Amerikalı həmsədr: "Əliyev və Sarkisyan problemin həlli üçün öhdəlik göstərməlidir"
Ölçü:


Oktyabrın 22-də amerikalı həmsədr Ceyms Uorlik Azərbaycan Xarici Dillər Universitetində mətbuat konfransı keçirib. Diplomat Bakı səfərində Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün zamanını müzakirə edəcəyini bildirib.

Koordinat.az
mətbuat konfransında jurnalistlərin həmsədrə ünvanladığı suallara verilən cavabları təqdim edir:

- Prezident İlham Əliyev erməni həmkarı Sarkisyanla görüşməyə və bu istiqamətdəki məsələləri müzakirə etməyə hazır olduğunu deyib. Biz Bakıda və İrəvanda iki prezidentin görüşünün vaxtı və yeri barədə müzakirələr aparacağıq. Hələlik bu barədə konkret heç nə deyə bilmərəm, yəni prezidentlərin görüşünün nə vaxtı, nə də məkanı bəlli deyil. Amma cənab Əliyev tez bir zamanda görüşə qatılmaq istəyini bildirib, biz bu istəyi alqışlayırıq. Bilirsiniz, prezidentlər arasındakı görüş asan təşkil olunan və asan keçirilən görüşlər deyil. Sadəcə, bu təmasların vacibliyi odur ki, iki prezident öz aralarında fikirlərini paylaşa bilirlər. Sülh vaxtı bu gün deyilsə, nə vaxt olacaq?! Biz istəyirik ki, tərəflər yenidən öz istəklərini bir-birilə görüşsün və nəticə etibarıilə problemi həll etsinlər. Əminəm ki, məsələnin sülh yolu ilə həllinə siz və övladlarınız layiqdir. Hər iki xalq tam sülh şəraitində yaşamağa layiqdir. Mən elə bir günün gələcəyinə inanıram, erməni və Azərbaycan xalqı bir-birilə sülh şəraitində yaşamaq imkanını əldə edəcəklər. Biz bugünün gəlməsinin danışıqlar yoluyla baş tutmasını istəyirik. Ümid edirəm ki, prezident Əliyevdən görüşdən sonra münaqişənin həlli yolunda müəyyən irəliləyişlər barədə sizə açıqlama verə biləcəyəm.  

Meydan TV: Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları əsasında yaranan Dağlıq Qarabağ münaqişəsi barədə söhbət düşəndə siz və rusiyalı həmsədr Vaşinqton və Moskvanın problemin həllində əməkdaşlıq etdiyini bəyan edirsiniz. Ancaq Dnestryanı bölgə, Ukrayna, Gürcüstan və nəhayət, Suriya hadisələri göstərir ki, Rusiya və ABŞ-ın maraqları həm bölgədə, həm də bir sıra məsələlərdə toqquşur. Əgər bu maraqlar toqquşursa, Dağlıq Qarabağ porobleminin həllində Moskva və Vaşinqton necə əməkdaşlıq edə bilərlər? Bəlkə bu əməkdaşlıq münaqişənin həllinə mane olur?
- ABŞ, Rusiya və Fransa Dağlıq Qarabağ münaqişəsinin həllinin tapılması istiqamətində sıx şəkildə fəaliyyət göstərir. Biz münaqişənin həllinin tapılması istiqamətinə çox bağlıyıq və sadiqik. Xəbəriniz var ki, bu yaxınlarda ATƏT-nin Minsk Qrupunun həmsədrləri Moskvada Rusiya xarici işlər naziri cənab Lavrovla görüşüb, bu məsələyə toxunmaq imkanlarını əldə ediblər. Biz üç həmsədrin münaqişənin həll olunması istiqamətində paylaşdığı bir hədəf var-Dağlıq Qarabağ münaqişəsinin sülh yoluyla həllini tapmaq istəyirik. Bir daha deyirəm, biz münaqişənin tələblərilə birgə işləməyə, eyni zamanda, format daxilində çalışaraq bu işə sadiqliyimizi yenidən nümayiş etdirməyə hazırıq.

"Turan" İA: ABŞ dövlət katibi Con Kerrinin bəyanatı Azərbaycan prezidenti tərəfindən sərt qarşılandı. Siz prezident İlham Əliyevin və Kerrinin bəyanatını necə qiymətləndirirsiniz?
-Cənab Kerri Dağlıq Qarabağ münaqişəsinin tələblərilə çalışaraq bu məsələyə öz öhdəliyini çox güclü nümayiş etdirmişdir. Sadəcə, xatırladım ki, məhz cənab Kerri bir neçə il əvvəl  iki prezidentlə NATO tədbiri zamanı görüşüb, müzakirələr aparıb. Həmin müzakirələrin çox məhsuldar olduğunu düşünürəm. Bir neçə ay əvvəl isə məhz cənab Kerri Azərbaycan və Ermənistan prezidentlərilə Vyanada görüşərək onların bu istiqamətdə təmasda olmaq ehtiyacının olduğunu vurğulamışdı. Həmin görüşdə Fransa və Rusiyanın xarici işlər naizrləri də iştirak ediblər. Hər iki xalqın marağındadır ki, Dağlıq Qarabağ münaqişəsini davamlı və razılaşdırılmış həlli tapılsın.  Hesab edirəm ki, ABŞ-ın bu məsələyə dair olan öhdəliyi və sadiqliyi şübhə altında olmalı deyil. Düşünürəm ki, Dağlıq Qarabağ münaqişəsinin tərəfləri, xüsusilə prezidentlər Əliyev və Sarkisyan problemin sülh yoluyla davamlı həlli üçün öhdəlik göstərməli və irəliləməlidirlər. Şəxsən prezident Əliyev mənə danışıqlar prosesinə öhdəliyini nümayiş etdirdiyini bildirib. O, gələcəkdə də danışıqlarda iştirak etməyə və masa üzərindəki təkliflərə baxmağa hazırdır. Bu kimi öhdəliklər bizim regiona gəlməyimizə və görüşlər keçirməyə vadar edir. Vyana və Sankt-Peterburqda prezidentlər problemin həllinə öz öhdəliklərini və güclü bağlılıqlarını göstəriblər. Biz də bu işin davamlı olması üçün bölgəyə səfər edirik. Müzakirə predmeti olan çox maraqlı elementlər və ideyalar var və bunlar mütləq müzakirə olunacaq. 

 "İnterfaks-Azərbaycan": Prezident Əliyev bu yaxınlarda bildirib ki, ona Dağlıq Qarabağın müstəqilliyinin tanınmasıyla bağlı təzyiqlər göstərilir. Belə təəssürat yaranır ki, təzyiqlər Minsk Qrupunun həmsədr ölkələri tərəfindən edilir. Bu barədə nə deyə bilərsiniz?
- Geniş razılaşdırılmış sülh formatına müəyyən elementlər daxildir. Vurğulamaq istərdim ki, Azərbaycanın işğal altındakı əraziləri qaytarılmalıdır. Eyni zamanda, bununla yanaşı müzakirə predmeti olan status məsələsi diqqətdə saxlanılır. Bununla bərabər məcburi köçkünlərin öz yurdlarına qayıtması, ərazilərdə sülhməramlı qoşunların yerləşdirilməsi, sülh müqaviləsinin formatı elementləri müzakirə olunacaq. Biz prezident Əliyevin bu istiqamətdəki təkliflərindən birini, Dağlıq Qarabağın statusu məsələsinin onun tərəfindən irəli sürülməsini alqışlayırıq. Ona görə də iki prezidentin ən tez zamanda olmasını istəyirik, onlar bir araya gəlib müxtəlif səpkidə olan elementləri və faktorları müzakirə edə bilərlər. Ümumiyyətlə, bu kimi danışıqlar davam etdirilməlidir.

ASAN-radio:
Siz Azərbaycanın işğal olunmuş ərazilərinin qaytarılmasını dediniz. Bunun üçün Ermənistanın silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərini tərk etməlidir, bu barədə razılıq varmı və bunun cədvəli, təqvimi müəyyən olunubmu?
- Bu, prezidentlər arasında müzakirə olunan vacib məsələlərdən biridir. Amma bir şeyi başa düşmək lazımdır ki, masa üzərində sadəcə bir element deyil, əhəmiyyətilə seçilən çoxsaylı elementlər var. Məhz bu elementlər toplusundan da bilavasitə razılaşdırılmış sülh müqaviləsinə daxildir. Bir daha deyim ki, prezident Əliyevin Dağlıq Qarabağın statusu məsələsini masa üzərinə qoyması faktını alqışlayırıq. Başa düşürük ki, bu məsələ Ermənistan və Azərbaycanda müzakirə olunan bir predmetdir. Müxtəlif səpkili elementləri dedim, torpaqların qaytarılması, köçkünlərin yurdlarına qayıtması, status, dəhlizin yaradılması kimi məsələlər paket şəklində müzakirə olunmalıdır ki, münaqişənin sülh və razılaşma yoluyla həlli tapılsın. Mən və həmkarlarım qeyd etmişik ki, status-kvo özü-özlüyündə davamlı olan amil deyil və biz problemin həlli üçün effektiv şəkildə  fəaliyyət göstərməliyik.

"Space":
Siz status məsələsinin üzərində dayandınız. Bəs 7 rayonun qaytarılması ilkin mərhələdə ola bilərmi?
 - Ərazilərin qaytarılması müzakirə olunan ən vacib elementlərdən biridir. Prezidentlər keçmişdə də bu məsələyə toxunublar, həmsədrlər bu prosesin ayrılmaz inteqral olan bir hissəsini yerinə yetirməyə qadir olacaqlar. Mən düşünürəm ki, işğal olunmuş ərazilərin qaytarılmasına qədər hər hansı bir razılıq əldə etmək mümkün olmayacaq.
 
24.10.2016 12:43:33
Oxuma sayı: 421