Qarabağda talan var...- ermənilərin Azərbaycana qarşı “arxeoloji cəbhə”si- FOTOLAR
Ölçü:


Azərbaycan ərazilərinin 20 faizə qədəri 25 ilə yaxındır ki, Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Düz 25 ildir yurdlarımızı talan-qarət edən ermənilər bu müddət ərzində maddi mədəniyyət nümunələrimizi söküb-dağıdır, tarixi abidələrimizi məhv edir, Azərbaycan xalqına məxsus olan və tarixi minilliklərə gedib çıxan maddi sərvətlərimizi saxtalaşdırmaqda, qənimət kimi ələ keçirib özününküləşdirməkdə davam edirlər.

Düz 25 ildir əsarətdə saxladıqları dədə-baba yurdumuzda “arxeoloji qazıntılar” aparmaqla tarixi abidələrimizi, qədim yaşayış məskənlərimizdəki maddi mədəniyyətimizi talan edən ermənilər indi də Azıx mağarasına soxulmaqla tariximizi saxtalaşdırır. Hətta buna görə Avropadan, dünya sivilizasiyalarının mərkəzi sayılan Fransadan alimlər də dəvət edir. Nə yazıq ki, bu alimlər arasında Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasında vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT-in Minsk qrupuna həmsədrlik edən Fransanın elm adamları da var.

Əslində ermənilərin işğal altındakı qondarma “arxeoloji tapıntılar”ı yeni deyil.  Son 25 ildə işğal altında saxladıqları Dağlıq Qarabağda və ətraf rayonlarda apardıqları “arxeoloji qazıntılar”a dair onlarla belə fakt göstərə bilərik.

Ağdam yaxınlığında “arxeoloji qazıntılar” nəticəsində “Tiqranakert” adlı qədim erməni şəhərinin tapıldığını iddia edən  ermənilərin bu saxtakarlığının üzərindən cəmi  4 il keçib. 2012-ci ildə bu “tapıntı” ətrafında xaricdə böyük təbliğat kampaniyası quran erməni alimləri sonradan eyni vandalizm siyasətini Kəlbəcərdə tətbiq etdilər. İşğalçı Ermənistanın alimləri bu dəfə Kəlbəcər ərazisində, Tərtər çayı sahillərində “qədim erməni şəhəri”ni aşkara çıxardıqlarını elan etdilər.

Aprel döyüşlərindən az sonra - bu ilin may ayında Ermənistan silahlı qüvvələrinin əsgərləri işğal altında saxladıqları Azərbaycan ərazilərində səngər qazarkən qədim dövrə aid iki türbənin qalıqlarını tapıblar. Ermənistan mətbuatının yaydığı məlumatda bildirilirdi ki, əsgərlər cəbhə zonasında mühəndis-istehkam işləri aparan zaman torpağın çox da dərin olmayan alt qatından saxsı qablar, o cümlədən külçələr aşkarlayıblar. Hətta qondarma “DQR”in Turizm Nazirliyinin Tarixi mühitin dövlət mühafizə xidmətinin nümayəndəsi Diana Mirijanyan tezliklə həmin ərazidə arxeoloji işlərə başlayacaqlarını da gizlətməmişdi. Bununla da Dağlıq Qarabağı və ətraf rayonlarımızı işğal altında saxlayan Ermənistan tarixi saxtalaşdırmaq və Azərbaycan ərazilərində guya, erməni mənşəli tapıntıların üzə çıxdığını nümayiş etdirmək üçün yeni bir fürsət qazandığını bəyan edirdi.

İndi isə tarixi saxtalaşdırmağın növbəti mərhələsini ötən əsrin 60-cı illərində azərbaycanlı arxeoloq Məmmədəli Hüseynov tərəfindən kəşf edilən Azıx mağarasında davam etdirirlər. Ermənilərin bu saxtakarlığını əvvəlkilərdən fərqləndirən bir mühüm məqam var: aprel döyüşləri zamanı Azərbaycanın hərbi qüvvəsi qarşısında geri çəkilmək məcburiyyətində qalan Ermənistan bütün ciddiyyəti və gücü ilə işğal altındakı ərazilərdə məskunlaşdırmanı mümkün qədər tezləşdirmək və Dağlıq Qarabağdakı maddi mədəniyyət abidələrini ya erməniləşdirmək, bu mümkün olmadıqda isə həmin abidələri dağıdaraq yox etmək xəttini tutub.

Aprel ayında döyüş əməliyyatları zamanı faktiki olaraq Azərbaycan Ordusu qarşısında duruş gətirə bilməyən ermənilər 4 günlük müharibədən sonra Dağlıq Qarabağda “arxeoloji döyüşlərə” başlayıb.  Torpaqlarımızın işğalı dövründə Ermənistan  ordusunun tərkibində Azərbaycana qarşı döyüşən xarici muzdlu döyüşçülər indi “arxeoloji cəbhə”də erməni fitnəkarlığına və saxtakarlığına dəstək verən alimlər əvəz edir. Yenə də nə yazıq ki,  erməni fitnəkarlığına uyub Azərbaycana qarşı “arxeoloji cəbhə”də vuruşanlar arasında avropalı alimlər, fransız arxeoloqlar üstünlük təşkil edir.  Halbuki hələ əmin-amanlıq dövründə bu fitnəkar ermənilər də Qarabağ əhalisi arasında Azıx mağarasının vaxtilə pir, ziyarətgah kimi tanındığını bilirdilər.  Azığın ən böyük dəyəri ondadır ki, burada daş dövrünün bütün mərhələləri aşkar olunub.  “Azıxantrop” adlanan beşinci neandertal insanın qalıqları 1968-ci ildə məhz Dağlıq Qarabağın ərazisində Azıx mağarasında tapılıb.  Həmin il azıxantropun çənə sümüyü arxeoloq  Məmmədəli Hüseynov tərəfindən tədqiq olunub.

Əslində əsrlər boyu türklərə qarşı düşmənçilik siyasəti yürüdən ermənilərin hələ ötən əsrin 60-cı illərində Azərbaycan arxeoloqları tərəfindən tədqiq edilən Azıx mağarasına soxulmaqla tariximizi saxtalaşdırmaq cəhdi başadüşüləndi. Başa düşülməyən, anlaşılmayan, təəssüf və təəccüb doğuran hadisə  Avropa alimlərinin erməni fitnəkarlığına uyaraq onların Azıx mağarasındakı “arxeoloji tapıntı”larına bu qədər diqqət göstərməsidir.  Axı, Avropa alimləri, lap elə Fransanın elm adamları Azıx mağarasındakı tapıntıların hələ 1960-cı illərdə Azərbaycan arxeoloqları tərəfindən tədqiq edildiyini və dünyaya tanıdıldığını bilməmiş deyillər. Hərgah ermənilərin dəvət etdiyi bu avropalılar, fransızlar doğrudan da elmlə məşğuldurlarsa...

Bu alimlər həm də işğal altındakı Azərbaycan ərazilərinə - Dağlıq Qarabağa qanunsuz səfər etdiklərinin də fərqində olmalıdırlar. Çünki onlar doğrudan da alimdirlərsə və elmlə məşğul olan adamlardırlarsa, Azıx mağarasının aid olduğu ərazinin - Dağlıq Qarabağın Ermənistan deyil, Azərbaycan torpağı olduğunu bilməlidirlər!

Görünür, burada elmi yanaşmalar yox, siyasi mülahizələr və məqsədlər daha önəmlidir...

Bəs, “arxeoloji cəbhə”də erməni fitnəkarlığına və saxtakarlığına dəstək verən fransalı alimləri susdura biləcəyikmi?

Azərbaycan alimləri bu sualın cavabını hələ 1968-ci ildə verib. İndi isə növbə Azərbaycan Ordusunundur. Silahlı Qüvvələrimiz işğal altındakı ərazilərimizi azad etməklə kəmfürsət ermənilərin bu niyyətini də gözündə qoyacaq.

Bir mühüm məqamı da yaddan çıxarmayaq: 1994-cü ildə imzalanmış atəşkəs sazişindən keçən 22 ildə baş verənlərin təhlili göstərir ki, bu müddət ərzində ermənilərin dağıtdığı tarix-mədəniyyət abidələrinin sayı hərbi əməliyyatların getdiyi illərdə dağıdılmış abidələrin sayından çoxdur. Nadir kolleksiyası olan Kəlbəcər tarix-diyarşünaslıq muzeyi, Şuşa, Laçın, Ağdam muzeyləri və başqaları dağıdılıb, onların eksponatları dünyanın müxtəlif ölkələrində satışa çıxarılıb. Məsələn, Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün güllələnmiş tunc heykəlləri Şuşadan aparılaraq sonradan Gürcüstanda satışa çıxarılmışdı və Azərbaycan hökuməti onları 500 min dollara alıb Bakıya gətirmişdi. Laçın tarix-diyarşünaslıq muzeyinə məxsus eksponat Londondakı Soutbi hərracında 80 min dollara satılıb. İşğal olunmuş ərazilərdə ermənilərin vəhşiliklərindən biri də ondan ibarətdir ki, onlar həmin abidələrdə və ayrı-ayrı tikililərdə yazıları erməni xaçı və yazıları ilə əvəz edirlər.


Elxan Salahov,

“İki sahil”
02.12.2016 12:12:40
Oxuma sayı: 1119