Qiymət siyasətinə texnokrat baxış: boğazdakı kəndiri yox, beldəki kəməri dartmaq lazımdır
Ölçü:


Tarif Şurasının təbii qaz və elektrik enerjisinin qiymətini qaldırması ölkədə geniş müzakirə olunur.  Təəssüf ki, ortada akademik yanaşmaya yoxdur. 

Kecən əsrin 60-cı illərində  BMT-nin sifarişi ilə aparılan araşdırmalarda göstərilirdi ki, hər bir ölkədə adambaşına istehsal olunan ümumi daxili məhsul ilə həmin ölkədə adambaşına istehlak olunan enerji arasında  birbaşa ələqə var. Başqa sözlə, hansı ölkədə adambaşına çox elektrik enerjisi istehlak olunursa, o ölkədə insanlar yaxşı yaşayırlar. 

Hamı üçün aşkar olan bu elmi nəticədən bu gün ancaq inkişaf etmiş dövlətlər istifadə edirlər. Digər ölkələr üçün bu nəticə hələ dərk edilmiş həqiqətdir.  Bu səbəbdən də inkişaf etmiş ölkələrdə enerji bolluğu yaradılır ki, sahibkarlar da bol məhsul istehsal etsinlər.  Əlavə edim ki, bu səbəbdən ABŞ-da 1900-cı ildən başlayaraq (1930-cu il istisna olmaqla) bu günə kimi enerjinin orta qiyməti hər il sürətlə azalır. 
 
“Kamilləşən Düşüncə” (Bakı, 2013) adlı kitabımda 169  dövlətin makroiqtisadi göstəriciləri cədvəl şəkilində (səh. 206) verilmişdir. Həmin cədvəldən bir neçə dövlətin göstəriciləri aşağıdakı cədvəldə göstərilir (Cədvəl məqalənin sonunda yerləşdirilib - red.) .  Cədvəlin 2-ci sütununda ölkələrin BMT tərəfindən müəyyən edilmiş reytinqləri, 3-cü sütunda “kamillik faktoru” ( K- ictimai mənafenin şəxsi mənafeyə olan nisbətini göstərir),  4-cü sütunda adambaşına düşən ümumi daxili məhsul, 5-cü sütunda adambaşına istehlak olunan enerji göstərilir. Cədvəli diqqətlə izləsək görünür ki, adambaşına ən çox enerji istehlak edən dövlətlərin (Norveç, Finlandiya kimi) həm həyat səviyyəsi, həm keyfiyyət faktoru,  həm də reytinqləri yüksəkdir.

“Kamilləşən Düşüncə” kitabının 115-ci səhifəsində “tərəqqinin zəruri və kafi şərt” adlı xırda başlıq var. Bu başlıq altında göstərilir ki, inkişaf etməkdə olan ölkədən inkişaf etmiş ölkələrin sırasına  keçmək üçün adambaşına istehlak olunan enerji 5000 kilovat/saatdan çox olmalsı zəruri şərtdir.  Buradan çıxaracağımız əsas nəticə bundan ibarətdir ki, əgər biz və Türkiyə Norveç və  Finlandiya kimi yaşamaq istəyiriksə, onda  istehlak etdiyimiz enerjini ikiqat artırmalıyıq. Bu, inkişafın zəruri şərtidir. İnkişafın kafi şərti məmur seçimi ilə bağlıdır. Belə ki, vəzifələrə feodal düşüncəli yox, kamil insanlar cəlb edilməlidir. 

"Kimin kamil insan olduğunu necə bilmək olar?" sualına isə elmi cavab belədir: ictimai (dövləti, milli) mənafeni şəxsi mənafedən üstün tutan şəxs kamildir. Başqa sözlə, K faktoru böyük olan insanlar kamil insanlardır.

Cədvəldə Azərbaycanla Türkiyənin göstəricilərini müqayisə etsək görərik ki, həqiqətən biz qardaş ölkələrik. Düşüncəmiz nə finlərin, nə də sinqapurların düşüncəsinə oxşar deyil. Yaxşı olar ki, düşüncəmizi dəyişək.

Su və hava fərdlərə hansı dərəcədə (və ya səviyyədə) lazımdırsa, ölkəyə (topluma) də enerji (qaz və işıq) həmin səviyyədə (və ya dərəcədə) lazımdır. BƏƏ-nin göstəricilərinə əsaslanaraq deyə bilərik ki, əgər enerli bolluğu yaradılarsa, onda ölkədə biznes və istehsal artacaq (daxili və xarici investerlər tərəfindən), insanların aktiv fəaliyyəti (o cümlədən də sahibkarlıq) artacaq və yeni iş yerləri yaranacaq və dirçəliş başlayacaq.  Əgər enerji baha və az olarsa, tərs proseslər gedəcək.

Futuristik yanaşmaya görə enerji və su bolluğu yaratmaqla inkişafı təmin etmək mümkündür. Bizim yaxın və uzaq qonşularımız məhz bu yolla gedirlər.  Rusiya Federasiyasının enerji siyasətini izləsək görərik ki, həm təbii qazın, həm elektrik enerjisinin, həm də suyun qiyməti Moskva ilə müqayisədə  bağ evlərində (daçalarda) çox ucuzdur. Bu cür diferensial qiymətləndirmə inkişafa qulluq edir.

Başqa bir misal:
Akademik R.Z.Saqdayev ADA-da bu ilki mühazirəsində Çində hər həftə bir istilik elektrik stansiyası işə salındığını demişdi.  İzahata ehtiyac yoxdur, niyəsi öz-özünə aydındır. Çünki əks yol uçruma gedən yoldur.

Bir daha xüsusi qeyd:
  Əgər istəyiriksə ki, əhalimiz sağlam və güclü olsun, onlara təmiz hava və təmiz suyu havayı (yəni maya dəyərinə), əgər istəyiriksə ki, dövlətimiz güclü olsun, onda istifadəçilərimizə bol enerjini (cədvələ bax) havayı (yəni maya dəyərinə) verilməlidir. Su, hava və enerjinin müstəsna əhəmiyyətini digər məhsullardan (ərzaqdan, torpaqdan, zinyət əşyalarından, avtomobildən və s.) fərqləndirmək lazımdir. Enerji daşıyıcılarının qiymətlərini qaldırdıqda boğazımızdakı kəndir, digər məhsulların qiymətini qaldırdıqda isə belimizdəki kəmər dartılmış olur. Ona görə də qaz, su, hava və enerji daxili bazar üçün alver predmeti olmamalıdır. Enerjinin və suyun pulunu birbaşa yox, dolaysı ilə istehsal olmuş məhsullardan (və ya xidmətdən) almaq lazımdır.

Məqaləyə son vermək üçün Şeyx Əbdül Mahmudbəylinin fikrindən istifadə etmək istəyirəm:  “Tarif Şurasının son qərarı qeyri-qanunidir, düz deyil. Ən azı ona görə ki, biz bunu istehsal edən ölkəyik, alan ölkə deyilik. Bu, birincisi. İkincisi, bunların bütün bu əməlləri mənə elə gəlir ki, planlı və düşünülmüş şəkildə şəxsən cənab preizdentə qarşıdır. Bir sənətkar olaraq 6-cı, 7-ci hissimlə bunu hiss edirəm ki, bunların bu məsələdə çox ciddi qərəzi var”.

Hesab edirəm ki, cənab Əbdül Mahmudbəylinin hisləri onu aldatmır.  Bura Milli Məclisin deputatı Yevda Abramovun parlamentdəki son çıxışının bir cümləsini əlavə etmək olar. 


Şahlar Əsgərov,
professor,
əməkdar elm xadimi

09.12.2016 10:22:55
Oxuma sayı: 885