Robert Kocaryan ömürlük həbs oluna bilər
Ölçü:


Ermənistanın sabiq prezidenti Robert Kocaryanı ömürlük həbs gözləyir. Qalmaqallı rüşvət cinayəti üzrə növbəti məhkəmə prosesi 6 aydan sonra keçiriləcək.

Koordinat.az
erməni mətbuatına istinadən xəbər verir ki, Yerevan şəhərinin Şenqavit rayon məhkəməsində iş adamı Silva Ambarçumyanın Ermənistanın sabiq prezidenti Robert Koçaryana qarşı 2 milyon dollar rüşvətalma iddiasının detalları ilə bağlı hazırlıq iclası keçirilib. Məhkəmədə Koçaryanın vəkillər komandasının üzvü Artyom Orbelyan bildirib ki, Silva Ambarçumyanın verdiyi ifadələr şər-böhtan xarakteri daşıyır. Onun şəxsən Koçaryanla heç bir əlaqəsi olmayıb və onlar heç vaxt görüşməyiblər. Əgər Paşinyan keçmiş rəqiblərindən qisas alırsa, o zaman nə üçün ölkənin digər rəhbər şəxslərinə qarşı ittihamlar irəli sürülmür.

Qeyd edək ki, ərəb ölkələrində biznesi olan Silva Ambarçumyan keçən ilin noyabrında Ermənistana dəvət olunaraq xüsusi istintaq komitəsində dindirilib. Sonra onun Robert Koçaryanla üzləşməsi prosesi təşkil edilib. Silva Ambarçumyan bir daha bildirib ki, Koçaryan sabiq xarici işlər naziri Vardan Oskanyının vasitəçiliyi ilə “1 mart” hadisələrindən əvvəl ondan 2 milyon dollar alıb. Əgər Robert Koçaryanın cinayət materialına bu maddə də əlavə edilərsə, o zaman onu ömürlük həbs gözləyir.

Robert Koçaryanın qalmaqallı rüşvətalma hadisəsi ilə bağlı “Hraparak” qəzetində də məqalə dərc edilib. Yazıda hakim Edik Avetisyana istinadən bildirilir ki, bu cinayətlə əlaqədar bəzi şübhəli məqamlar var və Silva Ambarçumyanın bir daha Ermənistana qayıdaraq xüsusi istintaq komitəsində dindirilməlidir. Növbəti məhkəmə prosesi 6 ay sonra – sentyabrın 16-na təyin edilib.
18.04.2019 12:02:00
Oxuma sayı: 26