Ədalət Vəliyev: "Azərbaycanda da filmlər gəlir gətirməlidir"
Ölçü:

"İstənilən filmin son məqsədi kommersiya xarakteri daşıyır və o, gəlir gətirməlidir".

Koordinat.az xəbər verir ki, bunu mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Milli Məclisin Mədəniyyət komitəsinin iclasında bildirib. O qeyd edib ki, gəlir gətirmək üçün studilayar müasir avadanlıqlara malik olmalıdır: "Azərbaycanda 40-a yaxın prodüsser mərkəzi fəaliyyət göstərir. Onların 99,9 faizinin film istehsal etmək və onun istismarı ilə məşğul olmaq üçün heç bir maddi-texniki bazası yoxdur. Ancaq bütün bunlara rəğmən, “Azərbaycanfilm” studiyasının dəstəyi ilə onlar son illərdə dünya kino bazarında uğur qazanmış bir necə filmə imza ata biliblər. “Azərbaycanfilm” studiyasının özünün də malik olduğu texnika yüksək səviyyədə deyil, sovet dövründən qalma texnologiyadır".

Nazir müavini bildirib ki, “Azərbaycanfilm” hətta dövlət sifarişi ilə çəkilən filmlər üçün xarici ölkələrdən müasir texniki avadanlıqlar icarəyə götürür. Onun sözlərinə görə, Azərbaycanda bu avadanlıqların gətirilməsi ilə məşğul olacaq maraqlı qurumlar da yox dərəcəsindədir: "Çünki bu avadanlıqlar son dərəcə qiymətlidir, onların maya dəyərinin çıxarılması üçün böyük zaman, eyni zamanda dövlətin təminatı lazımdır. Sahibkarlar da təbii ki, əllərindəki böyük məbləğli vəsaiti tez gəlir gətirən, sərmayəsini tezliklə doğrulda bilən layihələrə qoymaqda daha çox  maraqlıdırlar. Kinoteatrlar Azərbaycan filminin nümayişini qeyri-münasib vaxta, amerikan filmini isə ən yaxşı saata salırlar. Təbii ki, səhər saat 11-də, insanların işdə-gücdə olduğu bir vaxtda, heç kəs ən yaxşı Azərbaycan filminə vaxt ayırıb, baxa bilməyəcək. Bu, imkan xaricindədir. Televiziyalarda da eyni problemlər yaşanmaqdadır. Biz yeni qanun layihəsində bu məsələlərin də tənzimlənməsinə fikir vermişik".

Ədalət Vəliyev Azərbaycan Film Fondunda 40 minə yaxın filmin qorunduğunu söyləyib: "Bizim 600 minə yaxın filmi qorumaq imkanlarımız var. Əgər filmlərlə bağlı məsələlərə maliyyə nöqteyi-nəzərdən güzəştlər tətbiq olunarsa, bizim Film Fondu regionda, Yaxın Şərqdə yeganə dünya sdtandartları səviyyəsində temperatur rejimini qoruyub saxlaya bilən bir fonddur. Biz qonşu dövlətlərin saxlaya bilmədiyi filmləri də Film Fondunda saxlayıb, gəlir əldə edə bilərik".

01.11.2016 16:15:38
Oxuma sayı: 457