Kaurismyaki ölkəsi...
Ölçü:


Çoşqun ELDAROĞLU

Aki Kaurismyakinin “Ümidin o biri başında” filminin lozunqu belədi: hamımız insanıq, bu gün biri qaçmağa məcburdu, sabah biz hamımız qaçqın ola bilərik.

Film suriyalı qaçqınların taleyindən bəhs eləyir. Müharibədən qaçan adamlar, bir ömürlük müharibədən qaça bilməyən adamlar...
Kaurismyakinin filmləri ən ağrılı mövzulardan emosiyasız danışmağı xoşlayır. Hətta bir az da yumorla. Amma bütün film ərzində ağrını ürəyində daşıyırsan...

Ukraynada yaşayanda yerli adamlarla söhbət eləyirdim. Deyirdilər, yəqin sizin ölkədə yaşayış səviyyəsi çox yüksəkdi, televizorda görürük, Bakı işıq saçır. Sualla cavab verirdim: Azərbaycanda vəziyyət daha yaxşı olsaydı, bu qədər adam bura işləməyə gələrdimi?

Avropa ölkələrinin səfirliklərinin qarşısında uzun-uzun növbələr yaranır. Avropada şəklini görən kimi tanışlar yazıb soruşur ki, müəllim, ora yaşamağa necə getmək olar? Ölkədə vəziyyət yaxşıdısa, insanlar yaxşı yaşayırsa, keyfiyyətli təhsil alırsa, həyatını əmanət eləyəcək səhiyyə varsa, gələcəyə ümid böyükdüsə, niyə ölkədən qaçırlar?
Ölkənin gözəl günləri haqda paytaxt mərkəzinin işıqları sayrışan küçələrindən danışmaq asandı. Ucqar kəndlərində adamlar həyat mübarizəsindədi. İş yox, qaz yox, su yox, məktəblər tövləyə oxşayır. Mən bir kənddə görmüşdüm, qadınlı-kişili böyük çəkmələrlə kəndin ətəyinə düşürlər, özlərini şəhər mərkəzinə gedən “Niva”lara çatdırırlar, maşına minən kimi bayaqdan əllərində saxladıqları babat ayaqqabıları geyinirlər. Palçıqlı çəkmələr kəndin girişində yan-yana düzülür. Dünyanın ən kədərli mənzərələrindəndi...

Həmin kəndlərin uşaqları, cavanları üçün işıqlı heç nə yoxdu. Paytaxt küçələrinin sayrışan işıqları onları qaranlıqdan xilas eləmir. Onlar nağıllara lap erkən yaşlardan inanmırlar. Həyat başqa şeylər danışır.
Kaurismyaki “Ümidin o biri başında” filmiylə kinodan getdiyini açıqlayıb. Dünyanın ən böyük rejissorlarından biri daha yumor çəkə bilmir. Çünki dünyada daha heç nə gülməli deyil...

Bizim ölkədə də gülməli heç nə qalmayıb...
04.03.2019 10:42:00
Oxuma sayı: 421