Ömrün 40-cı baharında... şəhidlik zirvəsi
Ölçü:


Müsəllim HƏSƏNOV

Şəhid polkovnik Vüqar Yusifovun 40 illiyinə elegiya

Bu dəfə noyabrın ilk günündə düşdü yolum doğma ellərə... Dünyadan vaxtsız köçən əziz dostum və eloğlum şair Taleh Həmidi torpağa tapşırmağa getmişdik. Gecəni doğulub boya-başa çatdığım Şiştəpə kəndində, anamın yanında  qalmalı oldum.

Və biləndə ki, bu ilki aprel döyüşlərində şəhid olmuş həmkəndlim polkovnik Vüqar Yusifovun anım günüdür, onun ailəsinə baş çəkməyi özümə borc bildim. Öyrəndim ki, kənd camaatı, oxuduğu məktəbin müəllim və şagird kollektivi rayon icra hakimiyyəti ilə birlikdə şəhid polkovnikin doğum gününü, anadan olmasının 40 illiyini qeyd edəcək. 
Anım mərasimi Şəhidlər xiyabanında keçirildi...

O gün bura çox adam toplaşmışdı. Qadınlar var idi, uşaqlar var idi, vəzifə sahibləri də az deyildi.

O gün Vüqar haqqında xatirələr, xoş sözlər söylənildi, onun qəhrəmanlığı xatırlandı...

O gün yenə atası Nurəddin kişi danışdı... Ötən yeddi ayda bu ağır itkinin ağrıları altında təmkinini saxlamağı bacaran ata...

O gün yenə anasının fəryadı eşidildi... 40 yaşında oğul itirən Validə ananın əlindən ayrı nə gələ bilər? Onu hansı sözlə, hansı təsəlli ilə ovundurmaq olar ki?

O gün Vüqarın oxuduğu məktəbin müəllimləri onun ömür yolunu yada saldılar...

O gün Vüqarın vaxtilə oxuduğu məktəbdə indi oxuyan uşaqlar şeirlər dedilər:  Qarabağdan, vətənpərvərlikdən, şəhidlikdən...

O gün polkovnik Vüqar Yusifovun dövlət qarşısında xidmətlərinin unudulmayacağını Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı  bir daha vurğuladı...

O gün... Vüqarın xatirəsi Bakıda da anıldı. Azərbaycan İstiqlal Muzeyində polkovnikin şəxsi əşyaları nümayiş olundu. Onu tanıyanlar və tanımayanlar danışdılar. Danışdılar ki, tanımayanlar da tanısınlar...

Vüqar Nurəddin oğlu Yusifov 1976-cı il noyabrın 2-də dünyaya gəlib. 1993-cü ildə Şiştəpə kənd orta məktəbini bitirəndən sonra Türkiyənin Quru Qoşunları Ali Hərbi Məktəbinə daxil olub. Ondan sonra daha bir il də Türkiyədə qalıb, əlavə xüsusi kurslarda təhsil alıb.

1998-ci ilin sentyabrından Azərbaycan ordusunda xidmətə başlayıb, xidmətini xüsusi təyinatlı qoşun növündə davam etdirib. Tağım komandiri, bölük komandiri, xüsusi təyinatlı taborun qərargah rəisi, tabor komandiri, xüsusi təyinatlı alayın qərargah rəisi olub...

2007-ci ildə Amerika Birləşmiş Ştatlarında xüsusi təlim kursları keçib. 2011-ci ildə Pakistanda təşkil olunan Pakistan-Azərbaycan hərbiçilərinin birgə təlimlərində iştirak edib. İlk hərbi rütbəsini – leytenant rütbəsini 1997-ci ildə alıb. Onda 21 yaşı vardı...
2016-cı ilin martında – Novruz bayramı ərəfəsində isə polkovnik rütbəsinə layiq görülüb. Hələ 40 yaşı tamam olmamış...

Amma bu rütbənin sevincini doyunca yaşaya bilməyib.

Aprelin ilk günlərində düşmən təxribatına cavab vermək üçün silahdaşları ilə birgə ön xəttə yollanıb. Talış yüksəliyi məhz onların döyüş qəhrəmanlığı sayəsində ordumuzun nəzarətinə keçib. Və həmin aprel günlərində şəhid polkovnikin qanı özü qədər sevdiyi torpağın üstünə tökülüb, o torpağı isidib, o torpağa can verib... Həm hərfi mənada, həm məcazi anlamda...

Və indi də Vətən torpağında, doğulduğu kənddə uyuyur...

Mən əminəm ki, Vüqarın anım mərasimlərində, elə ömrünün 40-cı payızında olduğu kimi  50-ci, 60-cı...  ildönümündə də Şiştəpədəki Şəhidlər xiyabanına çoxlu adamlar toplaşacaq. Və bu adamlar Vüqar Yusifov haqqında xatirələr danışacaqlar, xoş sözlər söyləyəcəklər.

Amma... bu xatirələrdə, bu danışıqlarda Vüqarın əsil xidməti, gördüyü işlər barədə heç nə səslənməyəcək! Amma hamı biləcək ki, onun hələ 40 yaşı tamam olmamış polkovnik rütbəsinə yüksəlməsi təkcə üzərinə düşən vəzifələrin uğurla yerinə yeririlməsi ilə bağlı deyildi. Yəni bu, onun sadəcə növbəti rütbəsi deyildi. Bu, həm də Vətən qarşısında xidmət pilləsində növbəti zirvəydi! 

Bundan təxminən 20 gün sonra – ölümündən sonra təltif edildiyi “Üçüncü dərəcəli Vətənə xidmət ordeni”nin də elə-belə verilmədiyini hamı bilir. Amma hansı xidmətlərinə görə verilib? Hansı hərbi sücaətə görə təltif olunub? Bunu az adam, barmaqla sayılacaq qədər az hərbiçi bilir. Onlar da danışmırlar, danışmzalar, danışa bilməzlər... Hərbi sirr deyilən termin var. Kəşfiyyatçının taleyi belə olur. 
Danışılsa, deyilsə də, heç nə dəyişməyəcək...

Onsuz da bütün bu danışılanları, deyilənləri Vüqar eşitməyəcək...

“Hərbi sirr” tabusundan kənar deyilənlərin hamısı da anım mərasimlərinə toplaşanlara ünvanlanacaq. Daha çox uşaqlara və gənclərə ünvanlanacaq. Ki, sabah, lazım gələndə bu gənclərin hər biri Vüqar kimi torpaq uğrunda, Azərbaycanın ərazi bütövlüyü uğrunda ölməyə hazır olsun! Onda biz Qarabağı qaytara biləcəyik...
Onda biz bir daha Qarabağı faciə mənbəyi kimi görməyəcəyik...

Və onda biz Vüqar kimi oğulların sücaətini və qəhrəmanlığını daha tez-tez xatırlayacağıq. Konkret gördüyü işlərdən, Vətən naminə atdığı addımlardan xəbərsiz olsaq da...
 

22.11.2016 11:16:00
Oxuma sayı: 3057