovnik L.Y.Lazarev, podpolkovnik knyaz M.Z.Arqutinski-Dolqorukov və başqalarının rəhbərliyi ilə aparılıb.
Hətta bütün bunlardan sonra belə, 1897-ci ilin siyahıyaalmasına görə, hazırkı Dağlıq Qarabağın (Hadrut, Martuni və s.) bir hissəsini əhatə edən Yelizavetpol quberniyasının Cəbrayıl qəzasında 66 min nəfər əhalinin 75 faizini azərbaycanlılar, yalnız 25 faizini ermənilər təşkil edib. Təkcə Şuşa qəzasında (bura Xankəndi, Əsgəran və s. daxildir) ermənilərin sayı azərbaycanlılardan çox olub (139 minlik əhalinin, müvafiq olaraq, 54 və 46 faizi). İrəvan qəzasında (Yerevan şəhəri və ətrafı) 150 min əhalinin 77 mindən çoxunu, yəni 52 fazini azərbaycanlılar, yalnız 38 fazini ermənilər təşkil edib.
1899-cu ildə Tiflisdə M.A.Skibitskinin “Qafqazda heyvandarlığın öyrənilməsi və dövlət yay və qışotlaqlarının yaradılması üçün materiallar” kitabı nəşr olunub. Müəllif yazır: “Qarabağ yay otlaqları (yaylaqlar) Qarabağ adlanan və 1828-ci ildə Rusiyaya birləşdirilənə qədər əlahiddə Qarabağ xanlığının tərkibində olan ərazinin hüdudlarında yerləşir”. Kitabdan aydın olur ki, çar hökumətinin köçürmə siyasətinə baxmayaraq, XX yüzilliyin başlanğıcında Qarabağda azərbaycanlıların və ermənilərin nisbəti, ən azı, 4:1 olub.

- Bir əsr sonra bu regionlarda demoqrafik vəziyyət necə idi?


Vüqar Əliyev:

- 1988-ci ildə Dağlıq Qarabağ münaqişəsi başlayanda erməni muxtariyyətində ermənilərin sayı azərbaycanlılardan üç dəfə çox idi (75 faiz), keçmiş İrəvan xanlığının ərazisində - Ermənistanda isə bir nəfər də azərbaycanlı qalmamışdı. 

- Bu tarixi rusdilli auditoriyaya çatdırmaq nə üçün vacibdir?

Xanlar Məmmədov:

-Azərbaycanlılar öz tarixlərini yetərincə yaxşı bilirlər. Biz isə, real elmi əsərlərə istinad edərək, oxucu auditoriyasının rusdilli kontingentinə (təkcə Rusiyada deyil, bütün dünyada) tarixi həqiqəti, tarixi dövrün real mənzərəsini çatdırmağa çalışırıq. Biz heç kimi öz mövqeyimizə çəkmirik, biz sadəcə həqiqətin hara olduğu barədə məlumat veririk. Nəticəni oxucu özü çıxaracaq.

- İngilis dilində də xronoqraf yaratmağı planlaşdırırsınızmı?

Vüqar Əliyev:
-Təkcə ingilis dilində yox, həm də digər xarici dillərdə. İdeyalar çoxdur, imkan daxilində həyata keçirməyə çalışırıq. Bu işdə bizə Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası sanballı kömək göstərir. “Qarabağ tarixi” xronoqrafı isə yeni faktlarla, xronikal məlumatlarla zənginləşdiriləcəkdir. Çünki tarix davam edir.
   
Mənbə:http://moscow-baku.ru/news/society/sozdan_elektronnyy_khronograf_istorii_karabakha_na_russkom_yazyke/


11.12.2016 14:17:00
Oxuma sayı: 953