Mətbuat Şurasında 80 yaşlı jurnalistin yubileyi qeyd edildi - FOTOLAR
Ölçü:


Bu gün Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin təşəbbüsü ilə Əməkdar jurnalist Aqşin Babayevin (Aqşin Əlisəttar oğlu Babayev) 80 illik yubileyinə həsr olunmuş toplantı keçirilib.

Koordinat.az xəbər verir ki, Beynəlxalq Mətbuat Mərkəzində keçirilmiş tədbiri giriş sözü ilə açan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov açıqb. O, yubilyar jurnalistin zəngin yaradıcılıq yolundan bəhs edib. Yubilyarın jurnalistika sahəsində bir sıra nüfuzlu mükafatlarla təltif edildiyini xatırladan Şura sədri onun prezident İlham Əliyevin sərəncamı ilə Əməkdar jurnalist fəxri adına layiq görüldüyünü də söyləyib.

 Tədbirdə çıxış edənlərdən MŞ-nin Ahıl Jurnalistlər Məclisinin rəhbəri, Əməkdar jurnalist Yusif Kərimov, məclisin üzvü, veteran jurnalist Məzahir Süleymanzadə, MŞ İdarə Heyətinin üzvü, «İki sahil» qəzetinin baş redaktoru, əməkdar jurnalist Vüqar Rəhimzadə, yazıçı-publisist Firuz Mustafa, əməkdar jurnalist Flora Xəlilzadə, yazıçı-publisist İntiqam Mehdizadə, Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin əməkdaşı Mübariz Süleymanlı, «Liqa» qəzetinin baş redaktoru Zakir Abbas, veteran jurnalist Eldar İsmayılov və başqaları yubilyar qələm sahibinin ömür yolunun və yaradıcılığının müxtəlif tərəflərinə diqqət yetirərək onun geniş diapazona malik jurnalistlik fəaliyyətindəki müxtəlif cəhətləri vurğulayıblar. Onlar həmçinin Aqşin Babayevi gözəl publisist və dramaturq, səmimi və qayğıkeş dost kimi səciyyələndirərək xoş xatirələrini bölüşüblər.

Toplantıda Aqşin.Babayevə Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin xatirə hədiyyəsi də təqdim edilib. Şuranın sədri Əflatun Amaşov  jubilyar jurnalistə rəhbəri olduğu qurumun diplomunu təqdim edib.

Sonda çıxış edən Aqşin Babayev haqqında söylənilən xoş sözlərə və yaradıcılığına verdikləri dəyərə görə toplantı iştirakçılarına təşəkkürünü bildirib.

Xatırladaq ki, 1936-cı ildə Bakıda anadan olmuş Aqşin Babayev Bakı Dövlət Universitetinin (o zamankı Azərbaycan Dövlət Universiteti) filologiya fakultəsini bitirib. Əmək fəaliyyətinə tələbəlik illərində Azərbaycan radiosunda başlayan jurnalist ömrünün 32 ilini radioya verib. Uzun illər burada baş redaktor vəzifəsini tutub. Paralel olaraq 10 il müddətində nüfuzlu «Moscow News» qəzetinin Azərbaycan üzrə xüsusi müxbiri işləyib. A.Babayev həmçinin 15 il müddətində Azərbaycan Respublikasının Milli Məclisinin mətbuat xidmətinin rəhbəri vəzifəsində də çalışıb. Otuzdan artıq kitabın müəllifi olan yubilyarın bir sıra əsərləri ölkə teatrlarında tamaşaya qoyulub.






18.11.2016 21:14:00
Oxuma sayı: 736