Qızılcaya qarşı peyvəndləmə başlayır
Ölçü:


Bir-iki günə qızılcaya qarşı təmizləyici immunlaşdırma tədbirləri çərçivəsində peyvəndlərin vurulmasına başlanılacaq.

Koordinat.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva bildirib. O qeyd edib ki, səhiyyə naziri Oqtay Şirəliyevin respublikada qızılca xəstəliyinə qarşı təmizləyici immunlaşdırma tədbirlərinin keçirilməsinə dair imzaladığı əmr istiqamətində işlər yekunlaşmaq üzrədir: “Hazırda innovasiya mərkəzi tərəfindən Respublika ərazisində fəaliyyət göstərən dövlət tibb müəssisələrinə vaksinlərin paylanılması prosesi davam edir. Paytaxt ərazisində, demək olar ki, vaksinlərin paylanılması yekunlaşıb. Bir-iki gün ərzində artıq 20-40 yaşlı əhali arasında vaxtında peyvənd olunmayan insanlara qızılcaya qarşı təmizləyici immunlaşdırma tədbirləri çərçivəsində vaksinlərin vurulmasına başlanılacaq.

Bir-iki günə Bakıda peyvənd işləri başlanacaq. Bundan sonra isə İnnovasiya Mərkəzi tərəfindən vaksinlər xüsusi maşınlarla respublikanın digər rayon və şəhərlərinə çatdırılacaq. Bütün bu tədbirlərin mart-aprel ayı çərçivəsində yekunlaşması planlaşdırılıb”.

Direktor müavini onu da əlavə edib ki, vaksinlər böyüklər üçün poliklinikalara, dövlət müəssisələrinə paylanacaq və peyvəndlər tam pulsuz olaraq əhaliyə vurulacaq.
04.03.2019 13:11:00
Oxuma sayı: 596