Fərəhsiz
Ölçü:


Süleyman QARADAĞLI

Keçən il Yazıçılar Birliyinin Natəvan klubunda yazıçı-jurnalist Oqtay Əliyevin (Ərgünəşin) ABŞ-da çap olunan kitabının təqdimat mərasimi keçirilirdi. Həmin mərasimdə ağbəniz, toppuş məktəbli qızın ingilis dilində səlis şeir söyləməsi   məclisin ən gözəl məqamlarından birinə çevrildi. Tədbir başa çatanda yaxınlaşıb yaşından xeyli böyük görünən uşağın üzündən öpən kim, saçını sığallayan kim... Hamı Fərəhin babası Oqtay müəllimə, anası Şahnaz xanıma belə övlad böyütdüklərinə görə təşəkkür edirdi:
-Allah saxlasın!
-Gözü dolusu görəsiz!

Onda Fərəh hələBakının Səbail rayonundakı 6 nömrəli məktəbin VI sinfində oxuyurdu. Kimin ağlına gələrdi ki, hələ həyatın isti-soyuğunu görməmiş, fərəhini-sevincini yaşamamış, acısını-şirinini dadmamış bu məktəbli qız bir il sonra dünyaya “əlvida” deyəcək...

Onun cəmi 12 yaşı var idi. Oxuduğu məktəbdə müəllimləri, sinif yoldaşlarıFərəh Qədir qızı Yaqubovanı nümunəvi və istedadlı şagird kimi tanıyırdılar. Təhsil əlaçısı idi, xusuilə ingilis dilini çox böyük məharətlə qavrayırdı. Təxminən bir həftə sonra Birləşmiş Ərəb Əmirliyinin Əbu-Dabi şəhərində keşiriləcək ingilis dili  fənni üzrə kursda iştirak etməyə hazırlaşırdı.

Ancaq...

Birinci rübün son günü məktəbdən evə qayıdan Fərəh öz otağına çəkilərək babası Oqtayın, nənəsi Təzəgülün qəbul etdiyi dərmanları başına çəkib, həbləri udub. Valideynləri xəbər tutanda atrıq gec idi, dərmanlar öz işini görmüşdü. 1 saylı şəhər  xəstəxananın toksikologiya şöbəsində həkimlərin səyinə baxmayaraq onu xilas etmək mümkün olmadı...

Ailə üzvləri Fərəhin bu addımı məktəbdə aldığı qiymətlə barışmadığına görə  atdığını söyləyirlər. Bütün fənlərdən “əla” qiymət alan məktəbli qız bir fəndən rüblükdə  də olsa aşağı qiymət almağı özünə rəva bilməyib.

Uşaq təmizliyi, uşaq saflığı və uşaq sadəlövhlüyü!

Nə deyəsən?..

Söz də tapmaq olmur...

Yazıçı-publisist, naşir, Yazıçılar Birliyinin R. Rza mükafatı laureatı Oqtay Ərgünəşin ailəsində yaşanan növbəti faciə...

Dörd il əvvəl onun 13 yaşlı nəvəsi Fidan qan xərçəngindən dünyasını dəyişmişdi.  Nə onun, nə nənəsi Təzəgülün,nə xalası Şəhlanın, nə dayıları Vüqar və Rövşənin, nə də qohum-əqrabanın sızlayan ağır dərdinə məlhəm olmaq çətindir...
Çox çətin!..

Ölüm də girişməyir
Ağlı- fikri dayaza.
 Pis adamı görəndə
 Özünü çəkir naza.

Yaxşıları tez görür
O gözləri kor olmuş.
 Ölüm də əzəl gündən
  Yaxşılara vurulmuş!

Bir ailənin sevinci, fərəhi, bir nəslin ümid yeri, gələcəyi, bir məktəbin sevimlisi...
Heç kimin, heç kimin inanmağı gəlmir! Necə inanasan?
Oktyabrın 23-də Fərəhin ailə üzvləri onun 12 yaşını qeyd etdilər. Gələn ilin oktyabrında onun 13 yaşı tamam olacaq. Bu dəfə Fərəhsiz...


19.11.2016 12:09:24
Oxuma sayı: 1782