“Gizli Bakı”, “qorxulu Tehran” və “qırmızı Moskva”:  birgə yollar hara qədər gedəcək?
Ölçü:



Moskva-Bakı-Tehran oxu kürəsəl siyasətin faktı olub. Türkiyə və Çin buna qoşulub “dünya düzəni”ni kökündən dəyişsə, təəccüblü heç nə olmayacaq.

Siyasətdə “yolların ağılçatmazlığı”, demək olar, hər gün təsdiq olunur. Rusiya və Türkiyə hələ bu yaxınlarda bir-birini, az qala, boğurdu, sonra birdən söyüşməyi tərgidib yenidən dostlaşdı.

İran və Azərbaycan qarşılıqlı iddia və şübhələri mübadilə edirdi və birdən Azərbaycan prezidentinin bölgəsəl və yaxud nəqliyyat formatı deyil, “dünya siyasətinin faktı” adlandırdığı Moskva-Bakı-Tehran üçbucağı formalaşdı.

Bu gün bu yeni siyasi konstruksiyanın nə qədər dayanıqlı və uzunömülü olacağını söyləmək çətindir. Ola bilsin, o, Türkiyə və Çinlə “möhkəmlənəcək” ki, bu da bir tərəfdən dedikcə paradoksal, o biri yandan isə qanunauyğun görünür. İndiki mərhələdə isə ancaq etiraf etmək olar ki, Moskva, Bakı və Tehranın “roman”ında qeyri-iradi heç nə yoxdur – tərəfləri təkcə iqtisadi xarakterli praqmatizm deyil, üç əsas “sütun”a söykənməyin izah olunan zərurəti hərəkətə gətirir: bu dövlətlərin hər üçü  xarici qüvvələrin öz daxili işlərinə müdaxiləsinə güclü müqavimət göstərir; Bakının Ankara ilə müttəfiqlik münasibətlərinə baxmayaraq, Suriya probleminin həllinə onların yanaşması praktik olaraq eynidir; bu “üçlük”dən hər biri müxtəlif variasiyalarla olsa da, “asiyasayağı” sabitliyi “qərbsayağı” demokratiyadan üstün tutur.

İlham Əliyevin RİA Novosti-yə dediyi kimi, yeni format “ciddi xarici siyasət, geopolitik təşəbbüs və artıq gerçəklikdir” və bütün tərəflər yeni üçbucağın “dolması” üçün zəruri hər şeyi edəcək. “Dolma” üzrə səylər bu gün Suriyanın timsalında çox yaxşı görünür – ən azı, Rusiya və İran səviyyəsində. Azərbaycan isə Rusiyanın Suriya probleminə yanaşmasını dəstəkləyir, lakin çətin ki tərəfdaşlarının əməliyyatlarına birbaşa qoşulsun və hələlik təqdirli diplomatik açıqlamalarla kifayətlənir.

Bütün bu yeni “həndəsə” Qərbin törətmədiyi istənilən digər qurum kimi ona heç xoş gəlmir. Amma bu da aydındır ki, İran və Rusiya Suriyadan geri çəkilsə, Azərbaycan isə “həm bizimki, həm də sizinki” mövqeyini tutarsa, onda Moskva, Bakı və Tehran çox tezliklə Qərbin Avrasiya uğrunda mübarizəsinin episentrində görünəcək – sonra Mərkəzi Asiya, postsovet məkanının digər dövlətlərini, həmçinin Türkiyə və Çini dövrəyə alacaq. Yəni bir tərəfdən zəngin enerji resurslarına, iqtisadi və insan potensialına malik olan, digər tərəfdən isə əlverişli geostrateji mövqe tutan və öz inkişaf yolu ilə gedən bütün ölkələri.

Belə ki bu gün Qərbin vəzifəsi Moskva-Bakı-Tehran üçbucağının zəiflədilməsi, o cümlədən “islam amili”nin istismarı, islamın siyasiləşdirilməsi, sünnilərlə şiələri toqquşdurmaq, Türkiyə və Çinin Avrasiya ideyasından qoparılması və digər xeyli üsullardır.

Bu arada Rusiya, İran və Azərbaycanın yaxınlaşması heç də təsadüfi deyil – elan edilmiş müəyyən fikir ayrılıqlarına baxmayaraq onlaırn qarşısında eyni çağırışlar durur. Nəticə kimi üç ölkənin hərbi-siyasi və iqtisadi tərəfdaşlığının zərurəti yetişib. Bu dəstədə Qərbin əsas opponenti, iqtisadi azman, mövcud dünya düzənini dəyişdirməyə iddiaçı  Çin də görünə bilər. Prinsipcə, yuxarıda göstərilən ölkələrin hamısı birlikdə eynib təhlükəsizlik “çətiri”nin altında ola bilər – məsələn, ŞƏT və yaxud BRHÇC-də.

Lakin bu cür perspektiv bir qədər uzaq görünürsə (amma heç kim irəlicədən bilə bilməz ki, dünya terrorizm burulğanı və Qərb amili üzündən hansı alyanslar formalaşacaq), Rusiya, İran və Azərbaycanın alyansı artıq göz qabağındadır. Ekspertlər hətta Azərbaycanda (nəzəriyyədə) üç ölkənin birgə hərbi bazasının yaradılması haqda danışmağa başlayıblar. Politoloq Aleksandr Perenciyev bu cür bazanın əvvəllər Rusiya RLS-nin yerləşdiyi Qəbələdə yaradılması imkanını səsləndirib. Onun Sputnik agentliyinə (Bakı) dediyi kimi, hazırda Qəbələ RLS-nin funksiyasını Armavirdə inşa edilmiş “Voronej-DM” RLS-lərindən biri yerinə yetirir. Onda iki seqment var – biri cənubi-qərb istiqamətini (Cənubi Avropadan Afrikanın şimal sahilinə qədər), ikincisi isə cənub istiqamətini bağlayır. Qaldı ki, Rusiya hərbçilərinin yenidən Azərbaycana qayıtması məsələsinə, bunun mənası yoxdur: “Lakin Qəbələdə Armavir stansiyasının imkanlarını gücləndirən hansısa bir infrastruktur yaratmaq mümkündür. Variant kimi isə – orada sadəcə Rusiyanın hərbi bazasını yaratmaqdır”.

Perenciyev qeyd edir ki, istənilən halda çox şey həm şəraitin özündən, həm də Azərbaycanın gələcəkdə Rusiya ilə sıx hərbi əməkdaşlığa nə qədər hazır olacağından asılıdır. Lakin o, hesab edir ki, bu, Moskva-Bakı-Tehran alyansının formalaşması çərçivəsində mümkündür – bu, artıq xalis Rusiya deyil, Rusiya-İran-Azərbaycan hərbi bazası olacaq. Ekspert məlumat verir ki, lakin ümumən Rusiyada təkcə öz ərazisi deyil, Azərbaycan daxil olmaqla qonşu ölkələrin də ərazilərinin müdafiəsi sistemi yaradılıb.

Bəs NATO üzvü olan Türkiyə necə? O, artıq İrana əvvəlki tək əsəbi yanaşmayaraq anlayır ki, birincisi, müttəfiqlərini bir-bir itirir və yenilərini hazırlamaq lazım gəlir. İkincisi, ona Yaxın Şərqdə Rusiya-İran tandemini udmaq çətindir və tam məğlubiyyətə uğramaqdansa vaxtında ayaq saxlayıb buna qoşulmaq sərfəlidir. Üçüncüsü, Qafqaz və Yaxın Şərqdə qüvvələr tarazlığı Türkiyəyə ciddi dəstək verə biləcək Rusiya və İranın xeyrinə biçimlənir. Lakin Türkiyəni Rusiya və İrana sarı bu fakt da meylləndirir ki, müttəfiqi Azərbaycan artıq Moskva və Tehranla eyni siyasi konstruksiyaya sığışıb. Və ümumiyyətlə, Ankaranın Moskva, Bakı və Tehranaq qoşulmaq həvəsi onun Yaxın Şərqdə ABŞ-ın mövqelərini zəiflətmək istəyi baxımından tamamilə məntiqli görünür. Buna görə də Türkiyə ilə Qərb (NATO) arasında münasibətlərin dəyişdiyi şəraitdə “üç üstəgəl bir” formulu indi tam realist görünür. Xüsusən də ona görə ki, Türkiyə ilə Qərb arasındakı ideoloji ixtilaflar artıq çox dərinə gedib – yaxın perspektivdə “Gəzi parkı”nın təkrar olunması və dövlət çevrilişinə yeni cəhdə qədər.

Qaldı ki, Moskva-Bakı-Tehran üçbucağının özünə, o, ideyaca, heç olmasa, terrorizm, radikal islamla birgə mübarizə və bölgəsəl, kürəsəl təhlükələrin önlənməsi qənaəti baxımından dayanıqlı olmalıdır. Bunu da yaddan çıxartmayacağıq ki, yeni üçbucağın bütün iştirakçıları Xəzər dövlətləridir və Xəzər hövzəsinə xarici hərbi qüvvənin buraxılmaması təsəvvüründən onların birgə hərbi-dəniz qrupu yaratması məntiqli olardı.

Yuxarıda artıq deyildiyi kimi, bu oxun iqtisadi tərkibi hərbi-siyasi və antiterror tərkibindən xeyli azdır, lakin iqtisadiyyat və logistika da onun güclənməsində təkan rolu oynayr. Xüsusən də söhbət Şimali, Mərkəzi və Qərbi Avropa ölkələri, Hindistan və Fars körfəzi ölkələrinə çıxmaqla Rusiya, Azərbaycan və İranın dəmiryollarını birləşdirməli olan “Şimal-Cənub” beynlxalq nəqliyyat dəhlizinin tam işləkliyindən gedir. Bu marşrutun digər, xüsusən də Süveyş kanalından keçən marşrutlar qabağında əsas üstünlüyü daşınma məsafəsinin iki dəfə və daha çox, uyğun olaraq onun maya dəyərinin azalmasıdır.

Növbəti istiqamət – “üçlüyün” enerji resurslarının hasilatı və nəqli sahəsində əməkdaşlığı, üç ölkə arasında enerji dəhlizinin yaradılması, üç ölkənin maliyyə-iqtisadi sisteminin dayanıqlığı və s.-dir. Ümumiyyətlə, tərəflərin planları əzəmətli və tam gerçəkləşdiriləndir. Hər üç tərəf geopoitik zəiflik, xarici müdaxilə və digər təhlükələrə müqavimətin yüksək dərəcəsi, bu dövlətləri Qərbin tuşlanma hədəfində böyuk məqsədə çevrilməsi səbəbindən Moskva-Bakı-Tehran üçbucağının dayanıqlığında maraqlıdır.

 
Andrey Nikolayev
Rosbalt.ru
(Tərcümə Strateq.az-ındır)
27.10.2016 19:56:37
Oxuma sayı: 1048