Ukraynada hakimiyyət dəyişikliyi ehtimalı yüksəkdir
Ölçü:


"Ukraynada kimin qalib gəlməsindən asılı olmayaraq, demokratiyanın qalib gəlməsi daha əhəmiyyətlidir. Başqa sözlə, Ukrayna dövlətinin baş tutması, ölkənin milli təhlükəsizlik problemlərinin həlli, Ukraynanın Avropa Birliyinə və NATO-ya inteqrasiyası kimi vacib məsələlər ilk növbədə bu ölkədə demokratiyanın baş tutmasından asılıdır".

Koordinat.az xəbər verir ki, bunu Azərbaycan Milli Təhlükəsizlik nazirinin sabiq birinci müavini, Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbərin “AzPolitika.info”ya müsahibəsində deyib. Onun fikrincə, demokratiyanın baş tutması üçün isə azad və ədalətli seçkilərin keçirilməsi çox önəmlidir: "Ukraynada böhranlar və onun ardınca gələn inqilablar adətən seçkilərlə bağlı olub. Ukrayna indiki şəraitdə, yəni Krımın Rusiyaya ilhaqı və Donbasın bir hissəsinin işğalından sonra yeni inqilaba risk etməməlidir. Çünki bunun nə ilə nəticələnəcəyini demək çətin olsa da, Ukrayna və ukraynalılar üçün ağır nəticələrini görməmək də mümkün deyil. Mənə elə gəlir ki, Poroşenko, onun tərəfdarları, eləcədə Ukraynada demokratiyadan yana olan qüvvələr də bunu anlayır. Həmçinin, Ukrayna demokratlarının Avropa və Amerikada olan dostları da, bu fikri onlara təlqin edir. Bu mənada Ukraynada önəmli olan kimin qalib gəlməsi deyil, azad və ədalətli seçkilərin baş tutmasıdır".

Sülhəddin Əkbər hesab edir ki, indiki prezident Poroşenko bütün dövlət resurslarından istifadə etməyə və mövqeyini qoruyub saxlamağa cəhd edəcək: "Amma real vəziyyət onun əleyhinədir. Bütün ukraynalı ekspertlər birinci turda olan böyük səs fərqinin ortadan qaldırılmasını qeyri-mümkün hesab edirlər. Təbii ki, bu siyasətdir və siyasətdə hər şey mümkündür. Amma yeddi faiz səs kritik hədd hesab olunur. Lakin Poroşenko ilə Vladimir Zelenski arasında birinci turda keçirilən seçkilər zamanı 15 faizlik səs fərqi olub. Yerli mütəxəssislər hesab edirlər ki, ikinci tur seçkilərdə Poroşenkonun ehtiyat resursu çox dardır, onun əleyhinə olan elektorat isə çox böyükdür. Demək olar ki, Ukrayna seçicilərini yarısı, bəzi hallarda isə yarısından çoxu seçkilərdə heç bir halda Poroşenkoya səs verməyəcəyini keçirilən sorğular vasitəsilə ifadə edib. Odur ki, doğrudan da azad və ədalətli seçkilər keçiriləcəksə, ikinci turda Zelenskinin qalib gəlmə ehtimalı yüksəkdir".
12.04.2019 10:32:00
Oxuma sayı: 222