Poçt qutusu
Ölçü:


Elçin ŞIXLI
elchin@zerkalo.az

«Noyabr ayının 12-ci günü idi. Hava çox soyuq idi. Amma hələ qar əlaməti görsənmirdi»…

Cəlil Məmmədquluzadənin «Poçt qutusu» hekayəsi məhz belə başlayır. Təsadüflərə az inanıram, ona görə də düşünürəm ki, bu yazını yazmaq fikrinə məhz indi düşməyimdə bir qanunauyğunluq var, çünki elə indi də noyabr ayıdır, amma noyabrın 30-cu günüdür və 1903-cü deyil, 2013-cü ildir. Hava da xeyli mülayim keçir. Görünür, qlobal istiləşmənin təsirindəndir. Mirzə Cəlilin bu hekayəni yazmasının üstündənsə düz 110 il, yəni bir əsr on il keçib. Tarix üçün belə, xeyli müddətdir. Bu müddət ərzində iki dünya müharibəsi olmuş, imperiyalar çökmüş və yeniləri yaranmış, bütün kürreyi-ərzi bir göz qırpımında məhv edə biləcək nüvə silahı yaradılmış və daha nə bilim nələr icad edilmişdir. Azərbaycansa bu 110 il ərzində özünü iki dəfə müstəqil elan edə bilib. Birinci dəfə rusun qabağında 23 ay duruş gətirə bilib, ikinci dəfə isə hələ ki 23 il… (İnşaallah, əbədi olsun!) Niyə məhz 23 il? Çünki biz müstəqilliyimizi 20 yanvarda qanımız bahasına elan etmişik. Bu yerdə rəsmi bəyannamələr yalnız xalqın istəyinin sənədləşdirilməsi rolunu oynayır, məncə. Hərçənd, bəyannaməyə səs verməyə belə, heç də hamının cürəti çatmamışdı. Bütün bu illərə və baş verənlərə baxmayaraqsa, insan öz mahiyyəti və xisləti etibarilə, deyəsən, heç dəyişməmişdir. Amma bu barədə bir qədər sonra…

Odessadan yenicə qayıtmışam. Orada Cənubi Qafqazdakı hərbi münaqişələr və onların mediada işıqlandırılmasıyla bağlı bu qəbildən olan çoxsaylı müzakirələrdən növbətisiydi. Belə görüşlərə ən azı 1996-cı ildən qatılıram. Təbii ki, həmin görüşlər zamanı istər-istəməz bölgəmizdəki ölkələrdə medianın durumunu da müzakirə və müqayisə edirik. Bu dəfə də belə oldu. Gürcü həmkarım Laşa Tuquşini 20 ilə yaxındır ki, tanıyıram — «Rezonansi» qəzetinin baş redaktoru və universitet professorudur. Onunla sonuncu dəfə Yaponiyada qarşılaşanda qəzet problemi yayımıyla necə mübarizə etdiklərindən danışmışdı. Nə qədər qəribə görünsə də, onlar poçt qutularının bərpasından başlamaq fikrindəydilər. Təəccüblənəcəksiniz ki, ilin-günün bu vaxtı, ənənəvi epistolyar janrın yaşaması üçün heç bir zəmin qalmadığı, insanların e-mail-dən belə az qala imtina edərək müxtəlif sosial şəbəkələrdə ünsiyyətə üstünlük verdiyi zəmanədə söhbət hansısa bir poçt qutusundan gedə bilərmi? Tamamilə haqlısınız, hörmətli oxucu. Amma görün iş nə yerə gəlib çatıb ki, ümidimizi poçt qutularına bağlamaq fikrinə düşürük. Bəli, çox şükür ki, artıq novruzəlilərimiz yoxdur. İndi az qala qundaqdakı çağalar belə planşetlərdən istifadə edirlər. Amma novruzəlilərin olmaması heç də o demək deyil ki, avamların kökünü kəsmişik. Kökünü kəsdiyimiz tamam başqa şeydir — lap elə biri də olsun poçt qutusu…

Əslində Novruzəlinin avamlığı onun səmimiliyi və sədaqətindən irəli gəlir. O qədər səmimi və sədaqətlidir ki, bəyin sadə bir buyruğunu yerinə yetirməyi də bir əngələ çevirir. Bəy poçta gedib vaxtını itirməmək üçün bunu Novruzəlidən xahiş edir, bu səmimi və sədaqətli, lakin avam insansa, ağasına yarınmaq istəyiylə, nəticədə həm bəyin ondan nigaran qalmasına, həm vaxtını itirməsinə, həm də hansısa bir rus məmuruna ağız açmasına səbəb olur. Yəni bəyin bir işini üç edir.

Sovet dönəmində Mirzə Cəlilin bu hekayəsini bolşevizmin Azərbaycanı avamlıqdan xilas etməsinə bir nümunə kimi tədris və təqdim edirdilər. Hələ indiyədək də ermənilər bizlərlə müxtəlif mübahisələrdə fenomenal novruzəli avamlığından bir arqument kimi istifadə edir və deyirlər ki, siz türklər avamsınız. Adətən, cavabında özünütənqidin yalnız böyüklərə xas olduğunu söyləyirik… amma dediyimizə, deyəsən, heç özümüz də inanmırıq.

Keçən yazımda oxucumuz Gülcan xanımın köşklərdən qəzet ala bilməməsi gileyinə çıxış yolunu «abunə olmaqda» gördüyümü deyəndə, həmsöhbətim binalarında poçt qutularının illər qabaq sökülməsini bildirmişdi. Mən də yazımın sonunda gələn dəfə «poçt qutusundan» yazacağıma söz vermişdim. Nə gizlədim, «Poçt qutusu»nu yenidən oxudum və Mirzə Cəlilin onu yazanda nəyi nəzərdə tutduğunu tam əminliklə söyləyə bilməsəm də, anladım ki, söhbət tək bir avamlıqla bitmir. Söhbət ağaya yarınmaq istəyindən gedir və bu istəyin daşıyıcısı nə qədər səmimi və sədaqətli olsa belə, avamdırsa, o, yalnız və yalnız problem yaradacaq. Nəticəsini dərhal görməsək də, sabah bu elə bizim, ilk növbədə isə elə «buyruq sahiblərinin» başında çatlayacaq.

Yazımın əvvəlində insan xislətindən söz açmışdım. 110 il bundan əvvəl insanlar avam olsalar da, heç olmasa səmimiydilər. Poçt qutusunun nə olduğunu bilməsələr də, heç olmasa sədaqətliydilər. Və bəlkə elə buna görə də hələ də varıq, amma bu gün — səmimiyyət və sədaqətin az qala poçt qutusu kimi yoxa çıxdığı və ağasına yarınmaq istəyiylə alışıb yanan avamların bizi üstələməkdə olduğu bir zamanda ƏNGƏL POÇT QUTUSUYLA BİTMƏYƏ BİLƏR. Ona görə də hələ ki heç cür bir qərara gələ bilmirəm — əngəl poçt qutusundadı, yoxsa zəmanəmizin novruzəlilərində?

18.11.2016 17:04:00
Oxuma sayı: 150