Rövşən Rzayev BMT nümayəndəsi ilə görüşdü- FOTO
Ölçü:


Bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev BMT-nin Qaçqınlar üzrə Ali Komissarının Azərbaycandakı nümayəndəsi Quido Ambroso ilə görüşüb.

Koordinat.az xəbər verir ki, görüşdə qonağa Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş 1 milyon 200 mindən çox soydaşımızın üzləşdikləri məhrumiyyətlər, məruz qaldıqları maddi və  mənəvi itkilər, bu problemin həllinə beynəlxalq təşlikatların münasibəti, dövlətimizin öz imkanları daxilində gördüyü işlər və qarşıda duran vəzifələr haqqında məlumat verilib. Qeyd olunub ki, Azərbaycanda qaçqınlara və məcburi köçkünlərə dövlət səviyyəsində diqqət və qayğı göstərilir. Prezident İlham Əliyevin apardığı sosial siyasətin prioritet istiqamətlərindən biri kimi məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, maddi rifahının yüksəldilməsi üçün zəruri tədbirlər görülür.

Dövlət Komitəsinin sədri bildirib ki, Birinci vitse-prezident xanım Mehriban Əliyeva məcburi köçkünlərin sosial problemlərinin həlli üçün məqsədyönlü iş aparır.

Bundan başqa məcburi köçkünlərin məşğulluğunun  təmin edilməsinə dəstək məqsədi ilə keçirilən əmək yarmarkaları, eləcə də onların müvəqqəti məskunlaşdıqları yerlərdə yüksək keyfiyyətli tibbi xidmətlə təmin olunmaları üçün keçirilən aksiyalar haqqında ətraflı məlumat verilib.  

BMT-nin Qaçqınlar üzrə Ali Komissarının Azərbaycandakı nümayəndəsi Quido Ambroso Azərbaycanda qaçqınlar və məcburi köçkünlərlə iş sahəsindəki dövlət siyasətini, onların sosial problemlərinin həlli istiqamətində görülən işləri yüksək qiymətləndirib, ölkəmizdə mövcud təcrübənin dünyada nümunə olduğuna diqqət çəkib.

Görüşdə eyni zamanda “Fuji” humanitar missiyasının məcburi köçkün və aztəminatlı ailələr üçün keçiriləcəyi növbəti optometrik aksiyası ilə bağlı fikir mübadiləsi aparılıb. Bu il missiyanın Azərbaycandakı fəaliyyətinin 15 ilinin tamam olduğuna diqqət çəkilib və bu istiqamətdə həyata keçiriləcək tədbirlər müzakirə edilib. 
 
17.04.2019 14:45:00
Oxuma sayı: 24