Ağ Evdə Paşinyandan şübhələnirlər
Ölçü:


Erməni “məxməri inqilabı” tezliklə ildönümünü qeyd edəcək. Keçən ilin aprel ayında islahatçı və demokrat kimi tanınan Nikol Paşinyan iqtidara gəlib, səhra komandirləri, keçmiş sovet və rusiyalı məmurlardan ibarət köhnə qvardiya “istirahətə göndərilib”.

Dəstək Avropa ölkələri və ABŞ Konqresində Ermənistanın bir neçə tərəfdarından gəlib. Bununla birlikdə, milli təhlükəsizlik müşaviri Cohn Boltonun son səfərindən sonra Ağ Ev və Dövlət Departamentinin içini hələ də şübhələr gəmirir.

Səfir Boltonun mövqeyi bir az parafrazlıdır: Cənubi Qafqaz ABŞ üçün strateji cəhətdən həyati bölgədir; Azərbaycan və Gürcüstan ABŞ-ın dayanıqlı və etibarlı müttəfiqləridir; Ermənistan suverenliyini Ana Rusiyaya bağlayaraq, bu hörmətli kluba qoşula bilmir.

Cənab Boltonun sözlərinə görə, müvəffəqiyyətin əsası Dağlıq Qarabağ münaqişəsinin – Ermənistan və Azərbaycan arasında mövcud olan qarşıdurmanın sülh yolu ilə həllidir. Bu münaqişə nəticəsində Ermənistan tanınmayan “dövlət”in adından Azərbaycan ərazisinin 25 faizini işğal edib. Baş nazir Nikol Paşinyan isə Ermənistanın müstəqilliyə, müasirliyə və tərəqqiyə doğru yola çıxa biləcəyini vəd edir.

Ekspertlər hesab edirlər ki, Cənubi Qafqaz, region kimi, bütün üç xalqın tam iştirakı ilə geniş potensialını həyata keçirə bilər. Beləliklə, Ermənistan Dağlıq Qarabağ münaqişəsini sona çatdırmalı, eyni zamanda, vassalın kölgəsindən çıxmalı və tərəfdaşlığın göstəricisi tək, Rusiya ilə eşqbazlığını inkar edən davranış nümayiş etdirməlidir.

Baş nazir kimi təsdiqləndikdən sonra yenilənmiş danışıqlar və sülh vədləri ilə Paşinyan, guya “yeni” Ermənistan üçün islahatları maliyyələşdirməkdən ötrü qlobal miqyasda vəsait toplama kampaniyasına başlayıb.

Ermənistanın İran və Rusiya ilə ittifaqdan çıxması perspektivi bir çoxlarını şövqə gətirmişdi; kasıb erməni əhalisinə fayda vermək üçün iqtisadi islahatlar vədləri, 1991-ci ildə Sovet İttifaqından müstəqillik qazandıqdan sonra Rusiyanın təsir dairəsindən Qərbə yönəldilən Cənubi Qafqaz qonşuları ilə uyğun bir yola çıxma sözü verilmişdi.

Bütün bunlar və digər məsələlər gündəmdə idi, həm də şəffaf şəkildə, o cümlədən xoş məramla, danışıqlar yolu ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması. Münaqişə Ermənistanın hekayətinə dərindən pərçimlənir və Ermənistanda inkişafın yoxluğu, dərin yoxsulluq, kəskin beyin axını və ən əhəmiyyətlisi, Ermənistanın Rusiya və İrandan asılılıqda olmasının birbaşa və dolayı səbəbidir.

Ermənistan qonşularının güzgüdəki tərs əksidir. Neft və qazla zəngin Azərbaycan və sahibkarlıq təşəbbüsü ilə tanınan Gürcüstanın böyük iqtisadi inkişafdan həzz alır: neft və qaz boru kəmərləri, limanlar, Qərb / Şərq dəmir yolu, peyklər, turizm, təhsil, müasir tibb, elm, incəsənət və xalqlar arasında qarşılıqlı hörmət və ehtiram.

Bir il keçsə də, cənab Paşinyanın erməni xalqına və beynəlxalq birliyə verdiyi vədlərin yerinə yetirilməsi istiqamətində az, demək olar ki, heç bir irəliləyiş əldə etməyib.

Ermənistan iqtisadiyyatı qeyri-səmərəli liberallaşma və ya şaxələndirmə təcrübəsi yaşayıb. Rusiya oliqarxları hələ də enerji sektorunda, eləcə də çoxsaylı digər sahələrdə böyük paylara malikdir. Cənab Paşinyan vəzifəyə gəldiyi gündən sonra ilk səfərini Moskvaya edib və sonradan bir neçə dəfə eyni yolu gedib.

İqtidara gəldikdən dərhal sonra Paşinyan dördüncü nəsil “Su-30SM Flanker-H” döyüş təyyarəsinin alınması üçün Rusiya ilə danışıqlar aparıb. “Flanker” (NATO-nun tərifində) Rusiyanın inventarında ən inkişaf etmiş qırıcıdır. Ermənistan bu döyüş təyyarələrini “Kremlin qiymətinə” alıb, Rusiya onları istənilən digər ölkəyə çox baha satır. Ona uzunmüddətli kredit də verilib. Az pul deyil – 140 milyon ABŞ dolları.

Eyni zamanda, Kreml Rusiya heyətinin nəzarəti altında Suriyada yerləşdirilən erməni qoşunlarına minatəmizləmə əməliyyatlarını tapşırıb. Lakin erməni hərbi birləşməsinin fotoşəkilləri əsgərlərə tam taktiki avadanlıq və silahların verildiyini göstərir.

“Flanker”lərin Ermənistan kimi kiçik bir coğrafi məkan üçün əlverişli olmadığı şübhəsi var. Belə döyüş təyyarələrini səmərəli idarə etmək üçün orada kifayət qədər hava sahəsi yoxdur. Kiçik, nisbətən ucuz təyyarələri almaq daha sərfəli olardı. Suriya hava sahəsi isə, əlbəttə, kifayət qədər böyükdür; odur ki, təyyarələrin harada yerləşdirildiyini hələ təyin etmək gərəkdir.

ABŞ-ın başqa bir əlavə narahatlığı Ermənistanın sanksiyaları pozması şübhəsidir. Rusiyadan 140 milyon ABŞ dolları dəyərində silah tədarükü, əlbəttə, dərin narahatlığa səbəb olur. İranın ABŞ istehsallı “F-14 Tomcats” donanması necə olsun? Rusiya istehsalı olan “Flankers”lər İran hərbi hava qüvvələri üçün gözəl bir əlavə sayılardı.

Son dövrdə Ermənistan İrana sanksiyalardan yan keçməkdə kömək edib. Avropa silahları Ermənistan vasitəsilə, qaçaqmalçılıqla İrana göndərilib və İraqdakı üsyançılara çatdırılıb: amerikalı əsgərlər erməni qanunsuzluğu və sanksiyaların pozulması nəticəsində həlak olublar.

Erməni siyasəti, diplomatiyası və iqtisadiyyatı, sözsüz ki, azlığın əlindədir. “Məxmər inqilab” məzhəkədir? Daimi sual: cənab Paşinyan Rusiya və İranın istəyi ilə status-kvonu saxlayır və ya onun idarəçilik potensialı yoxdur?

Hər iki halda, Gürcüstan və Azərbaycan müvəffəqiyyət qazanmaq üçün nə etmək lazım olduğunun nümunəsi kimi görünür. Baş nazir Paşinyan yalnız onların izi ilə getməlidir.

Ceykob Kamaras,
“The Washington Times”
Tərcümə: Strateq.az

28.03.2019 16:52:00
Oxuma sayı: 259