Gizli iqtisadiyyat rəsmi iqtisadiyyatdan daha sürətlə böyüyürsə...- Rövşən Ağayev yazır
Ölçü:


İqtisadiyyata yatırılan 200 milyard dollardan əhaliyə nə çatıb? –Ekspert Rövşən Ağayev maraqlı rəqəmlər açıqladı

Böyük neft pullarının ölkəyə gəlməyə başladığı son 13 ildə (2005-2018-ci illər) Azərbaycan iqtisadiyyatı real olaraq cəmi cəmi 2.3 dəfə böyüyüb. İqtisadiyyata yönəldilən resursların (200 mlrd. dollardan artıq) müqabilində bunu ciddi böyümə saymaq olarmı?

Koordinat.az xəbər verir ki, iqtisadçı ekspert Rövşən Ağayev "Facebook" səhifəsində bu suala aydınlıq gətirib. O, hesab edir ki, iqtisadiyyata yatırılan hər 10 dollar ən yaxşı halda 1 dollar milli gəlir yaradırsa, gizli iqtisadiyyat rəsmi iqtisadiyyatdan daha sürətlə böyüyürsə, iqtisadi sistemin nə dərəcədə effektiv çalışdığını dartışmağa ehtiyac var.

Ekspert qeyd edib ki,  real böyümə iqtisadiyyatın zənginləşmə səviyyəsini göstərir: “Ev təsərrüfatı ilə müqayisədə, mənzərə daha aydın görünür. İxtiyari bir ailənin 2005-ci ildə 50 min dollar dəyərində bir mənzili və avtomobili vardı, bu gün 100 min dollarlıq sərvətə malikdir. İlk baxışdan ciddi böyümə kimi görünə bilər, çünki öz sərvətini 2-yə qatlayıb. Amma 1 faktı nəzərə alaraq böyümənin ciddi olub-olmadığına qərar verin: təsəvvür edin ki, 13 il ərzində davamlı olaraq ən müxətlif mənbələrdən (kredit, dost yardımı və s. formasında) həmin ailənin sərəncamından sərmayə kimi azı 500-600 min dollar gəlib-keçib. Amma bu qədər geniş investisiya imkanları müqabilində öz sərvətini cəmi 2 dəfə artıra bilib”.

Ekspertin sözlərinə görə, Azərbaycan iqtisadiyyatının real böyümə tempi ilə ən zəngin 10%-lik əhali qrupunun varlanma tempini müqayisə etmək çox maraqlı olardı – əgər etibarlı və əhatəli milli statistikamız olsa idi: “Nəzəri olaraq mən təxminən bu fərqi Mərkəzi Bankın pul kəsmə sürətinə nəzərən təsəvvür edə bilirəm: 2005-2018-ci illərdə Mərkəzi Bankın çap maşını hesabına iqtisadiyyata daxil olan pul kütləsinin həcmi 11 dəfə artıb. Bu qədər monetar genişlənmə milli iqtisadiyyatı real olaraq cəmi 2.3 dəfə, nominal olaraq 6.5 dəfə böyüdə bilib. Nominal böyüməyə baxdıqda, çap maşınının sürətinin iqtisadiyyatın qiymət miqyasının sürətini az qala 2 dəfə arxada qoyduğunu görürük”.

“Bir sözlə, ən üst təpədəki zənginlərin də varlanma sürətini həmin çap maşının sürətinə yaxın təsəvvür edin. Monetar siyasət milli iqtisadiyyatdan çox onların işinə yarayıb”.-deyə R.Ağayev vurğulayıb.

27.03.2019 09:39:00
Oxuma sayı: 12503