Son 5 gündə yağıntının miqdarı aylıq normanı keçib
Ölçü:


Aprel keçid ayı olaraq havanın son dərəcə qeyri-stabilliyi ilə seçilir. Bu ayda soyuq və isti hava kütlələrinin bir-birini əvəz etməsi xüsusilə kontrastlı olur. Bu, şimalda, qütb ətrafı rayonlarda 30 dərəcəlik şaxtalar müşahidə olduğu zaman cənubda temperaturun yay göstəricilərinə yaxınlaşması ilə izah edilir. Təbii ki, atmosfer sirkulyasiyasının meridional forması şəraitində cənub regionlarının sakinləri üçün qış qayıtmış olur.

Koordinat.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, aprelin 17-dən 22-dək şimal enliklərindən uzun sürən soyuq hava kütlələrinin daxil olması ölkədə qeyri-sabit hava şəraiti yaradıb. Dağ və bəzi dağətəyi rayonlarda yağışın qara keçməsi nəticəsində 2-14 santimetr qalınlığında qar örtüyü yaranıb.

Son 5 gün ərzində yağan yağıntıların miqdarı bəzi rayonlarda aylıq normanı keçib. Xüsusilə Böyük Qafqazın rayonlarını qeyd etmək lazımdır. Zaqatalada yağıntının miqdarı 130 millimetr olmaqla aylıq normanın 127, Balakən, Şəki, Oğuz, Qubada 38-94 millimetr olmaqla aylıq normanın 72-92, Lənkəran-Astara zonasında isə 88-100 millimetr olmaqla aylıq normanın 140-180 faizini təşkil edib.

Bu günlərdə havanın orta sutkalıq temperaturu iqlim normasından 3,5-6,0, Bakıda isə ayın 20-də normadan 6,6 dərəcə enib.

Lakin qeyd olunan soyuqlar rekord göstərici deyil. Son rekord anomaliya 2004-cü il aprelin 5-də müşahidə edilib. Belə ki, həmin tarixdə Bakı şəhərinə qar yağıb.

Aprelin 23-də gecə saatları bəzi rayonlarda intensiv yağıntıların olma ehtimalı saxlanılır. Bununla əlaqədar dağ çaylarında qısamüddətli su basmaları mümkündür. Ayın üçüncü ongünlüynün ikinci yarısında cənub küləklərinin daxil olması fonunda temperaturun artması ilə hava şəraitinin daha stabil olması gözlənilir.

23.04.2019 17:18:00
Oxuma sayı: 259