Ölümdən sonrakı həyat
Ölçü:


Süleyman QARADAĞLI

Məktəbdə ona "Nəhəng adam" deyirdilər. Bu ad onun təkcə zahiri görkəminə görə yox, həm də mənəvi böyüklüyünə görə verilmişdi. Rüfət müəllim həqiqətən nəhəng idi, öz savad və biliyi, dünyagörüşü, işə və insanlara münasibəti ilə...

Xüsusilə son illər səhhəti ilə əlaqədar olaraq məktəbə çox az-az gələrdi, ağır və amansız xəstəliklə mübarizə aparırdı. Rüfət müəllim məktəbə gələndə şagirdlər də, müəllimlər də özlərini yığışdırar, sinif otaqlarında, dəhlizlərdə qəribə bir sükut hökm sürərdi. Elə bu sükutdan, sakitlikdən heç kimdən soruşmadan da onun məktəbdə olduğunu bilmək olardı.

Pedaqoji fəaliyyətə təyinatla göndərildiyi Bərdə rayonunun Ləmbəran kəndində başlamış, beş il orada işlədikdən sonra Füzuli rayonunun Böyük Pirəhmədli kəndində tarix fənnini tədris etmişdi. Onu rayonun Bala Bəhmənli kənd orta məktəbinə direktor təyin edəndə 29 yaşı var idi. Amma elə həmin yaşda da özünün yüksək təşkilatçılıq qabiliyyətini, təhsilə göstərdiyi can yanğısını, kollektivi öz ətrafında cəm etmək bacarığını nümayiş etdirə bilmişdi. O vaxtadək sinif otaqları çatışmayan məktəbdə kənd sakinlərini başına yığaraq sarı torpaqla samanı qarışdıraraq palçıqdan yardımçı otaqlar tikdirmişdi. Özü də tikintidə iştirak edənlərlə birlikdə palçıq qarışdırar, fəhləlik edər, ustalara kömək əli uzadardı. İşinə münasibəti, məktəb təsərrüfatına, gənc nəslin təhsilinə göstərdiyi qayğı kənddə ona böyük hörmət qazandırmış, məktəblilərin biliklərə yiyələnməsində əməlli-başlı canlanma yaratmışdı. Bir neçə il sonra onu rayonun Horadiz kənd orta məktəbinə göndərəndə həmin hissləri özü ilə ora da aparmışdı.

1963-cü ildə doğma kənddəki orta məktəbə direktor təyin edildi və ömrünün sonuna qədər, nə az, nə çox, düz 17 il həmin vəzifədə işlədi. Rüfət Ağayevin vaxtında Qaradağlı kənd orta məktəbi Füzuli rayonunda ən qabaqcıl təhsil ocaqları sırasına çıxdı. Məktəbdə davamiyyət faizindən tutmuş mənimsəmə faizinə qədər hər şey yüksək səviyyəyə çatdırıldı. Təhsildən yayınma halları demək olar ki, yox idi, metal və kağız qırıntısı toplamaqda məktəb birincilər sırasında idi, onlarla şagird ali məktəblərə daxil olaraq tələbə adı qazandı. 1971-ci ildə onun rəhbərlik etdiyi məktəbin buraxılış sinfinin ədəbiyyat imtahanından inşa yazıları Maaarif Nazirliyinin kollegiya iclasında müzakirə edilərək yüksək qiymət almış, təhsil müəssisəsinə o vaxtkı pulla min rubl məbləğındə əyani vəsait hədiyyə verilmiş, bir neçə müəllim "Qabaqcıl maarif xadimi" medalı ilə təltif edilmişdi. Pambıq və üzüm toplanışı zamanı onun rəhbərlik etdiyi məktəbin şagirdləri xüsusilə fərqlənirdi və bu sahədəki fəallığına görə dəfələrlə mükafata layiq görülmüşdü. İki il dalbadal  məktəb kollektivi bu fəallığına görə növbədənkənar şəxsi minik maşını almaq imkanı əldə etmişdi. Əlbəttə, belə bir mükafatın dəyəri və nə demək olduğu indi həm çətin başa düşülür, həm də cavan nəsil üçün bəlkə də əhəmiyyətsiz bir şey kimi görünür, ancaq necə deyərlər, hər şeyi gərək zamanına görə qiymətləndirəsən.

Rüfət müəllimi sevdirən və nüfuz sahibi edən səbəbləri tapmaq heç də asan deyil. Hələm-hələm onun nə ucadan danışdığını, ya kimisə danladığını, yaxud hədələdiyini xatırlamaq çətindir. Rüfət müəllim sanki anadan müdrik, ağsaqqal doğulmuşdu, ağır, sanballı yerişi kimi də xasiyyəti var idi. O, əlinə jurnal götürüb sinfə girəndə elə bil qurbağa gölünə daş atırdın, bir nəfər də cınqırını çıxarmazdı. Dərsi o qədər aramla, o qədər rahat və sadə izah edərdi ki, ən mürəkkəb tarixi şəraitdə, qanlı müharibə və inqilablar dövründə baş verənləri başa düşmək şagird üçün çətin olmazdı. Onun yazdığı qiymət sanki bir barometr idi - əgər Rüfət müəllim şagirdə "əla" qiymət yazıbsa, həmin şagird abituriyent kimi qəbul imtahanında, tələbə kimi ali məktəb auditoriyasında onun doğruluğunu sübut edirdi.

Sünbül dəni, zəmi sünbülü ilə tanındığı kimi torpaq da öz yetirdiyi övladları ilə tanınır. İllər sonra onun direktoru olduğu məktəbin rayonda "Rüfət müəllimin məktəbi", doğulduğu kəndin "Rüfət müəllimin kəndi" kimi tanınması şübhəsiz ki, onun öz işinin əsl peşəkarı, kəndinin layiqli övladı olmasının bəhrəsi idi. Rüfət Ağayev bir məktəb rəhbəri simvoluna, cavan yaşında kənd ağsaqqalına çevrilmişdi. Camaat ən müşkül işlərdə onun qabağa düşməsini xahiş edirdi, uzun illərin küsülülərinin barışığı və elçilik üçün onun üstünə gedirdilər. O qədər də uzun olmayan ömründə o, çoxlarını işə düzəldib, əlini çörəyə çatdırıb, neçə-neçə gənci səadətə qovuşdurub. Əbədiyyətə qovuşduğu vaxtdan 35 ildən artıq vaxt keçməsinə baxmayaraq bu gün də kənd sakinlərinin onu həmişə hörmət və ehtiramla xatırlaması məhz elə bu xeyirxah əməllərinin nəticəsidir.

... Qonşu Gorazıllı kəndindən olan Mahmud Mahmudov təyinatla üç il idi ki, İmişli rayonun Telişli kəndində rus dili müəllimi işləyirdi. Rüfət müəllim qonşu kənddən ixtisaslı gənc kadrın olduğunu öyrənən kimi məktəbdə rus dili müəlliminin çatışmadığına görə onu işə dəvət edir. Direktorun təklifi gənc müəllim üçün göydəndüşmə olur və yeni dərs ilindən işə çıxır. İş elə gətirir ki, yeni dərs ilinin ilk günü kənddə onun bacısının toy gününə təsadüf edir. Əlbəttə, ilk gündən icazə almaq, dərsdən qalmaq heç də yaxşı alınmazdı. Ona görə də Mahmud müəllim sentyabrın 1-də məktəbə gedir. İlk dərsdən sonra Rüfət müəllim onu çağıraraq heç kəsin hiss etmədiyi şəkildə deyir:

-Sən bu gün azadsan, sizin evdə tədbir var. Sabahdan dərsə gələrsən...

Təkcə bu misal onun rəhbər mədəniyyəti, direktor keyfiyyəti haqqında çox şey deyir.

Digər bir əhvalat isə onun ağsaqqallıq keyfiyyəti haqındadır...

Kənddə hamı Sabir Hacıyevin evinə doğru axışırdı. İsti bir yay günü gündüzün günorta vaxtı ev sahibinin həyətdə oynayan azyaşlı qızlarından biri yoxa çıxmışdı. Həyətdə adam əlindən iynə atsan, yerə düşməzdi. Qapı-bacanı, bağ-bağatı axtaran kim, kolların dibini, ətraf əraziləri gəzən kim... Güman gələn hər yeri ələk-vələk etsələr də, qızı tapa bilmirdilər. Kimsə həyətdəki quyunun ağzının açıq olduğunu görüb uşağın ora düşə biləcəyini söylədi. Hamı quyunun başına yığışsa da, heç kəs onun dibinə düşməyə ürək eləmirdi. Quyunun dərinliyi isə nə az, nə çox, düz 28 metr idi. Elə bu vaxt Rüfət müəllim həyət darvazasından içəri girib məsələnin nə yerdə olduğunu öyrəndi. O, toplaşanlara göz gəzdirib amiranə şəkildə dedi:

-Qüdrət, soyun!

Əlbəttə, Qüdrət də hamı kimi quyunun dərinliklərinə enməkdən ehtiyat edirdi, hətta kənd ağsaqqalının göstərişindən sonra bir qədər çaşdı da... Amma Rüfət müəllim deyəndən sonra neyləmək olardı? Tez Qüdrətin belinə kəndir bağlayıb quyuya salladılar. O, camaatın köməyi ilə quyunun dibinə enərək orada heç bir iz olmadığını söylədi. Bundan sonra Rüfət müəllim kişiləri dəstə-dəstə bölüb uşağın axtarışına göndərdi. Qadınlara isə evin hər künc-bucağını diqqətlə axtarmağı tapşırdı. Çox keçmədi ki, qadınlardan biri qızcığazı eyvanın məhəccəri üzərinə sərilmiş palazın altına girərək yatdığı yerdə tapdı...

...Kənddə onu görən kimi hamı özünü yığışdırırdı. Ən dəli-dolu, ipə-sapa yatmayan cavanlar da Rüfət müəllimin ağsaqqal sözü ilə quzuya dönər, ram olardı. Elə bu keyfiyyətinə görə dəfələrlə qonşu kəndlərdən gəlib onu elçiliyə və barışıq məclislərinə aparırdılar.

Həmişə qonaq-qaralı, get-gəlli olan Rüfət müəllimin evi kəndin axar-baxarlı bir yerində yerləşirdi. Onun süfrəsində çörək kəsənlər Bəyistan xalanın bişirdiyi dadlı-tamlı nemətlərlə bərabər evin düz qarşısında yerləşən Cəfər qayasından qopan kiçik daş parçalarının bir-birini qovaraq aşağıdakı kiçik dərəyə tökülməsinə, həyət çəpərinin lap ayağından keçən sızqa çayın zümzüməsinə də qonaq olardı.

1980-ci ilin iyunu... Uzun illər şəfasız xəstəlikdən sonra vəfat edən Rüfət Ağayevin dəfn mərasimi böyük bir izdihama çevrilmişdi. Təkcə oğlanları Fəzail, Ağa, Mayıl, Gürşad, qızları Südabə və Fəxriyyə deyil, kənddə uşaqdan böyüyə hamı bu ağır itkidən böyük sarsıntı keçirirdi. Matəm mərasimində mərkəzdən, qonşu kəndlərdən çoxlu adamlar iştirak edirdi, dəfnə gələnlərin bir ucu qəbiristanlığa daxil olanda o biri ucu hələ kənddən çıxmamışdı. Qaradağlı kəndi cavan yaşından ağsaqqal səviyyəsinə yüksəlmiş öz layiqli oğlunu hörmət və ehtiramla son mənzilə yola saldı.

Deyirlər ki, insan ölmək üçün doğulur, yaşamaq üçün ölür. Ağır xəstəlik ona cəmi 51 il yaşamaq qismət etdi. Amma Rüfət müəllimin  ölümü ilə onun ikinci ömrü başladı. Onu tanıyan hər kəsin qəlbində sağlam, xoş və unudulmaz xatirələri ilə...

14.11.2016 12:14:00
Oxuma sayı: 698