Gənclər təşkilatı məktəblilər arasında sağlam həyat tərzinin təbliğinə başladı
Ölçü:


“Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi Gənclər Fondunun dəstəyi ilə  “Gənclər arasında sağlam həyat tərzinin təbliği” layihəsinin icrasına başlayıb.

Koordinat.az xəbər verir ki, layihənin məqsədi gənclər arasında sağlam həyat tərzinin təbliğ etmək, onları zərərli qidalar barədə məlumatlandırmaq, sağlam gənc nəslin yetişməsinə töhfə verməkdir. Noyabrın 12-də layihə çərçivəsində Yevlax rayon Yuxarı Qarxun kənd tam orta məktəbində sağlam həyat tərzi üçün yeniyetmə və gənclərin istifadə etməməli olduqları zərərli qidalardan bəhs edən bukletin təqdimatı keçirilib.

“Rəvan” Gəncliyə Dəstək İctimai Birliyinin sədri Ramiz Cürənov bildirib ki, hazırda Azərbaycanda ofislərdə, təhsil ocaqlarında, istirahət və əyləncə mərkəzlərində, restoranlarda, parklarda süni qidalar - "fast-food" məhsullarının ticarəti sürətlə artmaqdadır. Onun sözlərinə görə, fast-food sənayesinin hədəfi xüsusilə uşaq və gənclərdir: "Təəssüf ki, fast-food yeməkləri nəinki böyüklərin, hətta uşaqlarımızın da gündəlik və sevimli yeməklərinə çevrilib.  Fast-food məhsullarındakı yağlar heyvan mənşəlidir, çoxunda doymuş yağ vardır. Bu da insanda  ürək və bəzi xroniki xəstəliklərə, xərçəngə tutulma riskini artırır".

O da qeyd edilib ki, fast-foodla birlikdə istehlak edilən kolalı, qazlı içkilər insanın kökəlməsinə, həzm sistemində problemlər yaranmasına səbəb olur. Belə ki, həddindən artıq kofein qəbulu əsəbilik, yuxusuzluq gətirir, qan təzyiqində yüksəlmə riskini artırır. Eyni zamanda kolbasa və sosis məhsullarını insan sağlamlığı üçün xeyirli hesab etmək olmaz.

Ramiz Cürənov aparılmış araşdırmalara əsaslanaraq bildirib ki, hazırda bu məhsulların istehsalı zamanı onlarla müxtəlif kimyəvi maddələr istifadə olunur. O, hazırlanmış bukletdə bu barədə məlumatların yer aldığını nəzərə çatdırıb.

Buklet Yevlax rayonunda orta məktəb şagirdlərinə paylanacaq.

Tədbirdə şagirdlərin mövzu ilə əlaqədar sualları cavablandırılıb.






14.11.2016 14:21:00
Oxuma sayı: 298