Dədə Şəmşirin kitabı türkiyəli nazirə hədiyyə edildi - FOTOLAR
Ölçü:




“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi yarandığı gündən mədəniyyətimizin, milli-mənəvi dəyərlərimizin, folklorumuzun, ozan-aşıq sənətinin ölkə daxilində təbliğinə, dövlətimizin mədəniyyət siyasətinin həyata keçirilməsinə dəstək olduğu kimi, qeyri-maddi mədəni irsimizin ölkəmizin hüdudlarından kənarda təbliği istiqamətində də məqsədyönlü və məzmunlu işlər həyata keçirməyə davam edir.

Koordinat.az xəbər verir ki, “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin nümayəndəsi Fazil Qasımov İstanbul Universitetində keçirilən Davos Dünya Kommunikasiya Forumunda Türkiyənin Nəqliyyat, Dənizçilik və Kommunikasiya naziri Əhməd Arslanla görüşüb. Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsində mühüm xidmətləri olan cənab nazirə xalqımız adından təşəkkürünü ifadə edən İctimai Birliyin nümayəndəsi, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılmasının Azərbaycan-Türkiyə münasibətlərində yeni səhifə açacağını qeyd edib, İstanbuldan Gəncəyə ailəsini ziyarətə dəmir yolu ilə getmək arzusunda olduğunu ifadə edib. Fazil Qasımov “Azərbaycan-Türkiyə birliyinə, qardaşlığına necə töhfə verə bilərəm?” düşüncəsi ilə yaşadığını, iqtisadi, sosial və mədəni sahələrdə xalqlarımız arasında əməkdaşlığa öz töhfəsini verməyə çalışdığını vurğulayıb:

“Mən davamlı olaraq İğdır, Qars, Ərdahan şəhərlərini təmsil edən dərnək və ictimai birliklərin İstanbulda keçirdiyi tədbirlərdə iştirak edirəm. Keçən həftə Yeditepe Universitetində keçirilən Qarsın 96-cı Qurtuluş ildönümü mərasimində Türk qardaşlarımla birlikdəydim. Ondan əvvəl İstanbulda İSTAD dərnəyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycanın müstəqilliyinin 25-ci ildönümünü Azərbaycanın dostları ilə birlikdə qeyd etdik. Azərbaycan xalqı Türkiyənin sevincini öz sevinci, kədərini öz kədəri hesab edir. Hamımızın diləyi budur: Allah Türkiyəyə zaval verməsin!”

“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin nümayəndəsi Fazil Qasımov bu təşkilatın fəaliyyəti barədə də türkiyəli nazirə məlumat verib. O, İctimai Birliyin Türkiyədə dərnəklər və ictimai birliklərlə sıx əməkdaşlıq etdiyini, ortaq layihələr, tədbirlər həyata keçirdiyini diqqətə çatdırıb. Həmyerlimiz “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin qazandığı uğurlardan bəhs edərək bu il təşkilatın UNESCO-da akkreditasiyadan keçdiyini və UNESCO Baş Assambleyası tərəfindən “məsləhətçi status”a sahib QHT kimi tanındığını qeyd edib.

Cənab nazir “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyini əldə etdiyi bu böyük uğur münasibətilə təbrik edib, İctimai Birliyin xalqlarımız arasında dostluq-qardaşlıq əlaqələrinin güclənməsinə xidmət edən fəaliyyətinə dəstəyini ifadə edib.

Görüşdə "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin nümayəndəsi türkiyəli  nazirə Dədə Şəmşirin Türkiyədə nəşr olunan kitabını hədiyyə edib. O, Azərbaycanın xalq ozanı Dədə Şəmşirin yaradıcılığının Türkiyədə təbliği məqsədilə ilk dəfə olaraq ustad aşığın şeirlərinin türk dilinə tərcümə edilərək bu kitabın hazırlandığını diqqətə çatdırıb.

Sonda Fazil Qasımov cənab nazirə işlərində müvəffəqiyyətlər arzulayıb. O, həmçinin prezident İlham Əliyevin "Güclü Türkiyə güclü Azərbaycan deməkdir" sözlərini xatırladaraq Əhməd Arslanla xatirə şəkli də çəkdirib.



14.11.2016 23:06:00
Oxuma sayı: 1864