Bakıda "TRT-1"in yayımı dayandırıldı
Ölçü:


Bakı şəhəri və Abşeron yarımadasında analoq yayım dayandırıldıqdan sonra Türkiyənin "TRT-1" telekanalının da yayımı dayanıb. Buna səbəb kimi Türkiyənin "TRT-1" rəqəmli yayımda fəaliyyət göstərməməsi göstərilir.

Koordinat.az
xəbər verir ki, Radio Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyinin texniki direktoru Mikayıl Abbasov faktı təsdiqləyib. O bildirib ki, hazırda "TRT-1"in analoq yayımı dayandırılıb. Onun sözlərinə görə, "TRT-1"in Azərbaycanda yayımlanması müqavilə üzrə analoq yayımda nəzərdə tutulub: “Bu kanalının rəqəmli yayım üzrə müqaviləsi yoxdur. Müqavilə olduqdan sonra "TRT-1"in yayımı bərpa oluna bilər. Artıq məsələ ilə bağlı TİKA-ya (Türk Əməkdaşlıq və İnkişaf İdarəsi) məlumat verilib, danışıqlar aparılır”.

Xatırladaq ki, "TRT-1" Azərbaycan və Türkiyə hökumətlərarası müqaviləyə uyğun olaraq Radiotezliklər üzrə Dövlət Komissiyasının 8 dekabr 1995-ci il tarixli razılığı əsasında yayımlanır. Komissiyanın qərarı ilə noyabrın 1-dən Bakı şəhəri və Abşeron yarımadasında analoq TV yayımı dayandırılıb. Bu gündən Bakı şəhəri və Abşeron yarımadasında yalnız rəqəmli TV yayımı həyata keçirilir. Növbəti mərhələdə - 1 dekabr 2016-cı il tarixindən digər bölgələrdə də analoq TV yayımı dayandırılacaq. (APA)
01.11.2016 18:09:21
Oxuma sayı: 1205