"İlin sonunadək 3700 məcburi köçkün ailəsi yeni mənzillərə köçürüləcək" - MÜSAHİBƏ
Ölçü:


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə dövlət Komitəsinin sədri Rövşən Rzayev ONA-ya müsahibəsində məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb.

Koordinat.az həmin müsahibəni oxucuların diqqətinə çatdırır:

- Yaxın vaxtlarda məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün hansı işlərin görülməsi nəzərdə tutulub?
- Dövlət Komitəsinin sifarişi ilə Pirallahı qəsəbəsində tikilən 300 ailəlik kompleksin yaxın zamanlarda istifadəyə verilməsi nəzərdə tutulub. Həmin kompleksdə Pirallahıda yaşayan məcburi köçkünlər yerləşdiriləcək. Bundan əlavə, Şirvanda 685 ailəlik kompleks tikilir. Yaxın vaxtlarda həmin kompleksin tikintisi də tamamlanacaq və məcburi köçkünləri ora köçürəcəyik. Kürdəmirdə də bir qəsəbə salınır, bu kompleksə 600-ə qədər ailənin köçürülməsi planlaşdırılır. Ucar rayonunda, Göyçayda, Göygöldə də yeni komplekslərin tikintisi həyata keçiriləcək. Beləliklə, Prezidentin tapşırıqlarına uyğun olaraq Dövlət Komitəsinin sifarişi ilə bu ilin sonuna qədər 3700-dən çox məcburi köçkün ailəsi yeni mənzillərə köçürüləcək.   

- Məcburi köçkünlərin məskunlaşdığı yataqxanalara nəzarət necə təşkil olunub? Çünki bu yataqxanaların bəzilərinin qəsdən yandırıldığına dair məlumatlar var.
- Bu hallar baş verib. Son 1 il ərzində 6 yataqxanada yanğın olub və dövlətin aidiyyəti qurumları dərhal buna reaksiya verib. Biz baş nazirin müavini Əli Əhmədovun yanında artıq 3 dəfə iclas keçirmişik. Həqiqətən də, yataqxanalarda elektrik naqillərinin vəziyyəti çox pisdir. Xüsusi komissiya yaradılıb, bu komissiyanın artıq rəyi var. Xüsusi komissiyanın rəyi ilə bağlı qərar qəbul olunmasını gözləyirik. Komissiyanın üzvləri bütün aidiyyəti  qurumların nümayəndələridir və həmin qurumlar bu problemi aradan qaldıra bilər. Qəbul olunan qərar əsasında vəsait ayrılacaq və gələn qış mövsümünə qədər yataqxanalarda, pansionatlarda qəzalı vəziyyət yaradan problemlər aradan qaldırılacaq. Bu o demək deyil ki, həmin yataqxanalardakı məcburi köçkünlər köçürülmə prosesindən kənarda qalacaq. Sadəcə, məcburi köçkünlərin yataqxanalarda, pansionatlarda daha təhlükəsiz yaşanması üçün bu addımlar atılacaq.

- Yataqxanalardakı 6 yanğının hamısında qəsdən törədilmə elementi varmı?
- Bir neçəsi ilə bağlı rəy var, bir neçəsinin də rəyini gözləyirik.

- Bəs qəsdən yanğın törədilməsi hallarının qarşısını almaq üçün nəzarət hansı formada təşkil edilir?

- Bunun üçün həm də dövlət öz işini görməlidir. Təəssüflər olsun ki, uzun illər keçib, yataqxanalar yararsız vəziyyətə düşüb. Bu, aydın məsələdir. Təbii ki, məcburi köçkünlərin daha təhlükəsiz vəziyyətdə yaşamasını təmin etmək üçün dövlət bu istiqamətdə fəaliyyət göstərməlidir, göstərir də. Eyni zamanda məcburi köçkünlərimiz də bizim görmədiyimiz digər problemlər varsa - halbuki biz hər bir yerə nəzarət etmişik-   Dövlət Komitəsi hər zaman məcburi köçkünləri qəbul etməyə hazırdır. Əgər hər hansı problem varsa, biz dərhal qaldırılan həmin məsələlərə reaksiya verməyə hazırıq. Bu bizim vəzifə borcumuzdur, aldığımız tapşırıqlar bundan ibarətdir. Biz öz işimizi davam etdirməyə hazırıq.

- Yataqxanalarda qəsdən yanğın törədilməsi hallarının qarşısını öncədən almaq üçün prosesə polis əməkdaşları cəlb olunubmu?


- Xeyr. Polis və adiyyəti qurumlar hadisə baş verəndən sonra bununla məşğul olur.  Yaradılan komissiyanın rəyi əsasında yataqxanalarda qabaqlayıcı tədbirlər görmək üçün fəaliyyət göstəriləcək. 
06.05.2019 10:37:00
Oxuma sayı: 39