Nazirlik ünvanlı sosial yardım sistemini gözdən salmağa cəhd edənlərə cavab verdi
Ölçü:


Azərbaycanda ünvanlı dövlət sosial yardımı sisteminin avtomatlaşdırılmış infrastrukturunun yaradılması, beləliklə, aztəminatı ailələrin sosial yardım proqramından heç bir məmura müraciət etmədən, şəffaf şəkildə faydalanmalarına imkan verən bir sistemin qurulması ölkəmizdə son illərdə innovativ texnologiyaların tətbiqi sahəsində əldə olunan mühüm nailiyyətlərdən biridir. Bu gün əmək və sosial müdafiə sahələri üzrə digər avtomatlaşdırılmış sistemlər kimi, bu elektron sistem də idarəetmə və xidmətlər sahəsində mütərəqqi elektron təcrübə kimi dünyada təbliğ olunur.

Koordinat.az
xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev deyib. Onun sözlərinə görə, bəzi ekspertlər əhaliyə müasir və şəffaf xidmətlər sisteminin formalaşmasına səbəb olan bu qabaqcıl təcrübə nümunəsini gözdən salmağa, sistemin mahiyyətini qəsdən təhrif etməyə yönələn iddialar sərgiləyirlər: "Bu iddialardan biri mövcud sistemin sosial yardım almaq istəyən aztəminatı ailələr üçün guya maneə yaratması ilə bağlıdır. Heç bir əsası olmayan bu iddia ilə əlaqədar bildiririk ki, 2016-cı il fevral ayının 15-dən tətbiq olunan Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi (VEMTAS) vasitəsilə cari ilin mart-sentyabr aylarında avtomatlaşdırılmış qaydada 30 084 ailəyə (121 508 nəfər ailə üzvü) ünvanlı dövlət sosial yardımı təyin olunub. Bu gün ölkədə 135 762 ailə (583,8 min nəfər ailə üzvü), ünvanlı dövlət sosial yardımı ilə təmin olunur. Belə olan halda yeni sistemin sosial yardım almaq istəyən aztəminatı ailələr üçün guya maneə yaratdığını necə iddia etmək olar?”.

Şöbə müdiri əlavə edib ki, ailələri təmsil edən vətəndaşlar əvvəllər kağız üzərində rəsmi müraciət edilməsi üçün ayrı-ayrı qurumlara müraciət edərək müxtəlif sənədlər toplamalı, bundan sonra həmin sənədləri müvafiq qurumların əməkdaşlarına təqdim etməli olurdular. VEMTAS vətəndaşları bu çətinliklərdən azad edib, çünki həmin şəxslər indi sadəcə olaraq  “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” e-xidməti vasitəsilə yalnız “Ərizə-bəyannamə”ni elektron qaydada dolduraraq sistemə daxil etməklə kifayətlənirlər: “Bununla belə, “Ünvanlı sosial yardım almaqla bağlı xeyli sənəd tələb olunur”, “tələb olunan sənədlərin sayının xeyli çoxalması” və s. kimi iddiaların ortaya atılması hansı əsasa söykənir? Vətəndaşın ailəsinin tərkibi, gəlirləri, əmlakı barədə sistemə məlumatlar daxil etməsi prosedurunu xeyli sayda sənədin tələb olunması kimi ifadə etmək nə dərəcədə düzgün yanaşmadır?”.

Elman Babayevin vurğulayıb ki, vətəndaşların elektron şəkildə müraciət zamanı ailələrinin tərkibi, gəlirləri, əmlakı barədə sistemə daxil etdikləri məlumatlar elektron qaydada aidiyyəti qurumların informasiya  bazalarında olan məlumatlar əsasında yoxlanılır. Əgər sistem vətəndaşın daxil etdiyi məlumatların qeyri-düzgün olduğunu aşkar edərsə, yardımın təyin olunmasından imtina qərarı verir. Bu qərarın verilməsinin səbəbi (yəni vətəndaşın səhv, qeyri-düzgün məlumat təqdim etdiyi) də  sistemin vətəndaşa göndərdiyi elektron məlumatda göstərilir: “Ona görə də kimsə yardım üçün elektron qaydada müraciət edərkən sistemə səhv, yanlış məlumat daxil edirsə və bu məlumatın qeyri-düzgün olması səbəbindən ona imtina qərarı göndərilirsə, bunu sistemin günahı kimi qəbul etmək, guya sosial yardımın alınması üçün əngəl yaratması kimi yozmaq diletant yanaşmadan başqa bir şey deyildir. Təəssüf ki, bir sıra vətəndaşlar ünvanlı dövlət sosial yardımının alınması üçün elektron qaydada müraciət edərkən ailələrinin tərkibi, gəlirləri, əmlakı barədə səhv, qeyri-düzgün məlumatlar təqdim edir, bu səhv, qeyri-düzgün məlumatlara görə yardım təyin edilməsindən sistem avtomatlaşdırılmış qaydada imtina qərarı verdikdə isə əsassız yerə bundan narazı qalırlar. Halbuki həmin şəxslər bilməlidirlər ki, bu elektron sistem mükəmməl proqram təminatı əsasında qurulub və ona hansısa formada kiminsə müdaxilə etməsi mümkün deyildir.  Eyni zamanda, əgər vətəndaşın adına bir neçə mobil nömrə vardırsa, o bu barədə də məlumatı doğru-düzgün şəkildə qeyd etməlidir. Çünki sistem tərəfindən ailə üzvlərinin xərcləri müəyyən olunakən onların mobil telefonları ilə bağlı xərcləri də nəzərə alınır. Vətəndaş adına bir neçə mobil nömrə olduğu halda, onlardan yalnız birini qeyd edirsə, o artıq sistemə qeyri-düzgün məlumat daxil etmiş olur və bu da sistem tərəfindən dərhal aşkar edilir. Ona görə də vətəndaş istifadə etmədiyi, lakin adına olan nömrəni adından çıxarmalıdır”.

Şöbə müdiri bildirib ki, ünvanlı dövlət sosial yardımının alınması üçün elektron qaydada müraciət edən ailələrin kommunal ödənişlərinin məbləği ilə bağlı limitin müəyyən olunması da əslində ailənin xərclərinin müəyyən olunması vasitəsilə onun real yaşayış səviyyəsini, gəlirlərini müəyyənləşdirməyə imkan yaradır: “Guya bir çox hallarda hansı səbəbə görə onlara yardım təyin edilməsindən imtina edildiyi barədə məlumatın vətəndaşlardan gizlin saxlanılması barədə iddialar da tamamilə yalan və əsassızdır. Bir daha qeyd edirik ki, avtomatlaşdırılmış sistem tərəfindən hansısa ailəyə sosial yardımın təyin edilməsindən imtina qərarı verilirsə, bu barədə ailəni təmsil edən şəxsə göndərilən elektron məlumatda imtinanın səbəbləri aydın şəkildə ifadə olunur”.

Elman Babayev deyib ki, informasiya texnologiyalarından anlayışı olmayan şəxslərin yardımın alınması üçün hansısa məmura müraciət etməli olduqları, məmurların da vətəndaşlara yardımın 2 ayının özlərinə götürülməsi şərtilə hansısa xidmət göstərmələri barədə yazıda əksini tapan fikirlər də dezinformasiyadan başqa bir şey deyil: “Heç bir əsası olmayan bu fikirlərə cavab olaraq qeyd edim ki,  ünvanlı dövlət sosial yardımı sistemi bütünlüklə avtomatlaşdırılmış sistemdir. Burada yardım üçün edilən müraciətə baxılması və yardımın təyin olunub-olunmaması barədə qərar qəbulu prosesində nəinki məmur, ümumiyyətlə insan faktoru iştirak etmir. Elektron formada müraciət etməkdə çətinlik çəkən və ya bunun üçün müvafiq internet avadanlıqları olmayan vətəndaşlar üçün poçt şöbələrində müraciət etmək üçün lazımi şərait yaradılıb”.

Nazirlik rəsmisi aztəminatlı ailələrin reabilitasiyası, onlara iş imkanlarının yaradılması barədə yazıda ifadə olunan fikirlərlə bağlı isə diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” 7 aprel 2016-cı il tarixli Sərəncamına əsasən, hazırda işsiz və işaxtaran vətəndaşların  özünüməşğulluğunun təmin olunması proqramı icra olunur. Bu proqram aztəminatlı ailələrin kiçik ailə təsərrüfatlarının yaradılmasına, onların biznes imkanlarına yiyələnmələrinə, öz gəlirlərini artırmalarına şərait yaradır. 1500 ailənin  özünüməşğulluq proqramlarına cəlb olunmasına imkan verən bu proqramın növbəti illərdə daha da genişləndirilməsi təmin olunacaq. Lakin bir cəhəti nəzərə almaq lazımdır ki, insanlar öz ailə bizneslərinə başlamamışdan öncə bu biznesi necə idarə etməyi öyrənməlidirlər ki, dövlət tərəfindən onlara veriləcək vəsaiti səmərəli istifadə edə bilsinlər. Məhz hazırda da ölkənin bütün regionlarında ƏƏSMN tərəfindən belə ailələr üçün 2 aylıq kurslar həyata keçirilir və bu kursları uğurla başa vuranlara öz bizneslərini başlamaq üçün müvafiq maddi-texniki baza yaradılacaqdır.

Elman babayev bildirib ki, ölkəmizdə ünvanlı dövlət sosial yardımı üçün elektron müraciət sisteminin tətbiqi, sosial yardım almaq hüquqlarına elektron qaydada baxılaraq şəffaf şəkildə qərar verilməsi ilk vaxtlardan ictimaiyyət tərəfindən təqdir olunur. Onun sözlərinə görə, nazirliyə və müxtəlif instansiyalara ünvanlanan çoxsaylı müraciətlərdə də ünvanlı dövlət sosial yardımlarının avtomatlaşdırılmasından vətəndaş məmnunluğu ifadə edilir: "Belə olan təqdirdə bəzi saytlarda əsassız fikirlərə istinad edərək həmin sistemi cəmiyyətin gözündən salmağa cəhd göstərilməsi başadüşülən deyil, ən azından təxribata bərabərdir”.


 
19.10.2016 12:02:17
Oxuma sayı: 956