Dillər Universitetində “Heydər Əliyev - milli-siyasi elitamızın zirvəsi” - FOTO
Ölçü:


Bu gün Azərbaycan Dillər Universitetində siyasi elmlər doktoru, professor, YAP Siyasi Şurasının üzvü Vaqif Abdullayevin yeni nəşr olunmuş “Heydər Əliyev - milli-siyasi elitamızın zirvəsi” kitabının təqdimat müzakirəsi keçirilib. Ulu öndər Heydər Əliyevin 96 illik yubileyi münasibətilə təşkil edilən tədbirdə universitetin tanılnmış alimləri, elmi ictimaiyyət və tələbə-gənclər iştirak edib.

Koordinat.az xəbər verir ki, Azərbaycan Dillər Universitetinin rektoru, Əməkdar elm xadimi, Milli Elmlər Akademiyasının həqiqi üzvü, akademik Kamal Abdulla çıxış edərək  Ulu Öndərin müasir müstəqil Azərbaycan dövlətçiliyinin qurucusu, azərbaycançılıq məfkurəsinin banisi kimi möhtəşəm fəaliyyətindən, gənclərə qayğısından söz açıb. O, bildirib ki, hazırda Azərbaycan dünyanın ən dinamik inkişaf edən ölkələrindəndir və bu inkişaf illər öncə qurulmuş strategiyanın nəticəsidir. Ulu Öndər quruculuq fəaliyyəti dövründə Azərbaycanın inkişafı və xalqın dinc yaşamasını təmin etmək üçün müxtəlif istiqamətlərdə proqram və layihələr həyata keçirib. “Heydər Əliyevin iki epoxanın, iki sosial-siyasi sistemin lideri olduğunu qeyd edən K.Abdulla bildirib ki, sovet dönəmində o, Azərbaycanda yüksək vəzifələr tutub. Respublikanın rəhbəri kimi Heydər Əliyev Azərbaycanı yeni inkişaf mərhələsinə çıxarıb. Onun modernləşmə yönümlü siyasəti sayəsində Azərbaycan həm keçmiş SSRİ-də, həm də müstəqillik dövründə dünya birliyində aparıcı mövqelər tuta bilib”.    

Akademik Kamal Abdulla Ulu Öndər və Onun Siyasi varisi Prezident İlham Əliyev, Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban Əliyevanın fəaliyyətininə geniş işıq saçan çox qiymətli bir kitabın yazılmasında böyük əmək sərf etmiş müəllifə minnətdarlığını bildirib. “Heydər Əliyevin və Onun layiqli davamçılarının zəngin siyasi irsini tədqiq etmək, Azərbaycanın müasir quruculuq salnaməsini öyrənmək baxımından zəngin əsər olan kitab təkcə beynəlxalq məsələlər üzrə mütəxəssislər üçün deyil, həm də geniş oxucu auditoriyasında maraq doğuracaq”.

Tədbirdə çıxış edən Azərbaycan Dillər Universitetinin müəllimlərindən Namiq Kərimov, Şəfəq Abdullayeva, Namiq Həsənov, Sevdagül Əliyeva və digərləri Ulu Öndərin çoxcəhətli fəaliyyətindən, bu dahi şəxsiyyətin qoyub getdiyi irsin bugünkü və gələcək həyatımız üçün əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, Azərbaycanın siyasi elminin tanınmış nümayəndələrindən biri, ictimai-siyasi sahədə çoxsaylı elmi-tədqiqat əsərlərinin və kitabların müəllifi, siyasi elmləri doktoru, professor Vaqif Abdullayevin müəllifi olduğu "“Heydər Əliyev - milli-siyasi elitamızın zirvəsi " kitabı siyasi, ictimai, sosial sahəyə yeni elmi baxışın nümunəsi hesab edilə bilər. Alimin qələmə aldığı əsərdə siyasi, iqtisadi, sosial, humanitar proseslərin düzgün və obyektiv, fəlsəfi-analitik təhlilini görmək mümkündür. Müəllif Ulu öndərin qurub-yaratdığı və əmanət etdiyi müasir, müstəqil Azərbaycan möhkəm təməl üzərində Prezident İlham Əliyevin rəhbərliyi altında zəngin, qüdrətli dövlətə çevrildiyini, iqtisadi, sosial, elm, təhsil, hüquq, humanitar və digər sahələrdə əldə etdiyi yüksək nailiyyətləri zəngin faktlarla təqdim edibdir. Kitabda Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın geniş və çoxşaxəli fəaliyyəti sayəsində Azərbaycanda aparılan iqtisadi və sosial proqramların mühüm uğurları da dərin elmi-fəlsəfi təhlil obyekti kimi mühüm yer tutur.

Sonra “Heydər Əliyev - milli-siyasi elitamızın zirvəsi” kitabının müəllifi, Siyasi elmlər doktoru, professor, YAP Siyasi Şurasının üzvü Vaqif Abdullayev çıxış edərək Ümummilli lider Heydər Əliyevin Azərbaycanın milli inkişafı, demokratik dövlət quruculuğu, iqtisadi və sosial intibahın əldə olunmasında misilsiz xidmətlərindən bəhs edib. Bildirib ki, Heydər Əliyev haqqında kitab yazçaq çox çətin və məsuliyyətlidir, böyük qürur və şərəfdir. Özünü Heydər Əliyevin sadiq əsgəri hesab edən V.Abdullayev Ulu öndərin siyasi irsinin öyrənilməsində bu nəşrin faydalı olacağına inandığını vurğulayıb.



26.04.2019 16:13:00
Oxuma sayı: 248