Azərbaycanda 993 038 vergi ödəyicisi var
Ölçü:


Vergi ödəyicilərinin qeydiyyatı sahəsində həyata keçirilən islahatlar, o cümlədən hüquqi şəxslərin dövlət qeydiyyatının təkmilləşdirilməsi, biznesə başlama prosedurlarının sadələşdiirilməsi nəticəsində Azərbaycanda biznes mühiti əhəmiyyətli dərəcədə yaxşılaşıb. Bu, biznesə başlamaq istəyənlərin artım tempində özünü daha qabarıq göstərir.

Koordinat.az
xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) hüquqi şəxslərin dövlət qeydiyyatı prosedurunun mahiyyəti və üstünlüklərinə həsr edilmiş mətbuat konfransında Vergilər Nazirliyinin Dövlət qeydiyyatı və uçota nəzarət departamentinin baş direktoru Ələkbər Məmmədov bildirib. Onun sözlərinə görə, ötən ilin I rübündə 20 min 343 hüquqi və fiziki şəxs qeydiyyata alınmışdısa, bu ilin ilk üç ayında həmin göstərici 25 min 536-ya çatıb. Artım tendensiyası həm hüquqi, həm də fiziki şəxslərə münasibətdə müşahidə olunub. Belə ki, ötən illə müqayisədə qeydiyyatdan keçmiş hüquqi şəxslərin sayında 8,1 faiz, fiziki şəxslərdə isə 28 faiz artım qeydə alınıb.

Ələkbər Məmmədov deyib ki, bu ilin əvvəlindən tətbiqinə başlanan “Hüquqi şəxslərin bir prosedurla onlayn qeydiyyatı” nəticəsində elektron qeydiyyat sahəsində daha çox irəliləyiş baş verib. Belə ki, ötən il onlayn rejimdə elektron qeydiyyat 68,9 faiz olduğu halda bu ilin I rübündə həmin göstərici 81,3 faizə yüksəlib. Bu isə 11,3 faiz artım deməkdir.

Ümumilikdə 1 aprel 2019-cu il tarixə Azərbaycan Respublikasında qeydiyyata alınmış ümumi vergi ödəyicilərinin sayı 993 min 38-dir. Bunun 128 min 261-i hüquqi şəxslər, 864 min 777-si isə fiziki şəxslərin payına düşür.

16.04.2019 17:56:00
Oxuma sayı: 255