Eldar Namazov: "Bu danışıqlarda torpaqlarımızın azad olunması ilə bağlı heç bir irəliləyiş görmürəm, əksinə, təhlükə var" - MÜSAHİBƏ
Ölçü:


Eldar Namazov Dağlıq Qarabağ münaqişəsi barədə "Qarabağ in Azerbaijan"a geniş müsahibə verib.

Koordinat.az həmin müsahibəni oxuculara təqdim edir:

Eldar bəy, Paris, Moskva və indi də Vaşinqton. Bu trayektoriyada davam etdirilən Qarabağ danışıqları sizə nə deyir: vaxt uzadılır, yoxsa ciddi bir proses var?

– Əgər biz bu görüşləri, bu aktivliyi diplomatik siyasi proses kimi qiymətləndirsək, onda bir nəticəyə gələcəyik: fəallıq var, bu da onunla bağlıdır ki, Ermənistanda yeni hakimiyyət formalaşıb. Bu hakimiyyətin nə xarici siyasəti, nə Qarabağla bağlı niyyəti hələ axıra kimi bəllidir. Böyük oyunçular, xüsusən də Rusiya və ABŞ, Avropa Birliyinin adından Fransa çalışırlar ki, yeni yaranmış bu durumu dəqiqləşdirsinlər, balans nədən ibarətdir, Paşinyan hakimiyyəti prosesə hansı yenilik gətirəcək, bunu nəzarətdə saxlasınlar, lazım gələndə də bunu öz xeyirlərinə istifadə edə bilsinlər. Yəni xarici siyasət baxımından proses çox fəaldır, regionda geosiyasi rəqabət baxımından əsas güc mərkəzləri çalışır ki, bu məqamda bütün bu prosesi incəlikləri ilə nəzarətdə saxlasınlar. Ancaq biz bu görüşlərə Qarabağ probleminin həlli baxımından yanaşsaq, burada heç bir yenilik baş vermir. Bu, daha çox regionda nüfuz savaşı və geosiyasi oyunlar baxımından maraq doğura bilər. Bizim torpaqlarımızın azad olunması ilə bağlı hansısa ümidverici yanaşma yoxdur. Əksinə, Ermənistanın yeni hakimiyyəti əvvəlkilərdən də sərt yanaşma ortalığa qoyur. Hətta Sərkisyanın və Köçəryanın vaxtilə Dağlıq Qarabağın ətrafında işğal olunmuş ərazilərlə bağlı dediyi tezisləri təkrarlamaqdan da çəkinirlər. Yəni keçmiş prezidentlər heç olmasa, 3-5 ildən bir deyirdilər ki, o torpaqlar bizim deyil, Ağdam ermənilərin vətəni deyil və s. Paşinyan isə daxildə özünü arxayın hiss etmir, ölkə daxilində təzyiqlərdən çəkinir, ona görə də daha sərt mövqe ortaya qoyur. Bu baxımdan mən bu danışıqlarda torpaqlarımızın azad olunması ilə bağlı heç bir irəliləyiş görmürəm. Əksinə, təhlükə görürəm. O mənada ki, yenidən bizi növbəti 10-15 illik “xalqları sülhə hazırlayaq” şüarı ilə faktiki olaraq konflikti dondurmağa cəhdlər başlayır. Bizim diplomatiyamız yenidən bu siyasi tələyə düşməyə imkan versə, bu, bizim çox böyük diplomatik məğlubiyyətimiz olacaq.

– Bundan əvvəlki illərdə hətta 3-5 rayonun işğaldan azad olunması təşəbbüsləri də tələ kimi qiymətləndirilib. Azərbaycanın son vaxtlarda sərgilədiyi mövqeyində sərtlik aydın müşahidə olunurdu – xüsusilə də Moskva görüşü ərəfəsində. Rusiyadakı danışıqlardan sonra isə fərqli mənzərəni hiss edirik. Nə baş verdi, Lavrov nazirlərin qulağına nə pıçıldadı ki, yenidən humanitar əlaqələr, jurnalistlərin gediş-gəlişindən danışılmağa başlandı, sərt ritorika səngidi? Bəlkə, hansısa ciddi tənzimləmə prosesi gedir, sadəcə, açıqlanmır?
– Gəlin dediyiniz məsələləri bir az xırdalayaq. Hansısa bəyanatlara, baş vermiş hadisələrə qiymət vermək üçün biz prosesin son 20 ildə nə cür inkişaf etdiyini nəzərə almalıyıq. Bu gün qarşımıza çıxan məsələlər yeni deyil. Biz vaxtilə də belə bəyanatları və təklifləri görmüşük. Söhbət nədən gedir? Vaxtilə ermənilər Qarabağ probleminin həlli ilə bağlı iqtidarlı-müxalifətli 3 şərt irəli sürdülər. Həmin 3 prinsip çərçivəsində onlar Qarabağ probleminin həllinə dəstək verəcəklərini bəyan etdilər. Bu üç prinsip nədən ibarətdir? Xankəndi birbaşa Bakıya tabe olmasın, Dağlıq Qarabağla Ermənistan arasında nəqliyyat dəhlizi olsun və rahat gediş-gəliş olsun və Dağlıq Qarabağdakı erməni icmasının təhlükəsizliyi təmin olunsun. Faktiki olaraq Madrid prinsipləri bu üç prinsipin üçünü də özündə əhatə edir. Erməni tərəfinin bütün tələbləri orda nəzərə alınıb. Hətta Dağlıq Qarabağa müvəqqəti status, yaxud keçid statusu nəzərdə tutulub. Bu o deməkdir ki, həmin müddətdə Dağlıq Qarabağ birbaşa Azərbaycana tabe olmayacaq. Müstəqil də olmayacaq. Ancaq müvəqqəti olaraq keçid statusu adı ilə Azərbaycanın tabeçiliyində olmayacaq. Dəhliz məsələsi də öz həllini tapıb, Laçın dəhlizi işləyəcək və Ermənistanla Dağlıq Qarabağ arasında çox rahat gediş-gəliş olacaq. Təhlükəsizlik təminatı da öz yerində. Həm çoxtərəfli, həm BMT Təhlükəsizlik Şurasının xüsusi qətnaməsi, həm üç həmsədr ölkələrin təhlükəsizlik təminatı…

Sülh prosesi olsa, Azərbaycan da hərbi təhlükəsizlik məsələlərində öz tərəfindən müəyyən addımlar atmalıdır. Yəni iqtidarlı-müxalifətli ermənilərin irəli sürdüyü üç şərtin üçü də Madrid prinsiplərinə daxil edildi və orda öz əksini tapdı. Ancaq nə baş verdi? Ermənilər buna nail olan kimi tələblərini ikiqat artırdılar və dedilər ki, Dağlıq Qarabağın ətrafında işğal olunmuş əraziləri azad etmirik, onlar “Dağlıq Qarabağ respublikasının konstitusiyasına” daxil edilib və status məsələsi də öz həllini tapmayana, Azərbaycan Dağlıq Qarabağın “müstəqilliyini” tanımayana qədər onlar sülh sazişinə imza atmayacaqlar. Deməli, onlar 10-15 il bütün dünya ictimaiyyətini və Azərbaycanı aldatdılar. İrəli sürdükləri 3 şərti qəbul etdirən kimi, öz tələblərini ikiqat artırdılar. Həmin müddətdə də “xalqları sülhə hazırlayaq” şüarı onlarla, yüzlərlə humanitar aksiyalar keçirildi. Ermənistandan Azərbaycana jurnalistlər gəlirdi, bütün siyasi qüvvələrlə, Prezident Aparatındakı məsul şəxslərlə müsahibələr olurdu, ictimaiyyətlə görüşlər keçirilirdi. Dağlıq Qarabağdan da nümayəndələr gəlirdi, bizdən də ora gedənlər çox idi. Telekörpü yaratmışdılar, onlarla verilişlər gedirdi, debatlar hazırlanırdı. Deməli, bütün bu “xalqları sülhə hazırlayaq”, 3 şərtə əməl olunsun və s. hamısı boş söhbət idi. Nəticədə bəlli oldu ki, ermənilərin dediyi sülh o deməkdir ki, Azərbaycan həm Dağlıq Qarabağı unutmalıdır, həm ətrafda işğal olunmuş 7 rayon haqqında səs-səmirini çıxartmamalıdır. Onların aləmində sülh o deməkdir ki, elə indiki cəbhə xətti dövlətlərarası sərhəddə çevrilir və bütün işğal olunmuş ərazilər də ermənilərin nəzarətində qalır.

– O zaman indiki kimi, ermənilərin Qarabağda məskunlaşması da yox idi…
– Bəli. Coğrafi adları dəyişirlər, məskunlaşma aparırlar. İndi təsəvvür edin, biz bütün bunları yaşamışıq və görmüşük, nəticə də çıxartmışıq. Aprel döyüşləri bütün dünyaya bir mesaj idi ki, Azərbaycan tərəfi belə yanaşma ilə barışmaz və torpaqlar azad olunmalıdır. Azad olunmasa, Azərbaycan ərazilərini müharibə yolu ilə azad edəcək. İndi bütün bunları görəndən, bu prosesləri yaşayandan sonra mən anlaya bilmirəm, Azərbaycan diplomatiyası niyə son görüşlərdə verilən bəyanatlara belə rahat, soyuqqanlılıqla, hətta müsbət nəticə kimi baxır? Hansı humanitar aksiyalardan söhbət gedir? Yenə də ermənilər gələcəklər, bizimkilər də gedəcəklər, görüşlər keçirəcəklər, nəticədə də erməni tərəf deyəcək ki, nə Dağlıq Qarabağı, nə də ətraf rayonları qaytarırıq. Bu, növbəti siyasi tələdir.

– Amma rəsmi Bakının Moskva razılaşmasından geri çəkilməsi düzgün qəbul olunmaz və beynəlxalq aləmdə bizim əleyhimizə işləyər. Belə olan halda nə etməyi təklif edirsiniz?
– Hesab edirəm ki, Ermənistandan humanitar aksiya çərçivəsində gələn dəstələri nə Azərbaycan jurnalistləri, nə də siyasətçiləri, ictimai xadimləri ilə görüşdürmək lazımdır. Bakıya gələcək erməni jurnalistləri elə təyyarə meydanından aparıb Azərbaycan Müdafiə Nazirliyinə təhvil vermək lazımdır. Azərbaycan ordusunun müasir silahları onlara göstərilməlidir. Başa salınmalıdır ki, torpaqlar azad olunmasa, bütün bu silahları sizin başınıza çırpacağıq. Bundan sonra onları aeroporta aparıb geri qaytarmaq lazımdır.

– Bəs Azərbaycandan necə, nümayəndə heyətləri Ermənistana, yaxud Qarabağa getsinmi?
– Vallah, mənimçün bu, əvvəllər də mənasız proses idi. Şəxsən məni dəfərlərlə dəvət etmişdilər, həm Ermənistana, həm də Dağlıq Qarabağa… Müxtəlif proqramlar hazırlayırdılar, deyirdilər təhlükəsizliyə təminat veririk, yüksək səviyyədə dövlət qurumları səni qəbul edəcək və s. Hər dəfə mənim cavabım belə olurdu ki, torpağımız işğaldan azad olunacaq, qaçqınlarımız öz yurdlarına qayıdacaq, inşallah, mən ondan sonra səfər edə, belə görüşlər keçirə bilərəm. Yəni belə çox təkliflər olmuşdu.

– Eldar bəy, indiki situasiyada konkret olaraq nə təklif edirsiniz? Azərbaycan hansı mövqedən çıxış etməlidir ki, proseslərdə diktə edən tərəfə çevrilsin?
– Mən indi ermənilərin bu həyasızlığını görərək elə sizin qəzetə təklif edirəm ki, artıq Azərbaycanın 20 ildə apardığı danışıqları nəzərə alaraq tamamilə başqa bir siyasət yürütmək lazımdır. Söhbət nədən gedir? Birincisi, ermənilər israrla deyirlər ki, referendumun vaxtı, günü təyin olsun, onun sualları müəyyənləşsin və Dağlıq Qarabağın “müstəqilliyi” bu yolla təmin olunsun. Orda biz başqa məsələlər haqqında danışa bilərik. Üç həmsədr ölkənin hər birində belə bir referendum keçirilməsi qadağandır. ABŞ Konstitusiyası imkan vermir ki, ABŞ-ın hansısa ştatı referendum keçirsin, ölkənin tərkibindən çıxsın. Fransa Konstitusiyası buna imkan vermir, bu, qadağandır. Rusiyada nəinki qadağandır, Cinayət Məcəlləsində maddə var. Həmin maddə ilə artıq 10-a yaxın adam həbs olunub cinayət məsuliyyətinə cəlb olunub. Çünki şüar irəli sürüblər ki, Rusiyanın hansısa vilayəti, respublikası referendum keçirib ölkədən ayrılmaq istəyir. Əgər üç həmsədr ölkənin üçündə də bu, qadağandırsa, hətta buna görə cinayət işi qaldırılırsa, onlar necə Azərbaycandan tələb edə bilərlər ki, ölkədə belə bir referendum keçirilsin? Ümumiyyətlə, Azərbaycan diplomatiyası o məsələni gündəlikdən birdəfəlik çıxartmalıdır!

İkincisi
, erməni tərəfi hansı addımlar atırsa, hansı siyasət yürüdürsə, ona adekvat cavab vermək lazımdır. Ona görə ki, Qarabağ probleminin həlli ilə bağlı üç prinsipdən biri xalqların bərabərlik prinsipidir. Erməni tərəfi deyirsə ki, Ermənistan ordusu Azərbaycan torpaqlarında Dağlıq Qarabağ ermənilərinin qarantı kimi dayanıb, Azərbaycan ordusu da Göyçə mahalına, yaxud azərbaycanlıların vaxtilə yaşadığı başqa rayonlara girib, deportasiya olunmuş azərbaycanlıların oraya qayıtmasının və yaşamasının qarantı olmalıdır. Əgər ermənilər Dağlıq Qarabağla Ermənistan arasında hansısa dəhlizin fəaliyyət göstərməsi və bu dəhlizin beynəlxalq sülhməramlı qüvvələrin nəzarətində, ya da öz nəzarətlərində olmasını tələb edirlərsə, deməli, Naxçıvanla Azərbaycanın digər hissəsini birləşdirən dəhliz olmalıdır. O dəhlizə ya Azərbaycan nəzarət etməlidir, ya da beynəlxalq sülhməramlı qüvvələr. Biz bu danışıqlarda bir addım da geriyə çəkilə bilmərik! Atalar misalı var: özün özünə hörmət eləmirsənsə, sənə kim hörmət edəcək? Biz ermənilərin bu tələblərini görərək buna adekvat cavab vermiriksə, deməli, biz özümüz-özümüzə hörmət qoymuruq. Özümüzə hörmət qoymuruqsa, dünya bizə hörmət qoyacaqmı, bizim ərazimizə gəlib haqlarımızı müdafiə edəcəkmi?


22.04.2019 17:49:00
Oxuma sayı: 361