Kəlbəcər necə işğal olundu? - "Qanlı kaha"dan bir parça
Ölçü:



Bu gün Kəlbəcər rayonunun işğalından 26 il ötür. Son 26 il ərzində Kəlbəcərin işğalı barədə çox danışılıb. Amma Ermənistan ordusnun Kəlbəcəri necə və hansı şəraitdə ələ keçirdiyi çoxlarına bəlli deyil. Tanınmış jurnalist, Qarabağ müharibəsi veteranı Elxan Salahovun bir az əvvəl çapdan çıxmış “Qanlı kaha” kitabı Kəlbəcərin işğalı ilə bağlı bir çox qaranlıq məsələlərə işıq salır.

Koordinat.az “Qanlı kaha” kitabında əksini tapmış bu hadisələrdən birini - Kəlbəcərin necə və hansı şəraitdə işğal olunmasına dair hekayəti oxucularaq təqdim edir:

Keçən əsrin 80-ci illərinin axırlarında Kəlbəcərin bütün kəndlərində əhalidə olan ov tüfənglərini yığmağa başladılar. Əhali qarşısında evində olan silahları könüllü şəkildə təhvil vermək tələbi qoyulmuşdu və bir ay sonra evində silah və partlayıcı maddə aşkarlandığı təqdirdə məsuliyyətə cəlb ediləcəyi barədə xəbərdarlıq olunmuşdu.

Silah və ov tüfənglərinin yığılması göstərişi haradan gəlmişdi? Məqsəd nə idi?

Həmin sualların cavabı sadə həyat tərzi keçirən dinc kəlbəcərlilər, o cümlədən Başlıbel camaatına bəlli olmasa da, ortada hansısa məkrli planların olduğunu hər kəs hiss edirdi. Amma rayon əhalisinin əksəriyyəti xəbərdarlıqdan ehtiyatlanaraq ov məqsədilə saxladıqları silahları yerli hökumətə təhvil verir və ya məhv edirdilər. Az sonra ermənilər Qarabağda və Qərbi Azərbaycan torpaqlarında yaşayan soydaşlarımızı sıxışdırıb yurd-yuvasından didərgin salmağa başladılar. 1988-ci ildə Göyçə mahalının əhalisi doğma torpağından zorla qovuldu və onların xeyli hissəsi Kəlbəcərə pənah gətirdi. Bir müddət rayonda məskunlaşan göyçəlilər burada da vəziyyətin çətinləşdiyini görüb yavaş-yavaş Azərbaycanın digər regionlarına köçmək məcburiyyətində qaldılar.

1990-cı ilin axırlarından Kəlbəcər ətrafında hərc-mərclik və özbaşınalıq başlamış, ətraf rayonlara gediş-gəliş çətinləşmişdi. Uzun illər azərbaycanlılarla mehriban qonşuluq və dostluq şəraitində yaşayan Ağdərə (O vaxt Mardakert adlanırdı) erməniləri azğınlaşaraq Kəlbəcər-Ağdərə yolunda təxribatlar törədir, azərbaycanlılara məxsus minik və yük maşınlarına, hətta sərnişin avtobuslarına hücum edir, aran rayonlarından Kəlbəcərin kolxoz və sovxozlarına yem daşıyan yük avtomobillərinin qarşısını kəsməyə, onları daşlamağa, yüklərini əllərindən almağa, adamları isə təhqir etməyə və alçaltmağa başlamışdılar. Erməni quldur dəstələri yolların ətrafındakı meşə və qayalıqların arasında gizlənib avtomobillərə atəş açır və əhalini ciddi sınaqlarla üz-üzə qoyurdu. 1991-ci ildə rayonu respublikanın digər regionları ilə birləşdirən yeganə avtomobil yolu olan Kəlbəcər-Ağdərə magistralı ilə hərəkət yalnız əli silahlı sovet əsgərlərinin müşayiəti ilə mümkün idi. Həmin dövrdə Kəlbəcərin neçə-neçə dinc sakini qətlə yetirildi. 1991-ci ilin payızında vəziyyət o yerə gəlib çıxdı ki, Kəlbəcər-Ağdərə yolu tamamilə bağlandı. Azğın qonşular 1992-ci il yanvarın 25-də rayona gedən elektrik xətlərini məhv edərək onsuz da mühasirə vəziyyətində qalan rayonun əhalisini daha ağır sınaqla üz-üzə qoydular.

Ağdərədən Kəlbəcərə doğru uzanan elektrik xətlərinin kəsilməsi ilə “Tutquçay dərəsi” boyu yerləşən bütün yaşayış məntəqələri, o cümlədən 2 min nəfərdən artıq əhalisi olan Başlıbel kəndi ağ neftlə
yanan lampa işığının ümidinə qaldı...

Qədim Göyçə mahalında yaşayan soydaşlarımızın ev-eşiyindən didərgin salınması, Ağdərə-Kəlbəcər yolunun bağlanması, 1992-ci ilin mayında Ermənistan silahlı qüvvələrinin Laçını işğaletməsi ilə 60 min nəfər əhalisi olan Kəlbəcər rayonu üzük qaşı kimi mühasirədə qaldı. 1993-cü ilin yanvarından isə erməni-rus hərbi birləşmələri yalnız sərt təbiətli Murovdağ yolu ilə Gəncəbasara çıxışı olan rayona qarşı təzyiqləri daha da artırdı. Martın axırlarından etibarən əhali düşmənin ən müasir hərbi texnika və qurğularla təchiz edilmiş ordusu qarşısında təzyiqlərə dözə bilməyərək rayonu tərk etməyə başladı. Kəlbəcərin Laçın rayonu istiqamətində ən ucqar yaşayış məntəqəsi sayılan Başlıbel kəndinin əhalisi doğma yurdu son anda – aprelin 1-də tərk etmək məcburiyyətində qaldı. Kəndin ayağı yer tutan dinc əhalisi payı-piyada qarlı, daşlı-kəsəkli dağ yolları ilə Başlıbel-Qaraçanlı-Kəlbəcər-Murov istiqamətində çöllərə səpələndi.

Beləliklə, Ermənistan silahlı qüvvələri ərazisi 1936 kvadrat kilometr,əhalisi 60 min nəfər olan, 159 kəndi, 1 şəhəri və 1 şəhər tipli qəsəbəni özündə birləşdirən Kəlbəcər rayonunu cəmi bir həftə ərzində tamamilə işğal etdi. Martın 27-də Dədə Şəmşir yurdundan – Ağdabandan başlayan işğal aprelin 1-də rayonun ən ucqar və ən iri kəndi sayılan seyidlər ocağının – Başlıbel kəndinin boşaldılması ilə başa çatdı. 1993-cü il aprelin 2-si Kəlbəcər rayonunun rəsmən işğal olunması günü kimi tarixə düşdü.

Kəlbəcərin işğalı zamanı təkcə Başlıbel kəndində 76 sakin son anda evini tərk etdə bilmədiyindən 4 ay ərzində kahalara sığınaraq mühasirə vəziyyətində yaşamaq məcburiyyətində qalıb. Həmin 76 nəfərdən 14 nəfəri aprelin 2-də mühasirədən çıxmaq istəyərkən yolda qətlə yetirilib və ya girov götürülüb. Digər 62 nəfər isə kəndin ərazisindəki kahalara sığınaraq mühasirə həyatını davam edib. 113 gün çəkən mühasirə zamanı dəfələrlə erməni silahlılarının hücumuna məruz qalan dinc sakinlərdən 14 nəfəri girov götürülüb, 18 nəfəri qətlə yetirilib, 1 nəfəri itkin düşüb, 29 nəfər isə yalnız gecələr gizli dağ yolları ilə mühasirədən çıxa bilib. Ermənistan ordusunun Başlıbel kəndində köməksiz vəziyyətdə kahalara sığınmış əliyalın insanlara qarşı törətdiyi vəhşiliklər, evlərin yandırılması və talan edilməsi, bir gecədə 4 ailənin bütün üzvlərinin qətlə yetirilməsi Qarabağ müharibəsi dövrünün ən dəhşətli hadisələrindədir.

Ümumilikdə Kəlbəcərin işğalı nəticəsində 53 340 nəfər öz yurdundan didərgin düşüb, 55 hərbçi, 511 sakin öldürülüb, 321 nəfər əsir götürülüb və itkin düşüb, minlərlə sakin yaralanıb. Rayonun 3 Milli Qəhrəmanı var. Bu işğaldan sonra 3205 saylı iclasda BMT Təhlükəsizlik Şurası 822 saylı qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunan rayonlarından dərhal çıxarılması tələb olunur. Lakin indiyədək həmin qətnamədən irəli gələn hər hansı öhdəlik yerinə yetirilməyib. Hazırda Kəlbəcər əhalisi məcburi köçkün kimi Azərbaycanın digər yaşayış məntəqələrində məskunlaşıb.


02.04.2019 09:39:00
Oxuma sayı: 294