Oğul və kürəkənin Avstriya müəmması: Çingiz Baxşiyevin ailə sirləri açıla bilər
Ölçü:


Mənimsəmə cinayəti törətməkdə təqsirli bilinərək hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə edilən keçmiş nəqliyyat müfəttişi Rövşən Əhmədovun onu həbsə atdıran qohumu, nəqliyyat nazirinin sabiq müşaviri Çingiz Nərimanoviç Baxşiyevin ailə sirləri barədə açıqlaması çox yaxın vaxtlaradək dövlət qulluğunda olmuş bu şəxsin medianın gündəmindəki “yer”ini bir az da “möhkəmləndirib”.

Koordinat.az məsələdən indiyədək xəbərsiz qalanlar üçün xatırladır ki, ötən əsrin otuzuncu illərində sovet repressiyası zamanı Azərbaycandan Qırğızıstana sürgün edilmiş ailənin övladı olan Ç.Baxşiyev uzun illər bu respublikada nəqliyyat sistemində işləmiş, sovet hökuməti dağılandan sonra Avropaya köçüb getmiş və nəhayət, 2002-ci ildə vətənə qayıdaraq, Bakıda yaşamağa başlamış, qısa müddətdə Nəqliyyat Nazirliyində yüksək vəzifələrə təyinat almış, hətta bir müddət nazirin özünə müşavirlik etmişdir... Neçə müddətdir kütləvi informasiya vasitələrində gen-bol işıqlandırılan hadisə də məhz müşavir vəzifəsində olduğu dövrə - bu ilin fevral-aprel aylarında onun başına gəlib: kişinin gizlədib saxlamaq üçün öz əmisi nəvəsi R.Əhmədova verdiyi qızıl sikkələr və zinət əşyaları ilə dolu üç bankadan ikisi yoxa çıxıb.  İçərisinə ümumi dəyəri dəyəri 800 min manata çatan varidat yığılmış və qatbaqat bağlanıb “skoçlanmış” bankaları Ç.Baxşiyevin öz qohumuna necə verməsinin  və geri almasının təfərrüatları barədə mediada yetərincə məlumat var. Son vəziyyət belədir: keçmiş məmur yoxa çıxmış qızıllarını qohumunun “mənimsədiyini” iddia edərək, onların qaytarılması, üstəlik, özünə və qızlarına dəyən mənəvi ziyanın da ödənilməsi üçün hüquq-mühafizə orqanlarının ətəyindən yapışıb, səkkiz aydır bu ittiham ilə həbsxana həyatı yaşayan qohumu R.Əhmədov isə and-aman edir ki, qızılları necə alıbsa, eləcə də qaytarıb...

Bu məsələdə kimin haqlı olub-olmadığını son nəticədə ədalət mühakiməsi müəyyənləşdirməlidir və hakim Rasim Sadıqovun sədrlik etdiyi məhkəmə heyəti xeyli müddətdir diqqətlə, ciddiyyətlə və peşəkarlıqla bu məsələni araşdırır...

Qayıdaq dünənki prosesdə müttəhimin dediklərinə... “Ziya Məmmədovun oğlu Anar Avstriyada bankdan böyük pul götürüb qaytarmamışdı. Çingiz Baxışovun oğlu Nəriman atasına deyirdi ki, “Anar pulu qaytarmayıb, mənim üstümdə qalıb, get, nazirlə danış”. Bu məsələyə görə tez-tez atasına zəng edirdi”. Bu sözləri Rövşən Əhmədov qohumlarının onu qızılları mənimsəməkdə təqsirləndirmələrinin səbəbləri barədə danışarkən deyib. Ç.Baxşiyevin ailə sirlərinə bələd olduğunu iddia edən və bununla əlaqədar xeyli maraqlı faktlar açıqlayan müttəhim, onun oğlu Nərimanla kürəkəni Ayazın nəqliyyat nazirinin oğlu Anarla birlikdə Avstriyada biznes qurduqlarını, sonradan isə həmin biznesdə problemlər yaşadıqlarını bildirib.

Ç.Baxşiyevin guya onun əlindən su alıb içərək zəhərlənməsi barədə söz-söhbəti də ortaya zərərçəkənin qızı Fatmanın atdığını iddia edən R.Əhmədovun fikrincə, bunda məqsəd qızılların yoxa çıxmasının əsil səbəbini gizlətmək olub.

Ç.Baxşiyevin oğlunun və kürəkənin zərərli vərdişləri, qeyri-ənənəvi dini cərəyənlara marağı və bu cərəyənlara aid təşkilatlara pul yardımı göstərməsi, Avropadakı qaranlıq həyat tərzi haqqında mediada müxtəlif məlumatlar yer alır. Məsələn, “musavat.com”un dünən yaydığı məlumata görə, Ç.Baxşıyevin xaricdə yaşayan  1984-cü il təvəllüdlü oğlu Nəriman atasının şəxsi əlaqələrindən istifadə edərək diplomatik pasport alıb və həmin pasportla uzun illərdir ki, ölkədən kənardan dolanır. Azərbaycana isə gəlməkdən yayınır. Onun kef-damağa, içki məclislərinə meylli olmasından yerli hüquq-mühafizə orqanları da xəbərdardır. Odur ki, Nəriman Baxşıyev üstündəki diplomatik pasportla Bakı hava limanında VİP sərnişinlər üçün nəzərdə tutulan zala qədər gəlir. Narkotik aludəçisi olan dostlarının əhatəsinə düşməməsi üçün onun şəhərə getməsini istəməyən yaxınları ilə zalda görüşür və içi pulla dolu çanta ilə geri dönür. Sözügedən saytın məlumatına görə, Nəriman Baxşıyev uzun illərdən bəri formalaşan həmin ənənəni pozaraq bu yaxınlarda Bakıya gəlib, şəhərdəki mənzillərindən birinə gedib və az sonra hüquq mühafizə orqanları tərəfindən saxlanılıb. Lakin atası Ç.Baxşiyev bu dəfə də əziz-xələf oğlunun azad edilib, ölkədən çıxarılmasına nail olub.

Bu məlumatdan xeyli əvvəl isə “politika.az” saytı Çingiz Baxşıyevin 2015-ci ilin əvvəlində ölkədən 7 milyon avro çıxararaq Avstriyanın paytaxtı Vyana şəhərində böyük bir mağaza aldığı barədə məlumat yaymışdı. Məlumatda bildirilirdi ki, brend malların satışı ilə məşğul olan mağazanın idarəediciləri Ç.Baxşıyevin oğlu Nəriman Baxşıyev və kürəkəni Ayaz İbrahimovdur.  Məlumatda iddia edilirdi ki, Ayaz İbrahimov mağazanın 3 aylıq dövriyyəsini götürərək vəhhabi təriqətinin ehtiyacları üçün xərcləyib. Bundan sonra mağaza iflas olaraq bağlanıb. Vəziyyət haqda Ç.Baxşıyevə məlumat verən ailə üzvləri mağazanın yenidən fəaliyyətə başlaması üçün əlavə 3 milyon avro tələb olunduğunu bildiriblər. Bundan sonra müşavir qızı vasitəsilə 3 milyon avronu kürəkəninə verib və mağaza yenidən açılıb.

Elə həmin məlumatda Ç.Baxşıyevin özünün də “Avtonəqliyyatservis” Departamentinin rəisi vəzifəsində işləyərkən yol verdiyi qanunsuzluqlar haqqında bir sıra faktlar yer alımışdı...

...Dünənki məhkəmə iclasında Ç.Baxşiyev kütləvi informasiya vasitələrinin onun haqqında qarayaxma kampaniyası apardığı barədə yenidən hay-küy salıb. Dövlət idarəçiliyində yüksək vəzifə tutan və dövlətə vergi ödəyənlərin hesabına yüksək maaş alan bir məmurun külli miqdarda qızıl-zinət sahibi olması və üstəlik də, onun bir hissəsini naməlum şəraitdə itirməsi ictimai maraq kəsb etməyə bilməz. Bu qədər var-dövlətin halallıqla, qanuni şəkildə əldə edilməsi şübhə doğurduğu kimi, onun şübhəli məqsədlərə, eyş-işrətə, milli mənəvi dəyərlərimizə zidd əməllərə sərf edilməsi də ictimai qınaq və hiddətə səbəb olur.

Qatıq bankalarına doldurduğu qızılları, “kondisioner” qutularnda çinlədiyi xarici valyutanı gizlətmək üçün öz qohumuna verib, sonra da onu oğru çıxarmaq istəyən məmur ailəsinin ictimai qınağa məruz qalmasından təbii nə ola bilər?..

02.12.2016 11:58:42
Oxuma sayı: 266