Qarabağ qaytarılır: əvəzində Azərbaycan və Türkiyə Avrasiya İttifaqına qoşulur– Təhlil
Ölçü:


Azərbaycan Qarabağa muxtariyyət statusu təklif edir və eyham vurur ki, Avrasiya İqtisadi Birliyinə (AİB) daxil ola bilər. Hər iki layihənin gerçəkləşməsi Ermənistana xoş gəlmir, lakin Rusiyadan asılıdır. Azərbaycan prezidenti ermənistanlı həmkarına hələlik şəxsən heç nə təklif etməyib.

Ermənistanda Azərbaycan prezidenti İlham Əliyevin RİA Novosti-yə verdiyi müsahibəyə son dərəcə əsəbi reaksiya veriblər. Əslində, Ermənistan ekspert və siyasətçiləri onu lağa qoymağa cəhd ediblər, lakin fərəh üçün onların səbəbləri yoxdur.  “Gülüşü” isə Azərbaycan prezidentinin Qarabağ və Azərbaycan-Ermənistan münaqişəsinin nizamlanması üzrə ifadələri doğurub. Onun məğzi bu cürdür: özgəsininkini götürəndə, lütfən, onu qaytar, buna görə isə hətta hər hansı imtiyazlardan savayı “sənə heç kim heç nə deməyəcək”. Bax, qaytarmasan, özündən küs.

İndiki konkret halda Rusiya və Türkiyə, həmçinin  – istisna olunmur – İran “zirehiylə” qorunan Əliyev öz mövqeyində qəti durur: ermənilər işğal olunmuş Azərbaycan ərazilərini qaytarmalı olacaqlar və bir milyon qaçqın öz evinə dönməlidir. O deyib: “Beynəlxalq hüquq bizim  tərəfimizdədir. Ermənistan daxil omaqla dünyanın heç bir ölkəsi Dağlıq Qarabağı tanımır”.

Prezident qeyd edib, lakin məsələ əsasən ona görə həll olunmur ki, Ermənistan Azərbaycan torpaqlarının işğaldan azad edilməsini və Qarabağın status-kvosunun dəyişilməsini istəmir.

…Görünür, İrəvan və Stepanakertdə Azərbaycanın bu gün hansı geopolitik kozırlara malik olduğunu, həmçinin arxasında kimin durduğunu tam anlamırlar, ya da çox yaxşı başa düşürlər. Buna görə də onların reaksiyası gözlənilən olsa da, bir qədər “əsəbi”dir.  Tanınmamış Dağlıq Qarabağ Respublikası prezidentinin mətbuat idarəsinin rəhbəri David Babayan bildirib ki, Əliyevin təklifi “gülüncdür”.

Ümumiyyətlə, nədənsə Stepanakertdə də, İrəvanda da özlərini elə göstərirlər ki, Azərbaycan nəticədə DQR-in müstəqilliyini tanımalı olacaq, amma bu inamın nəyə söykəndiyi aydın deyil. Məsələn, politoloq Hrant Məlik-Şahnazaryan bildirib ki, “DQR-in müstəqilliyi istənilən halda dünya birliyi tərəfindən tanınmalıdır” və Azərbaycanın təklifləri praktik deyil: “Düşünürəm ki, hələ bir qədər də vaxt keçəcək və Azərbaycan hökuməti anlayacaq ki, istənilən halda Qarabağ ermənilərinin rəyi ilə hesablaşmalı və son nəticədə onun müstəqilliyini tanımalıdır”.

İrəvanda isə rəsmi səviyyədə Əliyevə cavab verilib ki, Dağlıq Qarabağ Respublikasının statusunu Azərbaycan prezidenti deyil, Qarabağ xalqı müəyyən edir. Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov Azərbaycan prezidentinə “ilişib”: “Məndə təəsürat yaranır ki, Əliyev instinktiv olaraq səhv edib və müstəqil dövlət əvəzinə, “muxtar respublika” deyib”.

O, yeri gəlmişkən, praktik olaraq tam şəkildə “Qarabağ kölgəsi”nə çəkilən ATƏT Minsk qrupunun həmsədr ölkələrinin Qarabağ münaqişəsinin nizamlanmasında üç təməl prinsipdən biri kimi millətlərin öz müqəddəratlarını təyin etməsi hüququnu yada salıb.

Şarmazanov bundan əlavə Türkiyənin nizamlamada iştirakını qəti istisna edib və bununla da Dağlıq Qarabağın mühasirədən çıxarılması və bölgədə normal qarşılıqlı fəaliyyətin təminatında Ankaranın müsbət rol oynaya biləcəyini bildirən RF XİN başçısı Sergey Lavrova cavab verib. Erməni siyasətçisinin sözlərinə görə, Lavrovun özü əvvəllər etiraf edib ki, münaqişə zonasında aprel hərbi hadisələri zamanı Türkiyənin fəaliyyəti sülhə deyil, daha çox savaşa çağırış idi – bu da barış prosesinə ziddir.

Şarmazanov deyib: “Qarabağ nizamlamasında Türkiyəyə yer yoxdur”. O vurğulayıb ki, buna heç vaxt nə Ermənistan razılaşar, nə də DQR. Lakin görünür, Ermənistan parlamentinin vitse-spikeri dilindən artıq söz çıxdığını, Lavrova isə toxunmamalı olduğunu anlayıb əlavə etməyə tələsib ki, “Rusiyanın ikili oyun apardığını düşünmür”.

Lakin Rusiya və Azərbaycan hər halda hansısa oyun oynayır, əks halda Əliyev bu qədər ifrata varmaz və deməzdi ki, Azərbaycanın AİB-ə girməyi istisna olunmur. Əlbəttə, burada etiraz etmək olar ki, Şərq siyasətçiləri onlara qulaq asanların zövqünü oxşamaq üçün heç nədən xəbər verməyən “şirin nitqlər” tələffüz edirlər.

Ermənistanın da üzv olduğu AİB-ə girmək xüsusunda isə Əliyev Azərbaycanın bu gün olduğu vəziyyətdə – həm iqtisadi, həm də siyasi baxımdan – özünü “yetərincə inamlı” hiss etdiyini bildirib uzun müddət “otar-suvar” edib. Amma əslində, belədirmi?

Bundan başqa, o, “Əliyev rejimi”ni təzahür kimi məhv etmək istəyən  xarici qüvvələrin zaman-zaman fəallaşmasını da daim gözləyir və etiraf edir və əvvəllər axtarmadığı yerlərdə özünə tərəfdaşlar axtarır. Misal kimi İranı göstərmək olar.

…Və güman etmək olar ki, Əliyev bunu çox gözəl anlayır. O, Azərbaycanın imkanlarını göylərə qaldırdıqdan sonra yenə də etiraf etməli olub: “Yeni təhlükələr, yeni çağırışlar meydana çıxır və hər şeyin necə alovlandığını görürük. Sabitsizləşmənin yeni ocaqları, risklərin yeni potensial qaynaqları yaradılır. Əlbəttə ki, bu cür şəraitdə ənənəvi tərəfdaşlarla sıx qarşılıqlı fəaliyyətdən çox şey asılıdır. AİB ölkələri ilə iqtisadi, elə siyasi əməkdaşlığımızın da formatı bu gün yetərincə etibarlıdır. Əlbəttə, inteqrasiya yolu ilə getmək üçün motivləşmə lazımdır. Bu, iqtisadi, sosial, siyasi, istənilən digəri ola bilər. Və biz hazırda bu yöndə işləyirik”.

O, AİB-də Azərbaycan üçün “Rusiyanın prioritet tərəfdaş” olduğunu sirrə çevirmir… Lakin Ermənistan burada da Azərbaycana heç bir şans buraxmır. Artıq sözügedən politoloq Şahnazaryan “Novosti-Armeniya” agentliyinə bildirib ki, “ən yaxın perspektivdə Azərbaycanın AİB-də olmaq şansı yoxdur” və ümumiyyətlə, Ermənistan buna müqavimət göstərməlidir. O deyib: “Əgər Azərbaycanın AİB-ə girməyinin bədəli kimi Qarabağ ərazisi nəzərdən keçiriləcəksə, bu, ən azı, Ermənistana xarici təhlükədir. Digər tərəfdən, aydındır ki, həll edilməmiş münaqişənin mövcudluğu halında Ermənistan da, Azərbaycan da AİB-də olsa, bu qurum tam şəkildə funksiyasını yerinə yetirə bilməz”.

Ehtimal ki, erməni ekspert hədəfə düşüb, çünki Azərbaycan AİB-ə “elə-belə” girməz. Yəni Rusiya Qarabağ və Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasını təkcə Bakının xeyrinə həll etməyi söz verməli olmayacaq, həm də bunu əməldə həyata keçirəcək.

Digər tərəfdən, hazırda Azərbaycan üçün AİB-dənsə KTMT-yə girmək daha mühümdür (lakin deyir ki, bunu etməyə hazırlaşmır), çünki hazırda onun təhlükəsizliyinin hərbi-siyasi tərkibi maliyyə-iqtisadi təhlükəsizliyindən xeyli önəmlidir.

Bir sözlə, Azərbaycanda və onunla bağlı durum indi daha çox Rusiyanın həm Bakı, həm də İrəvanla qarşılıqlı münasibətlərinin “zərbə gücü”ndən asılıdır. Lakin, bax, bu maraqlıdır: Qarabağla bağlı bütün məsələlərdə Ankara getikcə daha israrla gözə dəyir – həm də onu aşkarca Moskva “dadandırır”. Rusiya XİN rəhbəri Sergey Lavrov Türkiyənin iştirakı haqda ağzından söz qaçırandan sonra – görünür, bu, bir yoxlamaq idi – Rusiya XİN təmsilçisi Mariya Zaxarova keçən həftənin sonunda Qarabağ nizamlamasında Türkiyə amilini qeyd edib. Onun sözlərinə görə, Türkiyənin məhz müsbət əlavə etməyə nəyisə varsa, onda “burada heç bir problem ola bilməz”.

Ermənilər növbəti dəfə özlərini Rusiya tərəfindən satılmış hiss ediblər. İrəvanda deyirlər ki, yüz il əvvəl erməni soyqırımını (mətndə bu cürdür-tərc.) həyata keçirmiş, həm də bu ağır tarixi faktı etiraf etməyən ölkəni nizamlama prosesinə qoşmaq ən pis məsələdir. Ümumiyyətlə, Ermənistanda böyük çoxluq şübhə etmir ki, Rusiya və Türkiyə İrəvana qarşı qəsdə girişib. Ermənistan nəşri “Armworld” Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun sözlərini misal gətirir ki, Türkiyə və Rusiya “işğal edilmiş beş rayonun Ermənistan qüvvələrindən azad edilməsi” haqda razılığa gəlib.

Əlbəttə, bu, lovğalanma ola bilər, digər tərəfdən türk nazirin sözləri Rusiyanı ermənilərin gözündən salmaq cəhdini və “onun Ermənistan üçün heç bir strateji tərəfdaş olmadığının nümayişini” ifadə edə bilər. Və ümumiyyətlə, bəyanatın özü kifayət qədər “qiyamvari”dir, çünki Türkiyə Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT Minsk Qrupunun həmsədri deyil və buna görə də “rayonların azad edilməsi” ilə bağlı Rusiya ilə rəsmən sazişə gələ bilməz. Belə bir saziş varsa (ki, ümumiyyətlə istisna olunmur), onda bu, nizamlamanın rəsmi formatının iştirakçılarına – ABŞ və Fransaya birbaşa meydan oxumaqdır.

Yəni Çavuşoğlu həqiqəti deyirsə, onda Rusiya və Türkiyə, birincisi, Vaşinqton və Parisə pislik etməyə, ikincisi, Bakıya arxasında uzağa gedən planlar duran – həm Azərbaycanın, həm də Türkiyənin Avrasiyaya inteqrasiyası – açıq dəstək nümayiş etdirməyə cəhd edir.

Bütün bunların Ermənistanın sabitliyinə və cəmi bölgəyə necə təsir edəcəyi başqa məsələdir, lakin görünür, Ermənistanın fikir və istəyini artıq heç kim nəzərə almır: fövəqlvəzifə daha qiymətlidir.

Bir sözlə, nizamlamada Ermənistana barışmaq istəmədiyi tamaşaçı rolu ayrılır. Lakin qiyam etsə, respublika daha ağır duruma düşə bilər – indi, heç olmasa, Rusiyanın bölgəsəl təhlükəsizlik sistemində sayılır və ancaq zəmanət verilir ki, “gözünün odunu almaq üçün” başına Azərbaycan bombaları yağsa, çox çəkməyəcək.


 İrina Corbenadze,
Rosbalt.ru, 24.10.2016

(Tərcümə Strateq.az-ındır). 
26.10.2016 18:26:06
Oxuma sayı: 975