Turqut Özalın oğlu: "Mən dəqiq bilirəm ki, atam həyatda olsaydı...” – MÜSAHİBƏ
Ölçü:


Türkiyənin keçmiş prezidenti mərhum Turqut Özalın oğlu Əhməd Özal  HafizTimes.com-a müsahibə verib. O, müsahibə zamanı bir çox önəmli məqamlara aydınlıq gətirib. Türkiyənin keçmiş prezidentinin oğlu müsahibə zamanı Azərbaycanla bağlı fikirlərini də ifadə edib.

 Koordinat.az
həmin müsahibəni oxucularına təqdim edir:

 -Türkiyənin keçmiş prezidenti, mərhum Turqut Özalın oğlu necə bir həyat  yaşayır, hansı işlə məşğul olur? Həyatınızla bağlı danışarkən daha çox hansı məqamları vurğulamaq istərdiniz?
-Atamın Baş nazir, Prezident olduğu vaxtlarda və yaxud da bu gün mənim həyatım heç dəyişmədi. Hər zaman olduğu kimi üç otaqlı sadə bir bina evində yaşayıram. Ailəmiz üçün bir avtomobilimiz var. O da ki, standart bir “Toyota” markalı avtomobildir. Həmişə xaricdə bir iş qurmağa çalışdım. Türkiyədə atamın vaxtlarında və yaxud da bu gün heç vaxt dövlət işi ilə çalışmadım. Heç vaxt dövlət tenderlərində iştirak etmədim. Yəni ki, Allaha şükür olsun ki, dövlətdən bir qəpik də olsa cibimə girməyib. Vurğulamaq istədiyim ən vacib məqam budur ki, vəzifələr, mövqelər hamısı gəlib-keçəndir. Və heç vaxt bu yalan həyata öyrəşmək doğru deyil. Kiminsə özünü başqa birindən daha üstün görməsi düzgün deyil.

-Uşaqlıq illərinizi necə xatırlayırsınız? Atanızın ölümündən sonra həyatınızda nələr dəyişdi?
-Uşaqlıq illərim çox gözəl keçdi.  Xoşbəxt bir ailədə, ata-anamızın sevgisi ilə böyüdük. Atam dövlət işçisi idi. Maaşı çox olmasa da bərəkətli idi. Bizə hər zaman kifayət edirdi. Həyatımdakı tək dəyişiklik bu idi ki, artıq atam yox idi. Atam həyatda ikən yanımızda peyda olan yalan insanlar yox oldu və buna görə çox şadam. Çünki zamanında da onlara yer verməmişdim. Yəni bizi narahat edənlər azaldı.

-Turqut Özalın həyatını  sizdən dinləmək və öyrənmək istəyirik. Onunla keçirdiyiniz illəri necə xatırlayırsınız? Turqut Özalın övladı olmaq necə bir hissdir?
-Atam çox sakit, kimsəyə əsəbləşməyən, hər zaman xalqın içərisində olan bir siyasətçi idi. Çox zaman gəzməyə çıxardı. Bu zaman polislərin onunla birlikdə getməsini istəməzdi. Təbii ki, uşaqlıq illərimizdə atamı çox görə bilmirdik. Çünki həftəsonları da daxil olmaqla  atam hər gün çalışırdı. 38 il dövlət vəzifəsində çalışdı. Türkiyəni müasir, demokratik, dinc və zəngin bir ölkə etmək üçün çalışdı. Və bunu da bacardı!

-Turqut  Özal necə bir ata, insan və prezident idi? Atanızla bağlı bir xatirənizi bizimlə paylaşardınız.

-Atam İstanbula gəldiyi zaman dövlətə məxsus qonaq evində qalardı.(Harbiyə Ordu evi). Təbii ki, xeyli sayda polis, jurnalistlər və yüzlərlə insanla birlikdə! Bəzən çox bezirdi və mənə zəng edib deyirdi ki, qaldığı binanın arxa qapısına özümün şəxsi maşınım ilə gəlim. Mən  də ora gedib tək atamı maşına mindirib aparırdım. Sadəcə ikimiz birlikdə İstanbulda gəzməyə gedərdik. Onu müdafiə etmək üçün bir nəfər də olsa polisi avtomobilə götürməzdi. Bir şənbə günü yenə atamla birlikdə avtomobillə gedirdik. Qeyd edim ki,  sükan arxasında atam əyləşmişdi. Bir polis nəfəri maşınımızı dayandırdı. Fəqət polis avtomobili idarə edən şəxsin atam olduğunu bilmirdi və görmürdü. Polis işarə edən kimi atam avtomobili yolun kənarına sürdü və gözlədik. Önəmli olan məqam budur ki, atam o zaman hələ baş nazir idi. Buna rəğmən sürücülük vəsiqəsini çıxarıb polisə təqdim etmək üçün gözləyirdi.
Polis avtomobilimizin pəncərəsinə tərəf yaxınlaşdı. Atamdan sürücülük vəsiqəsini istədi. Atam da sürücülük vəsiqəsini ona təqdim etdi. Bu zaman polis inana bilmirdi ki, qarşısındakı ölkənin baş naziridir. “Həqiqətən də bu baş nazirdirmi?”- deyə atama baxırdı. “Bu dəqiqə əmr edin, Hörməti Baş Nazirim!”- deyə qışqırmağa başladı. Atam çox sakit bir formada polisə dedi ki, “övladım bir xətam oldusa cəzamı yaz”. Son dərəcə sakit və sevgi ilə polisə baxırdı. Polis də çox sevinirdi.

– Atanızın öldüyü günü necə xatırlayırsınız? İllər keçsə də bu ölüm hadisəsi ilə bağlı həqiqətlər nədənsə gizli saxlanılır. Sizcə Turqut Özalı kim və nə üçün zəhərlədi?
-Həmin vaxt mən Türkiyədə deyildim. Aparılan bütün araşdırmaların nəticələrinə görə atamın ölümü  tamamilə normal bir ölüm faktı deyil. Bunu hər kəs bilir. Ölümündən 19 il sonra məhkəmə qərarına əsasən məzar açıldı. Ədliyyə tibb naziri, professor məzar açılmadan öncə mənə dedi ki, insanın vücudu 5 il içərisində torpağa qarışır və sadəcə olaraq sümükləri tapa bilərik. Zəhər məsələsini bu sümüklərdə axtarmalı olacağıq. Fəqət məzar açıldığında sümüklər deyil, atamın vücudu ortaya çıxdı. Hətta daxili orqanları, beyin, sümük iliyi də üzə çıxdı. Təbii ki, bu inanılmaz bir nəticə idi. Hətta o zamankı Ədliyyə naziri açıqlama verdi ki, Özalın vücudu çürüməyib.

-Kim bunu etmişdi?
-
Bilmək çətindir. Ancaq bu bir həqiqətdir ki, ölüm faktı atamın Orta Asiyaya çox geniş səyahətindən sonra baş vermişdi. Azərbaycan, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan ölkələrinə çox uğurlu səfərlər etmiş, oralarda önəmli sazişlər imzalamışdı. Bu səfərlərin sonunda Türkiyə ilə bu qardaş ölkələrimiz arasında çox mühüm addımlar atılacaqdı. Düşünürəm ki, bəzi güclər bu regionda birləşmə, böyümə və güclənməni istəmədilər.  Artıq atamdan sonra bu münasibətlər də təəssüf ki, istədiyimiz şəkildə getmədi. İnşallah bu xəyal heç vaxt yox olmayacaq  və bu region güclənəcək.

Turqut Özalın Türkiyənin tarixindəki rolunu necə dəyərləndirirsiniz?
-Mən ölkə xaricinə etdiyim səfərlərdən və tanış olduğum böyük liderlərdən eşitdiklərimi sizə çatdırmaq istəyirəm. Xaricdə mövcud olan dünya bunu söyləyir: “Müasir Türkiyənin təməllərini (bünövrə) Atatürk qoyub, sonra isə bu ölkənin inşaatını Özal həyata keçirib”. Mən dəqiq bilirəm ki, atam həyatda olsaydı, Türkiyə Avropa Birliyinə daxil olmuşdu. Orta Asiyadakı qardaş ölkələri ilə çox güclü iqtisadi və siyasi birlik  qurmuşduq. Düşünürəm ki, onun ölümü sadəcə Türkiyənin deyil, sizlərin də gələcəyinə təsir göstərdi.

-Hazırkı  Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı nə düşünürsünüz?
-Türkiyə və Azərbaycanın hazırkı münasibətlərinin yaxşı olduğunu hesab edirəm. Amma bu qətiyyən kifayət qədər deyil. Bundan ən azı 100 dəfə artıq mükəmməl olması vacibdir.

-İşlərinizlə bağlı bilmək istərdik. Gələcək planlarınız nədir?
-Mən siyasətdən uzaqlaşdım. Amma insanlar, çox böyük bir kütlə son zamanlarda mənim siyasətə geri qayıtmağımı istəyir və bu istiqamətdə mənə təzyiq edirlər. Əlbəttə ki, insan öz atasının başladığı hədəflərə çatmaq istəyər. Bütün bunlar sadəcə olaraq Allahın təqdiri ilə olur. Hər şeyin xeyirlisi olsun.

– Azərbaycandakı Özal ailəsini sevənlərə, mərhum atanızın dostlarına nə demək istərsiniz?
-Özalı sevən bütün qardaşlarıma demək istəyərəm ki, Özalın çıxışlarını, etdiklərini gənc nəsillərə öyrədin, izah edin. Özalın hamımız üçün olan xəyallarını yaşadın ki, bunlar bir gün reallaşsın. Bütün azərbaycanlı qardaşlarımı sevgi ilə qucaqlayıram, onlara sevgi və hörmətlərimi mütləq çatdırın!

14.03.2019 16:22:00
Oxuma sayı: 18835