Ürək yaman şeydir...
Ölçü:


Süleyman QARADAĞLI

Yazıçı Seyran Səxavətin "Qaçhaqaç" romanında belə bir cümlə var: "Saniyələr dəqiqələri, dəqiqələr saatları, saatlar günləri, günlər ayları, aylar illəri, illər də əsrləri doğurdu - bu, Zamanın döl kampaniyası idi..."

Zamanın döl kampaniyası indi elə bil daha sürətlə gedir. Vaxtın sürətli axarından, yel kimi ötüb keçməyindən həmişə gileylənirik. Xüsusən gənclik illəri ovcumuza düşən qar dənələri kimi tez əriyib gedir. Gileylənə-gileylənə  yaşadığımız zamandan, içərisində olduğumuz andan daha çox sabaha, gələcəyə can atırıq. Bəlkə də bu, həyatın  mahiyyət və mənasından doğur və həmişə adama elə gəlir ki, hələ hər şey irəlidə, sabahkı gündədir. Elə bu istəklə də günləri qova-qova bəxtimizə düşən ömür payını qayçılayırıq.

Malik həkimin də həyatı belə qovhaqovla keçib.  Həyata göz açdığı ilk illərdən tale onu ağır sınağa çəkib. Təzəcə qədəm qoyduğu dünyada doyunca ana laylası əvəzinə ata hıçqırtısı eşidib. Ayağı təzə-təzə yer tutanda anası Gülsabah sətəlcəm xəstəliyinə tutulub. Uzun müddət müalicə edilsə də, həyatını xilas etmək mümkün olmayıb.  Yaşıdları ana laylası eşidəndə, ana qucağında böyüyəndə, anasının əlindən tutub gəzəndə Malik ana həsrəti.yaşayıb. Yetimçiliyin nə olduğunu 4 yaşında hiss edib. Pirəmşən kəndində  qohum-qardaş, qonum-qonşu Ağagülün anasız qalan övladlarına nə qədər qayğı və mərhəmət göstərsələr də, dünyadan vaxtsız köçən ananı əvəz edə bilməyiblər. Hətta iş o yerə çatıb ki, ağır külfətin qayğıları ilə baş-başa qalan Ağagül ailənin sonbeşiyi olan oğlu Maliki Qubadakı uşaq evinə vermək qərarına gəlib.

İki yaşlı oğlunu qucağına sıxıb Şabran rayonunun Pirəmşən kəndindən Qubadakı uşaq evinə aparan ata bəlkə də dünyanın ən uzun və ən ağır yolunu qət edib. Yolboyu həm özü ağlayıb, həm də qucağındakı uşaq. Uşaq evinin işçiləri onu atasının qucağından alıb aparmaq istəyəndə elə qışqırıb ki, səsinə yetimxananın bütün işçiləri yığılıblar. Azyaşlı oğlunun qışqırtısı Ağagülün ata ürəyini parça-parça edib və o, oğlunu bağrına basaraq özü ilə evə qaytarıb...

İxtisasca mühasib olan Ağagül kişi böyük çətinliklə də olsa ağır külfətini dolandırıb, uşaqlar yavaş-yavaş boya-başa çatıblar. Ancaq dünyadan erkən gedən həyat yoldaşının itkisi həmişə onu göynədib və çox istəyib ki, övladlarından heç olmasa biri gələcəkdə həkim olub  vaxtsız ölümlərin qarşısını alsın, uşaqları valideynsiz, evləri anasız qoymasın. İş elə gətirir ki,  həmin yük məhz Malikin üzərinə düşür. O Malikin ki, anasızlığın ağrısını hamıdan çox çəkmiş, yetimçiliyin nə demək olduğunu hamıdan çox hiss etmişdi...

O vaxt Malikin ürəyindən nələr keçməyib: niyə insanların ürəyi tez dayanır, niyə ömür tez başa çatır? Elə etmək olmazmı ki, vaxtsız ölümlər, erkən itkilər olmasın? Necə etmək olar ki, ölüm qapıları vaxtsız   döyməsin, hələ uşaqlar körpə ikən analar dünyadan  getməsin, uşaqlar anasız qalmasın? Elə buna görə də həkim olmağa  o vaxtdan qərar verib. Ancaq həkim! Başqa heç kim! Lap yeniyetməlik illərindən ürəyi yalnız bu istəklə  alışıb-yanıb. Amma o vaxtkı Azərbaycan Tibb İnstitutu qapılarını taybatay açıb onu gözləməyib... Gərək gecələr yatmayıb, gündüzlər dincəlməyib oxuyasan, kitabları özünə ən yaxın sirdaş hesab edəsən. Malik elə belə də edib, gecə-gündüz oxuyub, tay-tuşları  top qovmağa gedəndə o, kitabxanaya üz tutub. Oxumaq, məqsədə çatmaq, ata arzusunu həyata keçirmək üçün hər əziyyətə qatlaşıb. İki il ali məktəbə imtahan versə də, qəbul oluna bilməyib. Nəhayət, növbəti il hazırlıq şöbəsinə  və elə oradan da Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsinə qəbul olunub. Tələbə adını qazanan Malik bu xəbərdən o dərəcədə sevinib ki, oğlunun imtahandan necə çıxacağını gözləyən atası ilə pilləkənlərdə üz-üzə gəlsə də, həyəcandan onu görməyib.  Ata-bala avtovağzalda qol-boyun olub görüşüblər, sonra qucaqlaşıb ağlaşıblar...

Oxumaq, öyrənmək həvəsi ali məktəbdə də onu tərk etməyib. Auditoriyalarda, xəstəxanalarda, təcrübə dərslərində nə eşidibsə beyninə həkk edib. Bir qarnı ac, bir qarnı tox tələbə həyatı keçirib. Tələbə yoldaşları gecələr yumşaq yorğan-döşəyin arasında yuxu bişirəndə Malikin qaldığı otağın pəncərələrindən işıq seli süzülüb. Elə bu cür çalışqanlığın nəticəsində tələbə olduğu axırıncı üç ili yalnız "əla" qiymətlə oxuyub və əlaçı təqaüdü alıb.

Həkim diplomu ilə doğma Şabrana qayıdanda sevinci köksünə sığmayıb, bəlkə də buna Malikin özündən çox  atası Ağagül sevinib. Ancaq tale burda da ata sevincini ona çox görüb - heç düz-əməlli üç il də sevimli övladını ağappaq həkim xalatında görə bilməyib...

Malik 31 yaşında ata itkisi də yaşayıb, daha bu dünyada ona "boyuna qurban olum, ay oğul" deməyə bir kimsə qalmayıb. Buna baxmayaraq ixtisasca kardioloq olan Malik ürək problemi ilə ona üz tutan hər qadını ana, hər kişini ata hesab eləyib, hər uşağı öz oğlu-qızı bilib.  Ağrı-acı ilə,  ürək problemlərilə əlaqədar  onun yanına gələn xəstələrin   həkim əllərinin şəfası ilə sağalıb həyata   qayıtmağını özünün həyatda ən böyük mükafatı hesab eləyib. Şabran Rayon Mərkəzi Xəstəxanasının ali dərəcəli həkim-terapevti kimi neçə-neçə ömürlərə ömür calayıb.

Bir-birini qovan günlər aylara, aylar illərə çevrildi, illər də illəri qova-qova Malik həkimin doğum tarixini 60-a yaxınlaşdırdı.  60 yaş! Adamın inanmağı gəlmir...

Elə bil hər şey dünən olub - anasızlığın ağır sınaqları da,  uzun qış gecələrini kitab-dəftərlə başa vurduğu da, tələbə yataqxanasında ac-susuz keçirdiyi günlər də, həkim diplomu ilə  atasını sevindirdiyi də, ilk şeirlər kitabının çıxdığı da... Olub, bunların hamısı olub! Amma necə də tez, necə də iti, necə də sürətli!

İndi ömrün 60-da dayanan ali dərəcəli terapevt-kardioloq, gözəl şair Malik Xəlil Ağagül arxada qalan illərə boylanaraq düşünür. Ağlaya-ağlaya qədəm basdığımız dünyada güllü beşiyimizdə anamızın laylalarına qulaq asa-asa böyüyüb boya-başa çatırıq. Həyat şirin və doyulmaz bir röya kimi bizi qoynuna alır, sınaqlardan, imtahanlardan keçirə-keçirə körpəlikdən uşaqlığa, uşaqlıqdan gəncliyə, gənclikdən qocalığa, qocalıqdan ahıllığa doğru aparır. Özümüz də hiss etmədən yaşımızın üstünə yaş gəlir, saçımıza dən, üzümüzə qırış düşür. Bir də onda ayılırıq ki, diş tökülüb, bel bükülüb, göz nurunu itirib, əl əsaya möhtacdır.

Malik həkim bunları düşünə-düşünə, fikirləşə-fikirləşə xəyala dalır. Ey gidi dünya!.. Hanı o şabalıdı gur saçlar, hanı o buz baltası kimi iti dişlər, hanı o şümal qamət? Əlbəttə, o bir həkim kimi bunun fizioloji əsaslarını, şair kimi poeziyasını, müqəddəs Həcc ziyarətində olmuş mömin kimi hikmətini çox gözəl bilir.

Bizi dünyaya gətirən, böyüdən, yaşadan, öyrədən və qocaldan zaman! Hansısa filosofun sözüdür; gəlin güzgüləri sındıraq! Onun yozumuna görə, güzgü olmasa qocalığımızı da hiss etmərik. Amma çıxış yolu bumu?

Uzun ömür sürmək və çox yaşamaq hər kəsin arzusu olsa da, onun yeganə yolu yaşa dolmaqdır. Bunun özündə də bir təzad var: həm çox yaşamaq istəyir, həm də qocalmaq istəmirik. Yaşaya-yaşaya yaşlanır, yaşlana-yaşlana qocalırıq...

Deyirlər adam var altmışında duza gedir, adam var altmışından yüzə gedir. Gözəl insan, vəfalı dost, xeyirxah peşə sahibi Malik həkim altmışından yüzə gedənlərdəndir. Bir şeirdə deyilir:

Bu yollarda qazanmısan çox adlar,
Ömür yolun başdan-başa təzadlar...
Az olmayıb həyatında əzablar -
Acı, şirin dadmışı da mübarək,
Altmış ilin altmışı da mübarək!

Elə bil eynən Malik həkim haqqında deyilib. Əslində həkim ömrünü rəqəmlərə, illərə, zamana  sığışdırmaq bəlkə də düz deyil. Aktyor ömrü oynadığı rollara paylandığı kimi, həkim ömrü də  şəfa verdiyi, həyata qaytardığı neçə-neçə  ömürdə yaşayır, davam edir və sonsuzluğa qədər uzanır.

Malik Xəlil Ağagül həyatı sevə-sevə, duya-duya yaşayır. Onun ömrü həkim, şair, mömin, ziyalı və ən nəhayət, insan ömrüdür. Bu ömürdən həyat bəxş etdiyi xəstələrin ömrü boylanır, hələ neçə-neçə ömürlər  boylanacaq.

Sazaqlı dekabr günlərində Malik həkimin ömür yelkəni 60-cı sahilə yan alır. Şair demişkən:

Ömrün altmışında xoş gördük səni,
Ömrün səksənində görüşənədək!

Üzümüzə açılan  yeni səhərlərdə görüşmək arzusu ilə...


07.12.2016 15:47:09
Oxuma sayı: 1023