Məmurda 50 kiloqram qızıl və on hektarlarla torpaq sahəsi haradandır?
Ölçü:



Azərbaycan ictimaiyyəti külli miqdarda qızıl külçələrin qaçaqmalıçılıq yolu ilə ölkədən çıxarılmasının qarşısının xüsusi xidmət orqanları tərəfindən alınmasını böyük maraqla qarşıladı.  Qaçaqmalçılar ümumi çəkisi 8 kq 291 qr olan qızıl külçələri bədənlərinin müxtəlif nahiyələrinə bağlayıb  gömrük nəzarətindən gizlədərək ölkədən çıxarmağa cəhd göstərmişdilər.

Qızıl qaçaqmalçılığını qanun həmişə ciddi şəkildə cəzalandırıb.  Təkçə bir neçə kiloqramlıq qızıl külçələrin ölkədən çıxarılmasının qarşısının alınmasına deyil, həm də bu qanunsuz fəaliyyəti özünə peşə seçmiş bütöv bir cinayətkar qrupu ifşa etdiyinə görə ölkənin xüsusi xidmət orqanlarına təşəkkür düşür. Bu iş, həqiqətən də, yüksək qiymətə layiqdir. Ancaq, gəlin, bir anlığa düşünək ki, bu gün ölkədə sarı metalın təkcə qaçaqlmalçılarına deyil, həm də nə qədər həvəskarna rast gəlmək olar?!

Biz təkcə Allahın bəxş etdiyi zərif barmaqlarına onların sayından da çox qızıl üzük taxan qadınları nəzərdə tutmuruq. Zinət əşyalarına aludə olmaq qanunla cəzalandırılmır, hətta bəzi ölkələrdə hökumət tərəfindən təqdir də edilir, çünki əmtəə dövriyyəsini artırır və büdcənin böyüməsinə təkan verir. Qızıl külçələr və ümimiyyətlə, sarı metalla əməliyyatlar özü də, əgər qanunidirsə, yenə məqbul sayılır.  Amma kimsə zirzəmidə on kiloqramlarla qızıl gizlədirsə, bu, artıq sadəcə cinayət deyil, həm də yeni cinayətlər üçün stimuldur.

Fikrimizi dəqiq izah etməyə çalışaq. Ta o zaman deyil – bu gün normal adamın bir o qədər qızılı “qara gün” üçün saxlamasına ehtiyac qalmayıb. Üstəlik də, qanuni yolla qızıl alan adam onu gizlətməz, heç ərinmədən daha təhlükəsiz yerdə, deyək ki, bankda saxlayar. Ancaq həmin qızıl çirkli yolla qazanılıbsa, onda, əlbəttə, hamıdan, hətta ən yaxın adamlardan da gizlətmək lazım gəlir. Gizlədilmiş qızıl isə - şər mənbəyidir, daim başqalarının nəzərini çəkir və nadir hallarda sahibinə xeyir gətirir. Belə bəlalar xüsusən də  azərbaycanlı dövlət məmurlarının başına tez-tez gəlir.   

Məsələn, nəqliyyat nazirinin sabiq müşaviri Çingiz Baxşiyev düz 50 kq qızıl gizlədibmiş. Onun bu qədər qiymətli metalı hardan əldə etdiyini qoyaq bir kənara – bizim məmurlar, ənənəvi olaraq, qızıla çox həvəslidirlər. Amma Çingiz müəllim qohumu Rövşən Əhmədovun da bu metala az həvəsli olmadığından şübhələnib. Lakın Rövşənin öz imkanı çatmadığından qohumunun qızılına göz dikib, tamahını saxlaya bilməyərək onun 50 kq qızılını oğurlamaq fikrinə düşüb.

Bu, heç də sadəlövh adam olmayan sabiq nazir müşavirinin versiyasıdır. O, illərlə yığdığı və gözdən-könüldən uzaq tutduğu qızıllara kimin qəsd etdiyini dərhal tapıb. Özünün məmur dilində “Bandotdel”ə (DİN-nin Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsinə)  ərizə yazıb və bu əsasda da Rövşəni həbsə alıblar,  günahsız olması barədə and-aman eləməsinə baxmayaraq...

İstintaq – mürəkkəb və zərif işdir. Peşəkarların apardığı təqdirdə isə ən gözlənilməz faktların üstünü aça bilər. Təəssüf ki, hələlik məlum deyil, istintaqın əlində hansı faktlar var. Əvəzində ölkə KİV-ləri ciddi əks-səda doğuran işlə bağlı öz təhqiqatlarının nəticələrini yayırlar.  Bu işə mətbuatın belə böyük maraq göstərməsinə səbəb heç də bir əmioğlunun digər əmioğludan 50 kq qızıl oğurlaması  deyil, hərçənd, təkcə bu faktın özü bütöv bir dedektiv roman üçün bəs edərdi. Çingiz müəllim bilsəydi ki, əmioğlusunun həbsi onu hara aparıb çıxaracaq, yəqin ki, bu əhvalatı açıb-ağartmazdı – öz işlərini indiyə kimi çox ehtiyatla görmüşdü.

Beləliklə, mətbuat nəyi aydınlaşdırıb? Tamamilə əks mənzərəni... Jurnalistlər aydınlaşdırıblar ki, ümumiyyətlə, Çingiz müəllimin qızıllarını oğurlamayıblar, onun özünün tapşırığı ilə Rövşən qiymətli yükü şəxsən Baxşiyevin qızının mənzilinə çatırıb və əlbəəl onun kürəkəninə verib. Rövşənin  həbsi isə Çingiz müəllimə başqa səbəblərə görə lazım olub. Rövşən sabiq məmurun sağ əli olub, onun bütün tapşırıqlarını, kimə nə aparıb-gətirdiyi ilə maraqlanmadan, can-başla yerinə yetirib. Gördüyü “işlər”in təhlükəli olduğunu anlayanda isə bundan imtina edib.  Çingiz müəllim əmisi oğluna nə qədər böyük məbləğdə  pul təklif etsə də, o, qətiyyətlə rədd cavabı verib.  Sabiq məmur özünün bütün sirlərindən xəbərdar olan belə bir adamı elə-belə buraxa bilməzdi, konspirasiyanın tələbləri belədir. Çox gizlinləri açıb-ağarda bilərdi.

Çingiz Baxşiyev özünün qanunsuz əməllərini – hələ də təfərrüatları bəlli olmayan biznesini  uzun illər dövlət qulluqçusu kimi pərdələyib.  Bu biznes, şahidlərin dediyinə görə, heç bir yerdə qeydiyyata alınmayıb, amma sahibinə dövlət məmurunun cüzi əməkhaqqını yüz və min dəfələrlə ötüb keçən iri məbləğdə gəlir gətirib. Təsəvvür edin, 2002-ci ildə Qırğızıstandan Bakıya köçüb gələn Baxşiyev “Nizami” metrostansiyasının yanında  özünə birotaqlı ev alıb. Nəqliyyat Nazirliyində gedən struktur islahatlarından yararlanaraq burada departamentlərin rəhbəri olub, xidməti vəzifəsindən istifadə edərək həmin dövlət qurumunun bütün torpaq sahələrini fəal şəkildə özününküləşdirməyə başlayıb. Torpaq sahələrinin əksəriyyəti hələ də onun heç bir yerdə işləməyən, amma diplomatik pasportu olan və xaricdə yaşayan oğlu Nərimanın adına rəsmiləşdirilib.

Belə torpaq sahələri isə çoxdur. Təkcə hazırda həbsdə olan Rövşən Əhmədovun adına Qobustan rayonunda ümumi sahəsi 954 hektar ərazi və Salyanda əvvəllər poliklinika olmuş 3 mərtəbəli bina rəsmiləşdirilib. Ç.Baxşiyevin Salyan rayonunun Çuxanlı kəndində mərmər sexləri üçün nəzərdə tutulmuş 4 və 2 hektarlıq iki torpaq sahəsi, Xaşmaz rayonunda dörd – Tel kəndində 5 hektar, Ləcət kəndində 5 hektar, Yalama kəndində 1,38 və 0,52 hektar  torpaq sahəsi vardır. Abşeron rayonunda da böyük sahələr alıb – təkcə Məhəmmədli kəndində ümumi sahəsi 13 hektar olan dörd torpaq sahəsi, üstəlik, Novxanı da 10 sot. “Nizami” metrosunun yanındakı birotaqlı mənzilin əvəzinə isə o, indi şəhərin ən prestijli yerində - “Neftçiıər prospekti, 93” ünvanında 4 otaqlı mənzildə yaşayır.

Prezident İlham Əliyevin dəfələrlə öz çıxışlarında kənd təsərrüfatına yararlı torpaqların məmurlar tərəfindən zəbt edilməsi barədə dediklərini xatırlayaq!

General olmağı arzulamayan əsgər - əsgər deyil. Çingiz müəllim məhz bu prinsiplə nəqliyyat naziri vəzifəsinə can atıb. Artıq nazirin müşaviri idi.  Amma xidməti karyerasının sonu qəfildən gəldi: adı HHQ-nin komandanı general-leytenant Rail Rzayevin qətili ilə bağlı işdə hallanmağa başladı. Bu iş üzrə onu bir neçə dəfə keçmiş Milli Təhlükəsizlik Nazirliyinə çağırdılar. Əlbəttə, belə təşkilatlardakı söhbətlərdən sonra xidmətə davam etmək çətindir. Amma Çingiz müəllim başqa adamdır. Öz karyerasına nöqtə qoyaraq, bu təşkilatda o, bütün azərbaycanlı sahibkarları vahimədə saxlayan general Akif Çovdarovla tanış olur. Nə qədər qəribə də olsa, gizli sahibkar Çingiz Baxşiyev bu buqələmun-generalla görüşdən razı qalır. O, Çovdarovdan əlverişli qiymətə  - hektarı bir miyon manata Qala qəsəbəsində 4 hektar torpaq sahəsi ala bilir. İndi bu ərazidə bahalı villalar tikilərək satışa çıxarılıb.

Bəli, bütün bunlar – jurnalist təhqiqatı gedişində aşkar edilən və Çingiz müəllimin xeyrinə olmayan faktların bir qismidir. Bu adamın tapşırıqlarının adi icracısı indi onun özünün şikayəti əsasında cəza çəkməkdədir. Jurnalistlər ictimaiyyəti öz araşdırmalarının nəticələri ilə tanış ediblər. Maraqlıdır, bəs istintaq hansı faktları aşkara çıxarıb və onun nəticələri, həmçinin onlarla kiloqram qızıl və Azərbaycanın müxtəlif rayonlarında on hektarlarla torpaq sahəsi almış dövlət məmurunun gəlir mənbələri barədə ictimaiyyətə məlumat verəcəkmi?




haqqın.az

Tərcümə Koordinat.az-ındır



17.11.2016 17:17:49
Oxuma sayı: 863