Jurnalistlər Qarabağa səfərin əleyhinədir: "Bu, riyakarlıqdan və baş altına yeni balış qoymaqdan başqa bir şey deyil"
Ölçü:


Aprelin 15-də Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri arasında Moskva görüşü keçirildi. Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarovun açıqlamasına görə, danışıqlar faydalı və substantiv olub.

Koordinat.az xəbər verir ki, nazir Azərbaycan və Ermənistan jurnalistlərinin Bakıya, İrəvana və Dağlıq Qarabağa səfərlərinin təşkili məsələsinə toxunub: “Bu çox maraqlı fikirdir ki, erməni və azərbaycanlı jurnalistlər Yerevana, Bakıya, Dağlıq Qarabağa səfərlər etsinlər”.

Bu açıqlamalardan görünür ki, həm Ermənistan, həm də Azərbaycan tərəfi jurnalistlərin qarşılıqlı səfərlərinə müsbət yanaşır.

Bəs, azərbaycanlı jurnalistlərin məsələyə mövqeyi necədir?

Müstəqil jurnalist Azər Rəşidoğlu Modern.az-a açıqlamasında dəfələrlə İrəvana və işğal altında olan Dağlıq Qarabağa səfər etmək təklifi olunduğunu, lakin hər dəfə rədd etdiyini söyləyib: “Yenə də imtina edirəm! O vaxt dediklərimi indi də deyirəm - İrəvan və Dağlıq Qarabağa yalnız tankla gedə bilərəm!”.

Ümumi olaraq, bu cür imkanların yaradılmasının düzgün olub-olmamasına gəlincə, A. Rəşidoğlu buna fərqli münasibətlər olduğunu inkar etməyib: “Kimlərsə bu təklifin lehinədir, anlayışla qarşılayıram. Şəxsən özüm belə səfərlərə getməyəcəm. Nə qədər ki, ciddi uğur əldə etməmişik, belə səfərlərin nəticə verəcəyinə inanmıram. İstərdim ki, İrəvana və işğal altında olan Dağlıq Qarabağa Zakir Həsənov öz əsgərləri ilə getsin”.

“Lent.az”ın redaktoru Səbuhi Məmmədli isə diqqətə çatdırıb ki, əslində zaman-zaman erməni və azərbaycanlı jurnalistlərin qarşılıqlı səfərləri olub: “Mən özüm, məsələn, bir layihə çərçivəsində Cənubi Osetiyada və Abxaziyada olmuşam. Özü də iki dəfə. Həmin layihələrdə erməni jurnalistlər də iştirak edib. Onlarla müəyyən təmaslarımız, söhbətlərimiz olub. Aralarında daşnak xislətlilərinə də rast gəlmişəm, normal, konstruktiv düşünənlərinə də”.

Səbuhi Məmmədli Ermənistanda olmaq istədiyini dilə gətirib: “Mən Suriya, Pakistan, İraq və Əfqanıstanda olmuşam. Hətta iki gün İraqda təcridxanada da yatmışam. Ermənistan da marağımı çəkən ölkədir. Düşmən ölkəni daha dərindən izləmək maraqlı olardı. Amma təkcə İrəvanın mərkəzini yox, əyalətləri, ucqarları gəzib, sadə insanları dinləmək istəyərdim. Qarabağda, Şuşada olmaq istəyərdim. Amma bir şərtlə, Ermənistandan keçib, getməklə yox, Azərbaycandan – təmas xəttindən keçməklə gedim. Dilqəmlə Şahbazı görmək arzusundayam. Yəni imkan yaradılsa, belə bir səfər mənim üçün çox maraqlı olardı”.

Musavat.com-un redaktoru Xalid Kazımlı da qarşılıqlı səfərlərin əleyhinədir: “Mən ona görə bu cür səfərlərin təşkilinə qarşıyam ki, müharibə davam edir. İki düşmən və “sürünən müharibə” vəziyyətində olan ölkənin jurnalistlərinin gediş-gəlişi anormal haldır. Burada məqsəd məkrlidir. Bu təşəbbüsün sahibinin niyyəti mövcud durumu dondurmaq, münaqişəni həll etmədən bu cür saxlamaq və tərəflərin bu durumla barışmasını təmin etməkdir. Jurnalistlərin qarşılıqlı səfərlərinin ardınca başqa peşə sahiblərinin gediş-gəlişi də başlayacaq, get-gedə emosiyalar soyuyacaq, qarşılıqlı iltifatlar, dostluqlar yaranacaq və Qarabağ unudulacaq. Qarabağ münaqişəsi ədalətlə həll olunsun, ərazi bütövlüyümüz bərpa olunsun, ondan sonra media qurumlarımız lap Yerevanda müxbir postu saxlasınlar. İndiki zamanda bu, riyakarlıqdan və baş altına yeni balış qoymaqdan başqa bir şey deyil. İşğal altında olan torpaqlarımıza getməzdim. Bu, mənim üçün travma deməkdir. O torpaqlar işğaldan azad olunanda gedərik. Ermənistana isə səfər etmək olar. Bu, məqbuldur”.

Jurnalist Aida Eyvazlı da düşmən ölkəyə getməyə meyilli deyil: “Tutalım ki, getdim Ermənistana. Axı orada mən düşmənlərlə oturub bir süfrədə çörək yeməliyəm. Onlar duz-çörəyin qədrini bilmirlər. Düşmənlə duz-çörək kəsməzlər. Duz-çörək qədri bilsəydilər, bu günə qədər süfrəmizn artığını yemişdilər, nə oldu? İrəvana o halda gedərəm ki, Ermənistan torpaqlarımızı qaytarsın, bizə vurduqları ziyanı ödəsin, sonra. Amma indi yox!!! Qarı düşmən dost olmaz!”.
 
16.04.2019 13:42:00
Oxuma sayı: 62