Sarkisyan gizlinləri açdı: "Ermənistanla Rusiya arasında regionda balansı saxlamaq barədə müqavilə var"
Ölçü:


Ermənistan prezidenti Serj Sarkisyan "Rossiya seqodnya" BİA-nın baş direktoru Dmitri Kiselyova "Sputnik Armeniya" və "RİA Novosti" üçün müsahibə verib. Artıq həmin müsahibənin fraqmentləri yayılıb. Sarkisyan müsahibəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün kompromislərin mümkünlüyündən, “İsgəndər” raketlərinin Ermənistanda yerləşdirilməsindən və digər mövzulardan danışıb.

Koordinat.az
xəbər verir ki, Sarkisyanın sözlərinə görə, “İsgəndər” raket komplekslərinin Ermənistanda yerləşdirilməsi regionda hərbi balansın saxlanılmasına xidmət edən amildir. “Bu, məcburi addım idi, hansısa formada regionda hərbi situasiyanı balanslaşdırmaq məqsədi daşıyırdı. Sirr deyil ki, Azərbaycan son bir neçə ildə müntəzəm olaraq ən yeni silahlar alıb. Bizim Azərbaycan kimi imkanımız yoxdur, mən maliyyə imkanlarını nəzərdə tuturam. Lakin biz həmişə “antizəhər” tapmağa, situasiyanı balanslaşdırmağa çalışmışıq”

Serj Sarkisyan deyib ki, Ermənistanla Rusiya arasında regionda balansı saxlamaq barədə müqavilə var. “Görünür Rusiya bundan çıxış edərək bizim xahişimizə müsbət cavab verdi və hərbi baxımdan bu möhtəşəm sistemi bizə təqdim etdi. Əlbətdə, insani baxımdan yaxşı olardı ki, belə sistem olmasın, ancaq sən məcbur olanda belə addıma gedirsən”.

Ermənistan prezidenti əlavə edib ki, o, Azərbaycanla “istənilən səviyyədə” görüşə və təmas xəttində insidentlərin araşdırılmasına dair mexanizmi “istənilən vaxt” imzalamağa hazırdır. Lakin bir şərtlə ki, belə təmaslar Qarabağ probleminin nizamlanmasına kömək etsin: “Biz heç vaxt hansısa görüşdən imtina etməmişik. İstər prezidentlər səviyyəsində olsun, istər xarici işlər nazirləri. Lakin həmişə bunun tərəfdarı olmuşuq ki, belə görüşlər fayda versin. Yoxsa belə görüşlərdən nə fayda?”.

Sarkisyan onu da bildirib ki, Qarabağ probleminin nizamlanması ancaq kompromislər və Minsk Qrupunun işləyib hazırladığı üç prinsip əsasında həll edilməlidir. “Əlbətdə, həll yolu var və biz başa düşürük ki, bu, kompromislərə əsaslanmalıdır. Bu, elə hal deyil ki, Ermənistan, Azərbaycan, yaxud Dağlıq Qarabağ qalib gəlsin”.

Ermənistan prezidenti İrəvanın ancaq  Minsk Qrupu həmsədrlərinin bəyan etdiyi üç prinsip-ərazi bütövlüyü, xalqların öz müqəddəratını təyin etməsi və güc tətbiqindən imtina əsasında danışıqlara qayıtmağa hazır olduğunu deyib: "Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır, ancaq hesab edir ki, Dağlıq Qarabağ probleminin həllində xalqların öz müqəddəratını təyin etməsi hüququ da nəzərə alınmalıdır”.

Sarkisyan deyib ki, danışıqlarda dəfələrlə münaqişənin nizamlanmasının baza prinsipləri üzrə razılaşmaya yaxınlaşmaq mümkün olub. Bu plana görə erməni tərəfi hazırda “təhlükəsizlik zonası” kimi saxlanılan əraziləri boşaltmalıdır: "Ancaq elə birinci bənddə yazılıb ki, Dağlıq Qarabağın yekun hüquqi statusu referendumla həll edilməlidir. Bu plan ona görə baş tutmadı ki, hər dəfə Azərbaycan tərəfi yeni şərtlər irəli sürdü".

Xatırladaq ki, "Rossiya seqodnya" BİA-nın baş direktoru Dmitri Kiselyov Azərbaycan prezidenti İlham Əliyevdən də müsahibə götürmü. Həmin müsahibə bir ay əvvəl, oktyabrın 9-da "Sputnik Azərbaycan" və "RİA Novosti"də yayımlanmışdı.
17.11.2016 11:17:08
Oxuma sayı: 727