“Taleh, ölməyin də ləzzəti getdi...”
Ölçü:


Müsəllim HƏSƏNOV


Payızın oğlan çağında - noyabırn 1-də Bakıda qəribə bir yağış başlamışdı, soyuq bir yağış...

O yağışlı gündə biz şair dostumuz Taleh Həmidi son mənzilə yola salmaq üçün Şəmkirə aparırdıq. Və mənim qulağımda şairin bir vaxtlar böyük şövqlə oxuduğu misraları səslənirdi...

Öz səsiylə...

Bu qəfil başlayan payız yağışı
Yubatdı hardasa tələsən qışı...

Onu torpağa tapşırdığımız növbəti gün yağış dayandı, “yubatdı hardasa tələsən qışı” və... gün çıxdı.

O günəşli gündə biz Taleh Həmidi doğulduğu kəndin qəbiristanlığında torpağa tapşırdıq. Bu dünyadan nakam köçən qızı Sevincin yanında...

Taleh Sevincin məzarından yaman nigaran idi...

Bu gecə sübhədək
Uğuldadı yel.
Əsdi tufan,
Yağdı qar,
Ağ dona büründü
Cığırlar, yollar.
Unutdum canımın
Azarını,
Uzaqdan-uzağa
Köksümə sıxdım
Sənin üşüyən məzarını.
İsinə bildinmi,
Qurbanın olum?!


İndi uzaqdan-uzağa sıxmayacaq köksünə o məzarı. Lap yaxına gəldi. O məzarı isitmək üçün gəldi...

Daha üşüməyəcək o nakam məzar...

Taleh 20 il idi ki, o məzara doğru gedirdi. Əvvəl qızının qayıdacağına ümid edirdi.  Deyirdi ki:
Sən gedən payızın qışına dönüm,
Kövrək gözlərinin yaşına dönüm,
Niyə eşitmirsən, başına dönüm?
Səni gözləyirəm –
Qayıdacaqsan.

Qızı qayıtmadı. Ata ona doğru getdi...
Getdi ki, hayan olsun balasına, isitsin onun məzarını...
Eh, bir də yağmayacaq o yağış belə...
Yağsa da... onu Taleh Həmid görməyəcək...

Daha heç ondan soruşan da olmayacaq ki:
Ömür dediklərin keçir beləmi,
Ay Taleh, yoruldun, bezdin, eləmi?


Amma o, daha yorulmayacaq…

Heç bezməyəcək də…

Çünki illərdən bəri həsrətində olduğu arzusuna çatdı. Qızının məzarını isitməyə getdi…

O, bu dəfə Şəmkirə Bakı vağzalından getmədi. Bu dəfə qatarla getmədi…

Bir vaxt qorxduğu vaqeə başına gəldi:
Təkcə ondan qorxuram –
Haçansa da bir vədə
İşlər özgə olacaq.
Mənə çatası bilet,
Bakı vağzalı, səndə
Kiməsə satılacaq.

O yağış yağan axşam yəqin ki, Bakı vağzalında ona çatası bilet kiməsə satıldı. Taleh bu dəfə Şəmkirə dəfn karvanında getdi…

O, yeniyetmə qızını da, cavan qardaşını da, əziz anasını da qırx yaşdan bu yana itirmişdi. Ona görə də deyirdi ki:
Dünənə baxıram, yaxın, ya uzaq,
Bir az soyuğum var, bir az qarım var.
Qırx yaşdan o üzə xatirələrim,
Qırx yaşdan bu üzə ağrılarım var…

Qırx yaşdan bu yana çəkdiyi ağrı-acılar Talehin səhhətində çox ciddi problemlər yaratmış, ömrünə qənim kəsilmişdi. Bəzən bu dünyadan əlini üzüb, “yuxuda qəbrimi görürürəm hərdən” desə də, qəlbində həyat eşqi bir an belə sönməmişdi...
Mən bütün yaşları bir yaşa qatdım
İçimdə sönməyən bir ocaq çatdım.
Hər gecə ölümlə baş-başa yatdım
Sabah açılanda “min şükür” - dedim.

Hər sabahı “min şükür”lə açan Taleh Həmid bir dəfə də ürək ağrılarına etiraz eləmişdi. Ərkyana “hələ vaxtı deyil” demişdi:
…Darıxma ürəyim, olanlar olur,   
Bir gün ağrımağın vaxtı gələcək,
İndi ağrımağın zamanı deyil.


Amma ürək ona qulaq asmadı. Ağrımağında qaldı. Zamanı olmasa da…
Və o ağrıyan ürəyə bir gün damdı ki:
Şahlıq quşu!
O mənim çiynimə heç qonan deyil,
Göylərdən balaca bir daş düşərsə,
Biçarə Talehdən yayınan deyil.

Noyabrın 1-i günü düşdü o daş göylərdən. Və yayınmadı…
Və o gün yağış yağdı. “Bir də yağmayacaq bu yağış belə…”- dedik. Talehsiz dedik… Onun adından dedik, onun əvəzindən dedik…
Anladıq ki, şair haqlıymış:
İnsan buxarlanan
Sular kimidi,
Bir vaxt tapmayacan
Taleh Həmidi
.

O yağış yağan gündən tapmırıq Taleh Həmidi…
Tapmayacağıq! Və biləcəyik ki:
Çalış-vuruş
Sonu nədi?
Həqiqətlər dolu həyat
Sonda bir əfsanədi.


Sonu bir əfsanə olan bu həyatda Talehin üç bacısı var idi. Bacılarının itkisi də Taleh Həmidin 40-dan bu yana olan ağrılarındandı. Bu ağrılar təkcə yaxın adam, bacı itkisi deyildi. Bu itkilər onunçün ölümün də ləzzətini itirmişdi (ölümün də ləzzəti olarmış, ilahi!):
İllər il dalınca gör nələr etdi,
Ömrün nə bir taxtı, tacı qalmadı.
Taleh, ölməyin də ləzzəti getdi,
Səni ağlamağa bacı qalmadı.


Taleh ölməyin ləzzətinin getdiyi vaxtda - 64 yaşında yağışlı bir payız səhəri dünyaya əlvida dedi. Dedi və getdi. Kim bilir, bəlkə də onun son pıçıltısı bu misraları olub:
 Atlandım atım yatdı,
Qurulu taxtım yatdı.
Mən durdum bəxtim yatdı,
Dünya, sənə əlvida!

Amma bundan çox-çox əvvəl Taleh Həmid nikbin idi, dünyaya “əlvida” demək əhvalında deyildi. Moskvaya, onun şeirlərini rus dilinə tərcümə edən bir şairin (təəssüf ki, indi adını xatırlamıram) 50 illik yubileyinə getmişdik. Üç-dörd gün o şəhərdə gəzdik, dolaşdıq. Qonaqlıqlar, məclislər…
Onda şairin xoşbəxt vaxtları idi…

Redaktoru olduğu “Yeni fikir” qəzeti, necə deyərlər, əl-əl gəzirdi.
Elə sonralar da…

İndi dəqiq xatırlamıram, 90-cı illərin əvvəlləri idi, ya 90, ya da 91-ci il. Onun maşını ilə Bakıdakı Qarabağ küçəsindən keçirdik. Küçədəki nimdaş həyət evlərindən birinin qapısında üzütüklü bir kişi diqqətimizi cəlb elədi. Taleh tez maşını saxlayıb, “düş, bu, hamı tərəfindən unudulmuş istedadlı fantast yazıçı Namiq Abdullayedir”, - dedi. Bir də soruşdu ki, “diktafon üstündədimi”? “Hə” cavabım kefini bir az da açdı.

Onda biz “Yeni fikir” qəzetini buraxırdıq. Unudulmuş yazıçı qəzet üçün maraqlı müsahib ola bilərdi. Yazıçı ilə hal-əhval tutduq, səliqəsiz otağına keçib onu söhbətə çəkmək istəsək də alınmadı. Taleh “siz bir az söhbət edin, gəlirəm” deyib, tələsik çıxdı. Tezliklə bir az kolbasa-çörək və bir şüşə araqla qayıtdı. Mən onda anladım ki, fantast yazıçını araqsız danışdırmağın mümkün olmayacağını Taleh bilirmiş. Mən stolu səliqəyə salıb iki kiçik stəkan da tapıb yudum… Və qəzetin növbəti nömrəsi üçün böyük və maraqlı bir müsahibə aldıq.

Namiq Abdullayevin son sözləri belə oldu: “Mən ölmək istəyirəm! Yaşayın, bu idbar dünyada!”

Az sonra Namiq Abdullayev dünyasını dəyişdi. Biz yaşadıq bu idbar dünyada. Nələr gördük, nələr eşitdik…

Və bir yağışlı payız günü Taleh Həmid də köçdü dünyadan …
O da Namiq Abdullayev kimi köçməyə tələsirdimi?
İnanmıram!

Taleh Həmid son gününə qədər həyat eşqiylə yaşayırdı. Vəfatından bir neçə gün əvvəl verdiyi müsahibədə Əhməd Cavad haqqında mənzum pyes yazdığını xatırlatmışdı.  "Bakı ilə gecə söhbətləri" adlı silsilə şeirlər üzərində işlədiyini demişdi.

Elə o ərəfədə - ölümündən 3-4 gün əvvəl bizə gəlmişdi. Köhnə xatirələri yada saldıq. Bu günkü mətbuatın vəziyyətindən danışdıq, yazılmalı mövzuları xatırladıq. Dedi ki, kim nə deyir-desin, səviyyəli bir ziyalı qəzetinə indi də ehtiyac var, oxucusu olacaq.
Mən də təsdiq elədim. Yenə də nikbin idi. Deyəsən, ürəyindən belə bir qəzet buraxmaq da keçirdi. Amma bu söhbətdən bir neçə gün sonra Bakıda yağan yağışın damlaları  selə dönüb o arzuları da apardı:
Bu keçən payızda, gedən payızda,
Bəlkə bu yağışdır yoxum, varım da,
Səsi nəğmə oldu qulaqlarımda.
Damlalar hardasa döndülər selə
Bir də yağmayacaq bu yağış belə.

Bir də yağmayacaq bu yağış belə, Taleh Həmid!

Eh, bəlkə də yağacaq…
Sənsiz yağacaq…
Noyabrın 1-də yağdığı kimi…

O gün yağdı o yağış, onun dediyi yağış…
Apardı Taleh Həmidi. Qızının yanına apardı…
Bir təsəllimiz var. Yeri rahatdı. İstədiyi ünvandı… Qızının məzarını isidir. O, üşüməsin deyə…

Özü necə?
Üşüyürmü?
İnanmıram!
Çünki anası, atası, qardaşları da yanındadır...

Elə bil dünən yağmışdı o yağış…
Günlər uçub gedir. Talehsiz günlər…

Sabah Taleh Həmidin ölümündən 40-gün keçir…




***  
Zəruri xatırlatma

Tanınmış şair Taleh Həmid (Babayev Taleh Həmid oğlu) 1952-ci il iyunun 19-da Şəmkir rayonunun Dəllər Cəyir kəndində anadan olub.

1980-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Sonralar “Ulduz” jurnalında işləyib, təxminən on il bu jurnalda şöbə müdiri kimi çalışıb.
Eyni zamanda ədəbi yaradıcılıqla məşğul olub, kövrək, lirik şeirlər müəllifi kimi tanınıb.
Ötən əsrin 80-ci illərinin ortalarında o dövrün nüfuzlu Respublika Komsomolu mükafatına layiq görülüb.

1989-cu ildə nəşrə başlayan “Yeni fikir” qəzeti şair və publisist Taleh Həmidin daha bir keyfiyyətini – redaktorluq istedadını sübut edib. Həmin qarışıq dövrdə redaktorluq etdiyi “Yeni fikir” qəzeti əsil ziyalı tribunasına çevrilib.

“Qapımı bahar döyür”, “Dünya yaxşıdır hələ”, “Məni gözləyən olsa”, “Təltifsiz bulud” (Moskva), “Bu gündən sabaha”, “Mənə ürəyində yaz yeri saxla”, “Günəşdən gizlənir yay çiçəkləri”, “Ömrün payız sovqatı”, “Qarlı axşamların işığı”, “Sənə məktublar yazıram” kimi şeir və publisistik kitabları nəşr edilib.

2010-cu ildə şeir və poemalarından ibarət iki cildliyi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin “Qızıl kəlmə” ədəbi mükafatına layiq görülüb.
2015-ci ildə “Yəhya bəy Dilqəm” adlı ikihissəli lirik psixoloji dramı Naxçıvan Dövlət Musiqili Dram Teatrında tamaşaya  qoyulub.

Ömrünün son günlərində Əhməd Cavad haqqında mənzum pyes üzərində işləyib.
"Bakı ilə gecə söhbətləri" adlı silsilə şeirlərini tamamlaya bilməyib. 



10.12.2016 18:21:00
Oxuma sayı: 1381