İmişliyə qar yağdı - oktyabrda bu rayon üçün nadir hadisə
Ölçü:


İmişli sakinləri son 60 ildə görünməyən təbiət hadisəsinin şahidi olublar.

Koordinat.az xəbər verir ki, bu gün səhər saatlarından yağan sulu qar sonradan qara çevrilib. ARB TV-nin yaydığı məlumata görə, hazırda İmişlidə qış ab-havası müşahidə olunur. Ruslan Şahbazov adlı sakin oktyabr ayında İmişliyə qar yağmasını nadir hadisə kimi qiymətləndirib: "Qarın yağmağı, havanın təmizliyi başqa məsələ, amma mənim 60 yaşım var və indiyə qədər oktyabrda qar görməmişik".

İmişlinin ağ örpəyə bürünməsinə səbəb olan təbiət hadisəsi rayon sakinlərini də təəccübləndirib. Rayon sakini Fərahim Nəzərov: "Yanvar ayında elə olub ki, biz qar üzünə həsrət qalmışıq. Oktyabrda isə qar yağmağı bizə təəccüblü gəlir. Buna baxmayaraq çox sevincliyik".

İlin bu fəslində yağan qar kənd təsərrüfatının bəzi sahələri üçün faydalı olsa da, bir tərəfdan də ziyanlıdır. Ruslan Şahbazov deyib ki, qarın taxıla xeyri var, ancaq pambığa ziyandır: "Çuğundurun yetişən vaxtıdır. Camaatın məhsul toplamağına problem yaradır".
27.10.2016 18:31:00
Oxuma sayı: 511