Nazirlik: "Əhalini maarifləndirmək bizim işimiz olmasa da..."
Ölçü:


"Analoq televiziya yayımının dayandırılması ilə bağlı fəaliyyət göstərən 1411 saylı "qaynar xətt"in çalışmaması barədə deyilənlər doğru deyil. Bizim 10-dan çox əməkdaşımız gecə saatları da daxil olmaqla əhalidən gələn müraciətləri qəbul edir".

Koordinat.az xəbər verir ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Radio-Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyindən (İB) bildirilib. Qeyd olunur ki, noyabrın 1-dən başlayaraq əhalidən çox sayda zənglər gəlir: "Hələ qeydə aldığımız müraciətlərin sayı 1000-i ötüb. Analoq yayımdan istifadə edən əhalinin sayı bizim düşündüyümüzdən daha çox imiş. Eyni zamanda, sosial vəziyyəti aşağı olduğu üçün dekoder əldə edə bilməyən insanların sayı da düşündüyümüzdən qat-qat çoxdur. Müraciət edənlər arasında dekoderlərdən necə istifadə edəcəyini, hətta pultu idarə edə bilməyən insanlar da çoxdur. Əhalini maarifləndirmək bizim işimiz olmasa da, əməkdaşlarımız bu işdə də onlara yardımçı olur. Vaxtında telekanallarda bu məsələ ilə bağlı daha ətraflı və geniş məlumatlandırılma aparılsa idi, yaxşı olardı. Bəzən insanlar dəqiqəqlərlə telefonu məşğul edib məsələyə aid olmayan şikayətlər edir. Bu hal da telefonların məşğul olmasına səbəb olur".

İB-dən o da bildirilib ki, artıq beş ildir ölkə ərazisinin 85 faizini əhatə etməklə rəqəmli yayım analoq yayımla paralel həyata keçirilirdi, bu isə idarənin xərclərini artırırdı.

Qeyd edək ki, noybarın 1-dən Bakı şəhəri və Abşeron yarımadasında analoq televiziya yayımı dayandırılıb. Hazırda əhali istənilən poçt şöbəsindən 22 manatdan başlayan qiymətlərlə dekoderləri əldə edə bilər.
02.11.2016 12:54:00
Oxuma sayı: 274