Baş alıb Murova gedən şairlər - ŞEİRLƏR
Ölçü:


Murova əsgərlərə baş çəkməyə gedəcəyimi biləndə Yevlaxda köçkün yaşayan şair Xəqani Həbiboğlu əvvəldən mənə yoldaş olacağını demişdi. Vədələşdiyimiz yerdə - Yevlax dördyolunda mənə qoşuldu. Kəlbəcərin Şaplar kəndindən olan şairlə tez isinişdik. Bizi birləşdirən yurd itkisindən, el-obanın köhnə saytal kişilərindən, dili dualı ağbirçəklərindən, dağlarda qurulan toy şənliklərindən, Laçında, Kəlbəcərdə şahidi olduğumuz məzəli əhvalatlardan danışa-danışa bir də gördük Göy-göldəyik.

Əsgərlərimizi ziyarət etməklə, onlara apardığımız azacıq payla hər ikimiz yurdu əsir düşən şair kimi az da olsa mənəvi rahatlıq tapdıq. Ordumuzu yüksək əhval-ruhiyyədə görməyin qürurunu yaşadıq. Macal tapıb Göy-gölə də qalxdıq, həsrətlə qarı yavaş-yavaş ətəyinə yenən Murova boylandıq. Yurd qoruqçusu əsgərlərimizlə sağollaşıb geri qayıtdıq...

Yevlaxda ayrılanda yol yoldaşım, dərd sirdaşım Xəqani Həbiboğlundan mənə şeirlər göndərməyi xahiş etdim. Dedim, ərkim çatan Koordinat.az saytı var, şeirlərini o saytın oxucularına təqdim edəcəyəm. Sağ olsun, sözümü yerə salmadı. Vətənin sərhədi beldə kəmər (toqqa) kimidi – o gün olsun o kəmərin bir ucu Kəlbəcərdən, bir ucu Qubadlıdan gəlib Laçında bağlansın, biz də o yerlərdə bir-birimizə qonaq olaq.   
İlham Qəhrəman
Şair-publisist



Beləliklə, şair XƏQANİ HƏBİBOĞLUnun şeirlərindən bir neçəsini Koordinat.az-ın oxucularına təqdim edirik: 


NƏRGİZ İÇİNDƏ
(Məmməd Aslanın vəfatına)
Kəlbəcər yerdən çox göydə fırlanır,-
Bənövşə bürcündə, nərgiz bürcündə.
Dağlardan arana yolçu gəlirdi,
Bənövşə-telində, nərgiz-xurcunda.

Naləm-qəmli deyil, ahı-sərxoşam,
Heyrətim-dəlidi,"bah"ı sərxoşam.
Göz dodaq olandan ruhu sərxoşam,
Bənövşə içəndə, nərgiz içəndə...

Qışda çiçəklədin, bu zor içində...
Yaşadın ömrünü qürur içində.
Narahat yaşadın, yat nur içində,
Bənövşə içində, nərgiz içində…

Laçın qayasından bir duman keçir,
Tərtər yanar, buz bulaqdan su içir.
Hər şair dünyadan bir çəmən köçür
Bənövşə köçəndə, nərgiz köçəndə...

Ürəyim yarıyıb, ağlımı ağla!
Xəqani, yolları bağlını ağla!
Təkcə Məmməd üçün ağlama, ağla -
bənövşə üçün də, nərgiz üçün də.

***
İnsan dünyaya gələndə,
Sevgi dolu naşı gəldi.
Yeməkdən, gəzməkdən betər,
Düşünməkdən xoşu gəldi.

Dünyanı dişinə vurdu,
Sonra, ağıl dişi çıxdı.
Ağlının dişi çıxmadı.
Atası özündən dişli,
Oğlunun dişi çıxmadı...

Yaşayanda vaxtı yoxdu,
Ölümə işi çıxmadı...
Dünyanın başına çıxdı,
 Dünyadan başı çıxmadı!

Öldü dünyadan xəbərsiz,
Torpaqdan başdaşı çıxdı.
Gördü o dünyada nə var,
Və, dünyadan başı çıxdı !


MANSIR BULAĞI
Qoçdaşda çağlayan Mansır bulağı,
İmanı yanandan pis yanıram, gəl!
Sən-axdın, mən-baxdım, qovuşammadıq,
Dəli yellər kimi əs, yanıram, gəl!

Hər içdikcə zəhər kimi dərmanı,
Ürəyimə boşaldırlar qırmanı.
Çoxdan yollamışam qərib durnanı,
Gəlib demədimi bəs, yanıram, gəl!

Yanar günəş, yanar ocaq, yanar şam,
Biri-həyat, biri-xəyal, biri-tam!
Elə bilmə adam kimi yanıram,
Od alıb indi də səs, yanıram, gəl!
 08.08.2006.


SULU ŞEİR
Çöllərə ehsan eylədi,
Çimməyi asan eylədi!
Çiskini leysan eylədi,-
Bulud cığallıq eliyir!

Hər yer vida, "sağol", "unut",
Közərməz yaş olan umut!
Evdə sükut, çöldə sükut,
Sükut cığallıq eliyir!

Qara bulud-yanıq fətir!
Göy yuyulur sətir-sətir.
Quş büzüşüb, uçur çətir!
Qanad cığallıq eliyir?!


***
"Zaman hər dərdin dərmanıdı..."
Deyirsən:-hər dərdin çarəsi - zaman,
Zamanın çarəsi nədi? - bilmirəm.
Ağlıma gəlmişdi ağlına gələn...
 
Ölümdən soruşdum, dedi - bilmirəm!
Yara sağaltmağı qırağa qalsın,
Keçdikcə gətirir sələm üstünə...
Gündə bir dişimi çəkir, qoyur ki,
Bir dəfə ürəkdən güləm üstünə...

Baxma ki, Gün gözəl qız tək güləyən,
Zaman - şaxtadan da çox sərtdi, qardaş!
Dəyəndə - yüz qırma bircə yaradı,
Sağalsa, hər qırma yüz dərddi, qardaş!

Zaman saç da qoymur, hərdən yolasan,
Babat baş da qoymur, döyəsən hərdən...
Dərini soldurub bir günə qoyur,
Qoymur gəncliyinə geyəsən, hərdən...

Halını soruşdum Zaman kişinin;
-Şəhidim sağalmaz yaramdı dedi!
Vətən yox, oğulyox, arvad da belə...
Mənim yaşamağım haramdı dedi!

Körpəlikdən indiyəcən aldığın
Hansı yara qaysaq yox e, sağaldı?
 Bilirəm ki, ürəyindən nə keçir...
Zaman qəddar, Əzrayılsa, cığaldı!

Yara sağalanda naxış olurmuş...
Ürəkdə qalanı, özəyi neynim?
Atamın ürəyi dörd para oldu,
Qızıl qanlı qara bəzəyi neynim?

Qurdla qiyamətə qalım, zamanın
Dəvası qayıdıb sözünə girsin,
Zaman sinəmizə yara vurmasın, 
Yara sağaltmağı gözünə girsin!


BU GECƏ
Əzablar içində çırpınan ürək,
Qədəhi çırpılan meyəm bu gecə!
Göyü uçub getmiş torpaq kimiyəm,
Torpağın itirmiş göyəm bu gecə!

Yollar mənə gəlmir, yollar-yalançı!
Sevgi yiyəsiz qız, dünýa halvaçı!
Sevincim çöllərdə qərib dilənçi,
Kədəri fatehəm, bəyəm bu gecə!

Basılmış şəhərəm - qırğınlar, talan...
Keşikçisi satqın, qalası filan!
Qılınclar oxşayan, küləklər çalan,
Sınıq bir tütəyəm, neyəm bu gecə!

Qanadım da yoxdu, necə uçum mən...
Olsa da, özümdən hara qaçım mən.
Elə susuzam mən, elə acam mən,
Bəlkə qəmlərimi yeyəm bu gecə...

Övladı vəfasız vətən kimiyəm!
Vətəni dumanda itən kimiyəm.
Ruhun unutduğu bədən kimiyəm,
Kəfən də tapmıram geyəm bu gecə!

Haqqın dərgahına yol uzaq olur,
Çatmasa yolçu yox, yol yazıq olur.
Göylərə ulayan yalquzaq olur,
Xaqani, qapı var, döyəm bu gecə?!
1999


KÖNLÜMƏ
Sanırsan ki, gözəllikdən küsübdü...
Gül ilə tutursan dilə könlümü.
Kərəm Ərzurumda borana saldı,
Sara Arpaçayda selə könlümü.

Sərtlikdə zəriflik - fikrin yarğanı!
Bu yarğanda neçə arzu doğranır...
Bənövşə - yastığı,nərgiz - yorğanı,
Lalənin ovcunda bələ könlümü!

Qismətim olmadı ağacdan çətir,
Şeiri yazıram, kül olur sətir.
Buzdan kar aşmadı, bir sal duz gətir!
Ərit göz yaşında, çilə könlümə!

Hansı bənövşəni şoran gözləyir...
Sanma Xaqanini aran gözləyir!
Dəlidağda dəli boran gözləyir,
Gül balam, öyrətmə gülə könlümü!

***
Allah Böyük, nə gəzirik diz üstə?!
Bizə Kitab yolladı ki, söz üstdə.
Oxumadıq, öpüb qoyduq göz üstə!
Dünya eşqin salamını almadı...

Adili zorluya "hörmət" edirsə,
Kimsə divarlarla söhbət edirsə,
Dünyada bircə şəxs nifrət edirsə,
Dünya eşqin salamını almayıb.

Şimşək qılınclardan ağrıdı, küsdü,
Qışın sazağında titrədi, əsdi.
Gözlərdən su aldı, günəşdən isti!
Dünya eşqin salamını almadı...

Bu gün də silahı, yarağı varsa,
Dənizdən Ögeyi, qırağı varsa,
Səhraların qısır qurağı varsa,
Dünya eşqin salamını almayıb.

Yalanın bürüncək donun alacaq!
Günahsızın nahaq qanın alacaq!
Allah bu dünyanın canın alacaq,
Dünya eşqin salamını almasa!


SƏNİ SEVMƏYƏ
Güldüm Ayın çırağına!
Getdim zülmət qırağına.
Boynum keçdi orağına...
Qoymadı səni sevməyə.

Şahidim Ay da susanda,
Haqqı öldürmək asandı!
Usandın, eşqdən usandın,
Qıymadın səni sevməyə. 

Çox kövrəksən ağı kimi,
Bənəvşə calağı kimi.
Səhranın bulağı kimi
Doymadım səni sevməyə.

***
Balan bitdi bu yollarda,
Arzular bitmədi, ana.
Yol özü də sona qədər
Mənimlə getmədi, ana.

Dərd şairlərin təbidi,
Dərd yaraların həbidi,
Dərd balanda təbiidi
Sevincsə, əkmədi, ana.

Nə yolu ayağa salın,
Nə də tac tək başa alın.
Balanın ayağı yalın,
Döngələr çəkmədi, ana.


İLHAM QƏHRƏMANA
Eşitdim İlham Qəhrəman
baş alıb Murova gedir.
Düşmən marığa yatıbdı,
Əldə qələm ova gedir!
Suyu ağ, özü Göygöldü,
Göyün evidi - göygildi.
Güneydən bizə göy güldü,
Quzeylər qırova gedir...
Xəqani də gedir, çatmır,
Yağını, ya özün atmır.
At ölüb, çarxı fırlatmır,
Yoxuşa araba gedir?!
 
21.10.2016 13:16:23
Oxuma sayı: 2752