Əhalinin Bakıya axınının əsas səbəbi işsizlikdir - ekspertin təklifi var
Ölçü:


Bakıda getdikcə artan problemlərdən biri də insan sıxlığı və hərəkət məhdudiyyətidir. Bunun əsas səbəblərindən biri də paytaxta bölgələrdən kütləvi axının olmasıdır. İnsanların şəhərə üz tutmasının kökündə  isə evsizlik və işsizlik kimi aktual problemlər dayanır.

Koordinat.az xəbər verir ki, bunu iqtisadçı ekspert Vüqar Bayramov bildirib. O, qeyd edib ki, xüsusilə ipoteka krediti ilə ev almaq üçün regionlardan Bakıya üz tutan əhalinin faiz göstəricisi yüksəkdir. Rayonlarda bankların insanlara kredit verməkdə maraqlı olmadığını deyən iqtisadçı ekspert Vüqar Bayramovun sözlərinə görə, bölgələrdən Bakıya  axının əsas səbəblərindən biri rayonlarda iş yerlərinin azlığıdır: "Rəsmi statistikaya əsasən, rayonlarda əməkhaqqı Bakıya nisbətdə iki dəfə azdır, bu da öz növbəsində urbanizasiya prosesinin sürətlənməsinə gətirib çıxarır. 2014-cü ildə İpoteka Fonduna  regionlarda güzəştli, eləcə də adi  ipoteka resusları üzrə faiz güzəştinin verilməsini təklif etmişik. Statistikaya əsasən, verilən kreditlərin 85 faizi Bakının payına düşür. Elə regionlar var ki, indiyədək İpoteka Fondundan cəmi bir ədəd ipoteka krediti ala bilib. Adi ipoteka faizləri regionlarda yüksək olduğuna görə vətəndaşlar bundan istifadə edə bilmirlər".

Ekspert bildirib ki, indiki halda reallaşması vacib olan təkliflərimizdən biri həm adi, həm də güzəştli ipoteka şərtləri üçün rayonlarda faiz endiriminin tətbiq edilməsidir. O, xüsusilə güzəştli ipoteka üzrə faizlərin regionlarda yaşayan əhali üçün 4 faizdən 2 faizə endirilməsini təklif edir: "Bunun da iqtisadi əsası var. Belə ki, güzəştli ipoteka kreditləri üçün  ödənilən vəsait büdcədən ayrılır. Bunun praktik olaraq xərci yoxdur, sadəcə, banklarda sövdələşmə və ya komissiya tipli xərclər var ki,  burda da 2 faizlə kredit vermək bankların gəlir əldə etməsinə şərait yaradır. Digər tərəfdən də dövlət büdcəsinin vəsaiti bu tip hallarda kommersiya məqsədi daşımamalıdır. Burdan da belə qənaətə gəlmək olar ki, regionlarda güzəştli kredit şərtlərini 2 faizə endirmək mümkündür".

Vüqar Bayramov adi ipoteka kreditləri üzrə faizlərin isə 8 faizdən 6 faizə endirilməsini təklif edir. Onun sözlərinə görə, istiqrazlar 4 faizdən az bir ölçüdə yerləşdirilir və bu halda 6 faizin tətbiqi bankların da gəlir əldə etməsinə imkan yaradır: "Biz təklif edirik ki, kreditlərin 1/3-i rayonlara verilsin. Faizlərin aşağı salınması fonunda kreditlərin götürülməsində artım müşahidə olunacaq.  İqtisadi və Sosial  İnkişaf  Mərkəzinin təklif etdiyi  hər iki paketin tətbiq oluncağı halda regionlarda əhalinin mənzil təminatının yaxşılaşmasının şahidi olacağıq”. 
04.04.2019 11:31:00
Oxuma sayı: 28