Binəqədinin icra başçısı prokurorla qarşı-qarşıya - maraqlar zeytun bağında toqquşdu
Ölçü:


Bakının 6-cı mikrorayon ərazisində yerləşən zeytun bağının bir hissəsi məhv edilib və həmin ərazidə tikinti işləri aparılır.

Koordinat.az xəbər verir ki, yayılan məlumatlara görə, Heydər məscidinin yaxınlığında zeytun bağının bir hissəsinin məhv edilərək, yerində tikinti işlərinə başlanılması prosesinin arxasında birbaşa olaraq Binəqədinin icra başçısı Xaləddin İsgəndərov dayanır. Məhz icra başçısının birbaşa tapşırığı ilə əraziyə ağır texnika yeridilərək ağaclar məhv edilib, ərazidə tikinti işlərinə başlanılıb. Məsələ ictimailəşməsindən sonra müvafiq qurumlardan sərt reaksiyalar verilib. Zeytun bağında tikinti işlərinin dərhal dayandırılması ilə bağlı göstəriş gəlib. Binəqədi rayon prokuroru Nazim İmanov əraziyə tabeliyində olan işçilərini göndərərək, tikintinin dayandırılmasına çalışıb. Amma prokurorun bu istəyi icra başçısı Xaləddin İsgəndərovun müdaxiləsindən sonra nəticəsiz qalıb. Sayt yazır ki, Xaləddin İsgəndərov ondan tikintini dayandırmaq tələb edən prokurorla sərt şəkildə mübahisə edib. Bəzi saytlarda hətta icra başçısı ilə prokurorun əlbəyaxa olması ilə bağlı başlıqlar da yer alıb. Gələn məlumatlara görə, hazırda zeytun bağının məhv edilən hissəsində tikinti işləri davam etdirilməkdədir.

İllərdir ki, Xaləddin İsgəndərovun Binəqədidə yaşıllıqları məhv etməsi ilə bağlı mətbuatda xəbərlər yayılır. İcra başçısının bir dəstə “qoçu” saxladığı, onların vasitəsi ilə istədiyi ərazini ələ keçirərək satışa çıxardığı deyilir. Bildirilir ki, heç bir qanun və hüquq tanımayan başçının “qoçu” dəstəsi istədiyi şəxsin evini sökür, istədiyi adama tikinti üçün icazə verir. Dəstə birbaşa Binəqədi rayon İcra Hakimiyyətinin başçısına tabedir və hər gün də gördükdəri “işlər”lə bağlı başçıya birbaşa məlumat verirlər.

Daxil olan şikayətdə bildirilir ki, mütəşəkkil dəstəyə Orxan, Nicat, Zaur, Ramin, Fuad, Arif və başqa bir neçə nəfər daxildir. Həmin dəstəyə isə Xaləddin İsgəndərovun ailə sürücüsünün oğlu Orxan adlı şəxs başçılıq edir. Belə ki, dəstə Binəqədi rayonunda tikinti işlərinə bütün nəzarəti həyata keçirir. Binəqədidə heç kim Orxanın qeyri-rəsmi razılığı olmadan daşı-daş üstünə qoya bilməz. Orxan və dəstəsi açıq şəkildə Binəqədi rayonunun ərazisindəki qəsəbə və kəndlərdə qanunsuz hərəkətlərini davam etdirməkdədirlər. Bir müddət əvvəl mətbuatda yayılan xəbərlərdə hətta icra başçısının qeyri-rəsmi tikinti icazələrinin qiymətləri də yazılmışdı. Qeyd olunurdu ki, “qoçu” dəstəsinə 1 mərtəbəli ev üçün 10 min manat, 2 mərtəbəli ev üçün 20 min manat, mansard üçün 5 min manat “şirinlik” vermək lazımdır. Dəstə üzvlərindən Orxan, Nicat adlı şəxslərin Biləcəri icra nüaməyəndəliyində, Arif və Fuadın Binəqədi kənd icra nümayəndəliyində formal olaraq işlədikləri də bildirilir. Orxan adlı şəxsin istifadəsində Az 99 HH 434 nömrəli “Niva” markalı avtomobili ilə gün ərzində öz dəstəsi ilə rayon ərazisini gəzərək tikinti aparan şəxslərin işini dayandıraraq “hesab” almamış əl çəkmir.

İcra başçısı Xaləddin İsgəndərovun yaxın qohumu olan sabiq vergilər naziri Fazil Məmmədova arxalanaraq etdiyi qanunsuzluqların qarşısının alınmasının zamanıdır.

Yayılan məlumatları dəqiqləşdirmək üçün Binəqədi Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Lakin sorğumuza cavab verən olmadı.
18.12.2017 21:43:00
Oxuma sayı: 1043