Baş pediatrdan həyəcan təbili
Ölçü:


Son zamanlarda yeni doğulan uşaqlarda nevroloji  xəstəliklər geniş hal alıb.

Koordinat.az xəbər verir ki, bunun Səhiyyə Nazirliyinin Baş pediatrı Nəsib Quliyev Modern.az-a açıqlamasında bildirib.O qeyd edib ki, uşağın bu xəstəliyi yaşamaması üçün ona düzgün qulluq lazımdır: “Nevroloji xəstəliklərin yaranmasında bir sıra faktorlar var ki, onlar da uşaq doğulduqdan sonra  qısa müddət ərzində aşkara çıxır. Qeysəriyyə əməliyyatı ilə dünyaya gələn uşaqlarda bu xəstəliklər daha çox müşahidə olunur.  Nevroloji xəstəliyin yaranmaması üçün ən yaxşı üsullardan biri uşaqların təbiət qoynunda vaxt keçirməsinə şərait yaratmaqdır. Təbii olan istənilən məfhum uşağa müsbət təsir edir”.

Pediatr Vaqif Qarayev isə  bildirir ki,  nevroz daha çox konfliktli ailələrdə rast gəlinir: “Uşaq valideyndən psixoloji və ya emosional şiddət görürsə, bu mütləq şəkildə onun əsəb sistemində iz qoyur.  Müəyyən yaşdan sonra bu psixoloji zədə uşağın davranışlarında özünü göstərir. Belə ki, uşaq ya çox aqressiv  olur ya da özünə qapanıq olub kollektivlə ünsiyyətdə çətinlik çəkir. Hamiləlik dövründə qadın çox stress yaşayırsa bu heç şübhəsiz ki, dölün inkişafına təsir edir. Pediatrlar uşağın ana bətnində yarandığı andan etibarən  hamiləliyin gedişatı haqqında məlumat toplayırlar.  Nevroza səbəb bəzi hallarda ananın hamiləlik prosesində stress yaşaması, evdə ailə üzvləri ilə olan anlaşılmaz münasibətdir.   Əgər uşağın mərkəzi sinir sistemində orqanik bir problem  yoxdursa, yəni tibbi müdaxilə tələb edən bir səbəb   mövcud deyilsə, o zaman problemin səbəbini uşağın ətraf mühitində axtarmaq lazımdır. Psixoloji, emosional təsir varsa, bunlar aradan qaldırılmalıdır”.

11.04.2019 09:49:00
Oxuma sayı: 233