Küçəyə zibil atan 535 nəfər cərimələnib- Azərbaycanda
Ölçü:

Daxili İşlər Nazirliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə respublikanın şəhər və rayonlarında, meşə, park, müalicə-sağlamlıq, turizm zonalarının ərazilərində, su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, Xəzər dənizinin sahil zolağında və çimərliklərdə məişət tullantılarının tutumundan (urnalardan) kənar yerlərə atılması, sənaye və məişət tullantılarının qalaqlanması, su obyektlərinin çirklənməsi və zibillənməsi hallarının qarşısının alınması məqsədilə mütamadi tədbirlər həyata keçirir.

Koordinat.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda belə deyilir. Bildirilir ki, bu ilin 9 ayı ərzində məişət tullantılarını tutumlardan (urnalardan) kənar yerlərə atdıqlarına görə 535 nəfər inzibati məsuliyyətə cəlb edilib, həmin şəxslərə ümumilikdə 23.000 manatdan artıq cərimələr tətbiq olunub.

Bu ilin oktyabr ayı ərzində paytaxtın Yasamal, Səbail və Xəzər rayonları ərazilərində analoji hüquqpozmalara yol vermiş 3 nəfər barəsində 13.550 manat məbləğində cərimələr tətbiq edilib. Həmçinin ev heyvanlarını qadağan olunmuş yerlərdə gəzdirdiklərinə görə 3 nəfərin hər biri 200 manat məbləğində cərimələniblər.

Hazırda göstərilən istiqamətlərdə tədbirlər davam etdirilir.

05.11.2016 15:41:02
Oxuma sayı: 539